"İlk olaraq, azarkeşlərimizdən başlamaq istəyirəm. Hamımız buna çox sevinirik. Bu qərarı eşidəndən sonra komandada əhval-ruhiyyə həddindən artıq yuxarıdır. İnanıram ki, yaxın gələcəkdə hər şey qaydasına düşər, 50 yox, 100 faiz azarkeşə icazə verilər. Hamımız onlar üçün darıxmışıq".
Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi yutub kanalına açıqlamasında azarkeşlərin avrokubok matçlarına buraxılması ilə bağlı qərarı şərh edərkən deyib.
49 yaşlı mütəxəssis bildirib ki, futbolçular Bakıda İsrailin "Aşdod" klubuna qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda tam fərqli məsuliyyət hiss edəcəklər: "Avropa çempionatı da göstərdi ki, azarkeşsiz futbol futbola bənzəmir. Oyunçuların istəyi, məsuliyyəti azarkeşlərə görə birə-beş artır. Ona görə də bu xəbəri eşitməyimə çox şadam. İnanıram ki, yenidən güclü kollektiv olacağıq. Futbolumuz azarkeşlərimizlə birlikdə yaxşı səviyyəyə qalxa bilər".
Avstriya toplanışındakı ikinci yoxlama matçında Rusiyanın "Arsenal" (Tula) komandasına 0:1 hesablı məğlubiyyətə də toxunan Qurbanov düşündüyündən fərqli oyun alındığını söyləyib: "Çox istərdim ki, ilk "11-lik" üzvləri bu gün 90 dəqiqə meydanda olsunlar. Amma müəyyən səbəblərdən bəzi futbolçuları planlaşdırdığımızdan tez əvəzlədik. Düzdür, hər oyuna qələbə üçün çıxırıq. Oyunçuları da buna uyğun motivasiya edirik. Lakin hər bir halda belə matçlarda futbolçuların hazırlığını da düşünürük".
Təcrübəli baş məşqçi bir neçə epizodu çıxmaq şərtilə, oyunçularından razı qaldığını vurğulayıb: "İnanıram ki, işlərimiz düşündüyümüz kimi gedir. Futbolçularımızın hazırlığı sonda daha yaxşı olmalıdır. Belədə son matçda tam düşündüyümüz oyunu sərgiləməyə çalışacağıq".
Qeyd edək ki, Azərbaycan klublarının avrokubok oyunlarında tribunalara stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeş buraxılacaq. / Report