Şəhidin həyat yoldaşı: “Gecə saat 3-də təkcə şəhidlər xiyabanına gedərək, xəbəri ona çatdırdım...” - FOTOLAR


Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir.
Aprel döyüşləri nəticəsində  Azərbaycan Silahlı Qüvvələri 2000 hektarlıq ərazini azad etmişdir. Biz bir daha əmin olduq ki, ordumuz Ali Baş Komandanın əmri ilə bütün torpaqlarımızı qısa müddətdə işğaldan azad etmək qüdrətindədir. Belə də oldu. Həmin döyüşlərdə qələbə qazanmaqla yanaşı, biz şəhidlər də verdik.  O döyüşlər zamanı Mingəçevirin 4  mərd, igid oğlu ən uca zirvəyə – şəhidlik zirvəsinə ucaldı. Bu gün igid, mərd oğullarımızın yoxluğundan bizləri 5 il ayırır. İllər ötsə belə onlar bizim qəlbimizdə ən ülvi hisslərlə yad edilirlər. Aprel döyüşlərində ölümsüzlüyə qovuşan igidlərdən biri də Azərbaycan Silahlı Qüvəllərinin giziri, tankçı, 18 il hərbidə fasiləsiz xidmət göstərmiş Rahim Qara  oğlu Tağıyevdir. Qeyd edək ki, Rahim Tağıyev 10 noyabr 1979-cu ildə Şəki şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1998-ci ildə hərbi xidmətə yollanmış, 1999-cu ildə xidmət etdiyi hərbi hissədən gizirlər məktəbinə göndərilmişdir. Məktəbi tankçı ixtisası ilə bitirmiş, daha sonra hərbi hissədə vəzifəsinə başlayaraq tank komandiri vəzifəsinə qədər yüksəlmişdir. Qüsursuz xidməti dövründə hərbi komandanlıq tərəfindən dəfələrlə fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir. Ölümündən sonra isə III-dərəcəli  “Hərbi xidmətdə fərqlənməyə görə”, II-III dərəcəli  “Qüsursuz xidmətə görə”, müxtəlif illərdə yubiley medalları ilə təltif edilmişdir.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbacan və Ermənistan Silahlı Qüvvələrinin  bölmələri arasında cəbhənin Tərtər  və Cəbrayıl-Füzuli  istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə “Aprel döyüşləri”  olaraq yazılan hərbi əməliyyatlar zamanı Rahim, Tərtər rayonunun Talış kəndi  istiqamətində döyüşlərdə vuruşdu. Həmin döyüşlərdə başından qəlpə yarası alan Rahim Tağıyev paytaxtda  yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında koma vəziyyətində oldu. Üç dəfə cərrahi əməliyyat olunan Rahim Tağıyev komaya düşdükdən 3 ay 7 gün sonra, 10 iyul 2016-cı ildə müalicə aldığı xəstəxanada şəhid oldu.
Elə həmin gün, iyulun 10-u Rahim Tağıyev Mingəçevir şəhərində , Şəhidlər Xiyabanında son mənzilə yola salındı.
Allah rəhmət eləsin!
Yeniavaz.com xəbər verir ki, bu gün şəhidin ailəsini Mingəçevir  Şəhər İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Qarabağ müharibəsi veternı Sahib Əliyev və ehtiyatda olan zabit Seymur Hidayətov ziyarət ediblər. Sahib Əliyev əvvəlcə şəhid ailəsinə icra başçısı İlham İsmayılovun salamlarını çatdırıb, şəhidə Allahdan rəhmət diləyib. Daha sonra qeyd edib ki, Aprel döyüşləri Azərbaycan xalqının və ordusunun tarixi ərazilərimiz olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə yanaşı, bütün dünyaya sübut etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan 44 günlük şanlı Vətən müharibəsində böyük qələbəyə gedən yolda mühüm əhəmiyyət daşıdı.
Şəhidin həyat yoldaşı Vüsalə xanım  hərbiçi həyat yoldaşı olmaq böyük fədakarlıq tələb edir dedi:
“ Heç ağlıma gəlməzdi ki, mən 3 uşağı Rahimsiz tək başına böyüdəcəyəm. Bir ailə olaraq böyük arzularımız vardı. Rahim övladlarını gələcəkdə ali təhsilli ,vətənpərvər övlad kimi görmək istəyirdi. Bir də həmişə deyirdi ki, Şuşanın azad olunduğu günü çox görmək istəyirəm. Bu xəbəri Şuşa azad olunanda gecə saat 3-də tək başıma şəhidlər xiyabanına gedərək ona çatdırdım. İnanırsınız, necə rahatlıq tapdım. Bu gün mən çalışıram ki, onun yarım qalan arzularını da həyata keçirim. Buna görə mənə dəstək olan dövlətimizə, Heydər Əliyev Fonduna, “Zəfər” şəhid ailələri birliyinə ,icra hakimiyyətinə öz təşəkkürümü bildirirəm. Qızım artıq Gəncə Dövlət Universitetinin  ikinci kurs tələbəsidir, oğlum Nihad 11-ci sinfə keçdi, Nicat isə 7-ci sinfə keçib. İnşallah, övladlarım təhsillərini başa vurub cəmiyyətimizə xeyirli övlad kimi yetişərlər. Atalarının ruhu şaddır ki, övladları ona layiq böyüyürlər”.
Şəhidlik zirvəsinə ucalıb adını tarixə yazdıran, ölümsüzlüyə qovuşan  Rahim kimi şəhidlərin  xatirəsi Mingəçevirdə hər zaman əziz tutulur. Şəhər rəhbərliyi tərəfindən şəhidimizin ailəsi daim diqqət mərkəzində saxlanılır, igid vətən oğlunun doğum və anım günlərində məzarı və ailəsi ziyarət edilir.



Esmira  Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top