Həbib Əlizadə və Cavid Cəfərin müəllifi olduqları məqalə Aberdin Universitetinin elmi jurnalında dərc olunub


Ə.Əliyev adına Astara rayon Qapıçıməhəllə kənd ümumi orta məktəbinin tarix müəllimi Həbib Əlizadə və Almaniyanın nüfuzlu Münster Universitetində çalışan həmyerlimiz Cavid Cəfərin müəllifi olduqları məqalə Böyük Britaniyanın ən qədim universitlərindən biri olan Aberdin Universitetinin elmi jurnalında dərc olunub.
Yeniavaz.com xəbər verir ki, məqalədə kənd məktəbində onlayn dərslərin keçirilməsindən bəhs olunur.
"Onlayn dərslərin nə olduğuna dair heç bir fikrim yox idi: Kənd məktəbinin şagirdi kimi karantini təcrübə etmək" başlıqılı məqalədə kənd məktəblərindəki şagirdlərin şəhər məktəblərindəki həmyaşıdları ilə müqayisədə bərabər təhsil almaq imkanlarının məhdudluğu, "Covid-19" pandemiyası kimi qlobal böhranlarda yeni strategiyalara ehtiyac, distant dərslərin keçilmə formaları (Teams, Zoom, Teledərs və s.) və vəziyyəti, kənd məktəblərində bütün şagirdlərin təhsil almaq imkanının təmin etməyin çətinlikləri və qlobal pandemiya səbəbindən karantinin kənd məktəbinin şagirdlərinə necə təsir etdiyini araşdırılıb.
Məqalə müəlliflərindən olan Həbib Əlizadə bildirir ki, məqalədə fərdi müsahibələr və fotoşəkillər vasitəsilə toplanan məlumatları istifadə edərək bir kənd məktəbinin şagirdlərinin həyatlarındakı yeni həqiqətləri, məsafədən tədris və öyrənmə kimi təcrübələrini necə əldə etdikləri barədə məlumatlar öyrənilib.
Məlumat üçün qeyd edək ki, Aberdin Universiteti Şotlandiyanın Aberdin şəhərində yerləşən universitetdir. Universitetin təməli 1495-ci ildə qoyulub. St. Andrews və Qlazqo Universitetindən sonra Şotlandiyada üçüncü ən qədim universitetdir. Universitet dünyada ingilis dilli 5-ci ən qədim universitetdir. Bu gün Aberdin Universiteti mərkəzləşdirilmiş tədqiqat universiteti kimi fəaliyyət göstərir və dünyanın ilk 150 universiteti arasında mövqe tutur.

DİGƏR XƏBƏRLƏR

Top