Qurban kəsiləcək heyvan necə olmalıdır?


İslama görə, kəsiləcək qurbanlıq heyvanın məqbul hesab edilməsi üçün həm heyvanda, həm də kəsilməsində bəzi şərtlərin olması lazımdır.

Yeniavaz.com xəbər verir ki, bu şərtlər aşağıdakılardır:
1. İslama görə, qurban kəsilməsi məqbul hesab edilən heyvanlar qoyun, keçi, dəvə, inək (dana), camış və bu cinsdən olan heyvanlar olmalıdır. Bu heyvanların erkək və dişi olması arasında hər hansı fərq yoxdur, ancaq dişi heyvanın yelinli olma ehtimalı və nəsil artırması nəzərə alınaraq erkəyin kəsilməsi məqsədəuyğun sayılır. Toyuq, qaz, ördək, dəvəquşu, ceyran kimi heyvanlardan qurban kəsmək olmaz. Qoyun və keçini yalnız bir nəfər, yəni bir pay olaraq, inək (dana), camış və dəvəni isə yeddi nəfər ortaq olaraq kəsə bilər.
Qoyun və keçi cinsindən olan heyvanlar bir yaşına çatdıqdan sonra qurban kəsilə bilər. Bəzi fəqihlərə görə, altı ayını keçmək şərtiylə yaxşı bəslənmiş və görünüş olaraq bir yaşındakılarla eyni olan qoyunları da qurban kəsmək olar. Dana və camış iki yaşını, dəvə isə beş yaşını tamamladıqdan sonra qurban kəsilə bilər.
2. Kəsiləcək heyvanda qurban olmasına mane qüsurlar olmamalıdır. Qurbanlıq heyvanın sağlam, yaxşı bəslənmiş və zəif olmaması ibadətin qayə və məqsədinə daha uyğundur. Şikəst və ya topal, xəstə, həddindən artıq zəif, bir və ya iki gözü kor, qulaqları və buynuzları kökündən kəsilmiş, dilində kəsik olan, dişlərinin hamısı və ya çoxu tökülmüş, quyruğu və döşləri kəsilmiş heyvanları qurban kəsmək olmaz. Ancaq heyvanın doğuşdan etibarən buynuzu yoxdursa, gözləri çəpdirsə, yaxud qulağında yırtıq və ya deşik varsa, bunlar qurban kəsilmələri üçün mane deyil.
3. Qurbanın səhih və məqbul olması üçün müəyyən gün və vaxt içərisində kəsilməsi lazımdır. Qurbanı qurban bayramının ilk üç günü, yəni hicri təqvimlə Zilhiccə ayının 10, 11 və 12-ci günlərində bayram namazını qıldıqdan sonra 3-cü günün axşamına kimi kəsmək olar. Bəzi fəqihlərə görə isə bu müddət Qurban bayramının 4-cü günü axşama qədərdir. Kəsiləcək heyvanın çox olması ilə əlaqədar qurbanlıqlar 3-cü ya da 4-cü gündə də kəsilə bilər. Ancaq heyvan azdırsa, yaxud bir heyvan kəsiləcəksə, Qurban bayramının 1-ci günü kəsmək daha fəzilətlidir. Bayram namazının qılınmadığı yerlərdə isə səhər namazının vaxtından etibarən qurban kəsməyə başlamaq olar. Bəzi fəqihlər işıqlandırmanı təmin etmənin mümkün olmadığı, həmçinin gecə saatlarında iş görmənin yol açacağı bu və ya digər sıxıntı və çətinlikləri nəzərə alaraq kəsim işinin gecə deyil, gündüz saatlarına salınmasını daha məqsədə uyğundur hesab etmişlər. Ancaq işıqlandırma və gecə vaxtı heyvan kəsimi ilə bağlı maddi-texniki təchizat varsa, Qurban bayramı günlərində gecə saatlarında da qurban kəsmək olar.
4. Qurbanlıq heyvan məhz ibadət niyyəti və ibadət məqsədilə kəsilməlidir. Quranda kəsilən heyvanların əti və qanı deyil, müsəlmanın niyyəti və təqvasının Allaha (c.c) çatacağı xəbər verilmişdir (Həcc, 22/37). Qurban ibadətini ilin digər günlərində kəsilən heyvanlardan fərqli edən də məhz bu məqamdır. Əsas olan qəlbin o əməli niyyət etməsidir. Qəlbdə niyyət olduqdan sonra dillə onun ifadə edilib-edilməməsi çox əhəmiyyət daşımır. Qurban ibadətində (həmçinin digər ibadətlərdə) niyyət bu qədər vacib bir məsələ olduğuna görə, Hənəfi məzhəbinə mənsub alimlər niyyətin vacibliyindən yola çıxaraq dana, camış, dəvə kimi böyük baş heyvanı ortaq şəkildə qurban kəsənlərin hamısının ibadət niyyəti ilə buna qoşulmalarını şərt qoşurlar. Bu görüşə görə, ortaqlardan biri sadəcə ət əldə etmək niyyəti ilə burada iştirak edirsə, digərlərinin qurbanı da məqbul olmaz. Şafii və Hənbəli məzhəbinə görə isə belə bir ortaqlıq, yəni pay sahiblərindən hər hansı birinin niyyətinin yalnız ət əldə etmək olması digərlərinin qurban ibadətinə (söhbət eyni heyvandan getsə də) zərər verməz.
Bir şəxs tək başına qurban kəsmək üçün aldığı böyük baş heyvana sonradan pay sahibi olaraq 6 şəxsi də qəbul edə bilər. Qurban niyyəti ilə alınan heyvan kəsilmədən əvvəl bu və ya digər səbəblə ölərsə, qurban sahibi zəngindirsə, yenidən bir qurban alıb kəsməlidir. Qurban sahibi kasıbdırsa, ikinci dəfə qurban alaraq kəsməsinə ehtiyac yoxdur. Heyvan kəsilmədən əvvəl qaçar, sahibi də ikinci dəfə qurbanlıq heyvan alar, daha sonra isə birinci heyvan tapılarsa, sahibi zəngin ya da fəqir olsa da bunlardan yalnız biri qurban olaraq kəsilməlidir. İki şəxs səhvən bir-birlərinin heyvanlarını qurban kəssələr, kəsilən hər bir qurban öz sahibinin qurbanı kimi məqbul sayılar. Bu halda hələ qurban ətləri paylanmayıbsa dəyişdirilər, yox əgər qurban ətləri artıq paylanılıbsa, haqlarını bir-birinə halal edərlər.

Nazim Mustafayev

Qeyd: Yazının hazırlanmasında “Diyanet Vakfı İlmihali” əsərindən istifadə edilmişdir.
 

DİGƏR XƏBƏRLƏR

Top