Bu rayonlarda erməni təcavüzü nəticəsində dağılan 1150 tikilinin bərpası yekunlaşdı


Vətən müharibəsi dövründə Gəncə, Goranboy və Naftalanda erməni təcavüzü nəticəsində zərər görmüş evlərin təmir-bərpa və tikinti işləri sürətlə davam edir.

Bu şəhər və rayonlarda 1150 tikilinin təmir-bərpası yekunlaşıb. Fevralda təməli qoyulan 28 evin inşası isə yekunlaşmaq üzrədir.

Gəncədə fevral ayından start götürən təmir-bərpa işləri hazırda şəhərin 3 müxtəlif istiqamətlərində aparılır. Əli Nəzmi küçəsində çoxmənzilli bina, Avtozavod qəsəbəsində və Muxtar Hacıyev küçəsində isə fərdi evlər inşa edilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti ilə Gəncədə 23 dağıdılmış fərdi yaşayış evinin və 1 qeyri-yaşayış obyektinin tikintisi davam edir. 800 tikilinin təmir-bərpası yekunlaşıb. Digərlərində isə işlər sürətlə davam etdirilir. Şəhərdə ümumilikdə 3085 zərər dəymiş tikili var.

Goranboyda isə ümumilikdə 380 zərər dəymiş tikili mövcuddur. Tapqaraqoyunlu, Səfikürd, Aşağı Ağcakənd, Qaraçinar, Qızılhacılı, Meşəli və Zeyvə kəndlərində yerləşən 350 tikilinin təmir-bərpası artıq yekunlaşıb. 5 dağıdılmış fərdi yaşayış evinin tikintisi davam edir. Bu evlərdən üçü Vətən müharibəsində daha çox zərər görmüş Tapqaraqoyunlu kəndində inşa edilir. Tikinti işləri 2, 3, 4 və 5 otaqlı evlərin nümunəvi layihəsi əsasında aparılır. Goranboyda inşa edilən evlərin bünövrəsi fevral ayında qoyulub. İşlər hava şəraitinə uyğun olaraq aparılır, həmin evlərin tikintisinin 2 aya yekunlaşdırılması nəzərdə tutulub.

Naftalan şəhərinin Qaşaltı kəndində isə 4 tikilinin təmir-bərpası yekunlaşmaq üzrədir.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Emənistanın təcavüzü nəticəsində ziyan dəymiş 11 rayon və şəhər ərazisində yenidənqurma və təmir-tikinti işlərini davam etdirir. İndiyədək ümumilikdə 6300-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə təmir-bərpa işləri, 65 fərdi yaşayış evinin isə tikintisi yekunlaşıb. (APA)

DİGƏR XƏBƏRLƏR

Top