Rusiyanın ən varlı dövlət məmurlarının SİYAHISIAralarında Ramzan Kadırov da var…


Koronavirus pandemiyasına və bunun səbəb olduğu böhrana baxmayaraq 2020-ci ildə Rusiyanın ən varlı 100 dövlət məmuru və millət vəkilinin gəlirləri artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat məşhur “Forbes” jurnalının Rusiya nəşrinin hazırladığı hesabatda yer alıb.
Hesabatda bildirilir ki, Rusiyanın 100 ən varlı məmurlarının ümumi gəliri 2019-cu ildəki 65,8 milyard rubldan (877 milyon dollar) 2020-ci ildə 75,9 milyard rubla (1 milyard dollar) yüksəlib
“Forbes”in açıqlanan rəsmi gəlir bəyannamələrinə istinadən apardığı hesablama göstərir ki,  Rusiyanın ən varlı məmuru Çelyabinsk vilayətinin deputatı Konstantin Strukov olub. Strukovun təqdim etdiyi bəyannaməyə görə, 2020-ci ildə onun və ailəsinin ümumi gəliri 8,6 milyard rubldan (114 milyon dollar) çox olub.
Siyahıda ikinci yerdə Kamçatka bölgəsinin deputatı İqor Yevtuşok qərarlaşıb. Yevtuşokun gəlirləri  7,7 milyard rubl (102 milyon dollar) olub.
Ən varlı 100 məmur və deputatların siyahısında ilk 12 yerdə qərarlaşanlar deputatlar olub. 13-cü sırada isə Başqırdıstanın baş naziri Andrey Nazarov yer alıb. Baş nazirin son bir ildəki gəlirləri 1,3 milyard rubl (17 milyon dollar) olub.
Çeçenistan prezidenti Ramzan Kadırov siyahıda 36-cı sırada yer alıb. Açıqlanan rəsmi məlumatlara görə, Ramzan Kadırovun 2020-ci ildəki gəlirləri 383 milyon rubl (5,1 milyon dollar) təşkil edib.
Rusiyanın ən varlı 100 məmur və deputatının siyahısına 3 nazir də yer alıb.
Sənaye və ticarət naziri Denis Manturov Rusiyanın ən varlı məmurları arasında 19-cu sırda yer alıb. Manturovun 2020-ci ildəki gəlirləri 754 milyon rubl (10 milyon dollar) olub. Siyahıda 34-cü sırada olan Nəqliyyat naziri Vitali Savelyevin son bir ildəki gəliri 395 milyon rubl (5,2 milyon dollar), 74-cü sırada olan Energetika naziri Nikol Şulqinovun son bir ildəki gəlirləri isə 206 milyon rubl (2,7 milyon dollar) olub.  
Siyahıda Rusiya baş nazirinin müavinləri Tatyana Qalikova (42-ci yer – 310 milyon rubl) və Dmitri Çernışenko (75-ci yer - 202 milyon rubl) da yer alıb.
Rusiyanın ən varlı məmurları arasında president Vladimir Putinin adı olmasa da, onun mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun adı siyahıda yer alıb. 59-cu sırada qərarlaşan Peskovun son bir ildəki gəliri 225 milyon rubl (3 milyon dollar) olub.
 

DİGƏR XƏBƏRLƏR

Top