"Ermənilər "zombi" deyəndə bizi nəzərdə tuturdular" - VİDEO


Abdullayev Xəyal Yaşar oğlu Vətən Müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Bir sıra uğurlu əməliyyatlarda iştirak edərək, 3 dəfə yaralanıb.

Yeniavaz.com xəbər verir ki, "report"un əməkdaşları Vətən müharibəsi qazisi Xəyal Abdullayevin yaşadığı evə baş çəkib, döyüşçü ilə həmsöhbət olublar.

Xəyal Abdullayev deyir ki, döyüşlərə Füzuli istiqamətindən qatılıb: "Səbrsizliklə döyüş əmrini gözləyirdik və ayın 27-də (27.09.2020 red.) o müqəddəs an gəlib çatdı. Mən döyüşə başlayan zaman bircə Allaha yalvarırdım ki, torpaqlarımız azad olana qədər şəhid olmayım. Düşmənin hərbçiləri inanmırdılar ki, biz min bir tələsi və hiyləsi olan o səddləri aşıb erməni səngərlərinə girə bilərik. Amma biz onların üstünə sürətlə şığıyırdıq. Elə oldu ki, Fizuli istiqamətində ağır döyüşlər zamanı ayağımdan möhkəm zərbə dəydi və məni yerə çırpdı. Nə baş verdiyini anlamadım. Ayağa qalxmaq istəyəndə gördüm ayağım yarılıb, qan axır. Əhəmiyyət vermədim ayağa durub axsıya-axsıya düşmənin üzərinə gedirdim, bu dəfə sol çiynimdəm yaralandım. Yenə ayağa qalxıb ermənilərin üstünə getdim. 3-cü dəfə isə snayper başımdan vurdu gülləni. Ondan sonra huşumu itirmişəm. Əgər huşumu itirməsəydim yenə də qalxıb düşmənlə son qanıma qədər döyüşəcəkdim. Bunu təkcə mən eləmirdim, döyüşdə iştirak edən bütün igid oğullarımız belə idi. Erməni başımızdan vurmasaydı mümkün deyildi, yaralı-yaralı, qanlı qanlı üstlərinə gedirik. Ona görə ermənilər deyirdilər ki, Azərbaycan əsgərləri zombi kimi üstümüzə gəlirdilər. Onlar "zombi deyəndə bizi nəzərdə tuturdular".

X.Abdullayev deyir ki, başından güllə yarası aldığı üçün yaddaşını danışma, eşitmə qabiliyyətini və yaddaşını itirib: "Hospitalda müalicə olunub, evə gəldim. Ancaq danışa bilmirdim, kimsə danışanda onu eşitmirdim., bir yandan da yaddaşım pozulmuşdu. YAŞAT fondunun dəstəyi ilə Türkiyədə müalicə aldım. Çox sağ olsunlar, hazırda özümü yaxşı hiss edirəm".

Qazinin atası Yaşar Abdullayev oğlunun müalicəsinə dəstək olduqları üçün Ali Baş Komandan İlham Əliyevə və YAŞAT fonduna təşəkkür edib.

Qeyd edək ki, Abdullayev Xəyal Yaşar oğlu 1996-ci il avqustun 28-i Cəlilabad rayonunun Güneyli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2015-ci ildə həqiqi hərbi xidmətə yola düşüb. 2016-ci ildə əsgər kimi Aprel döyüşlərində iştirak edib. O, yenidən 2019-cu ildə Müddətli Həqiqi Hərbi Xidmətə başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top