Milli Məclisin deputatı Musa Quliyev parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında deputatı olduğu Gəncə şəhərində su qıtlığı ilə əlaqədar yaranmış gərgin vəziyyətlə bağlı hökumətə müraciət edib.
Yeniavaz.com xəbər verir ki, M. Quliyev qeyd edib ki, yay fəsli yeni girsə də, Gəncədə artıq ağacların payızıdır: “Susuzluqdan yanan ağacların yarpaqları tökülür, xəzəli küçələrdən yığışdırıb qurtarmaq olmur. Körpə fidanlarla yanaşı, 100- 150 yaşı olan Gəncə çinarları da quruyub məhv olur. Bir çox məhəllələrdə evlərə gündə cəmi 2 saat su verilir. Gəncənin qədim kəhrizlərini və arxlarını sıradan çıxartdılar ki, şəhərin su- kanalizasiya sistemi yenidən qurulur.
2011- ci ildə "Azərsu" ASC-nin başladığı layihənin indiyədək cəmi 42%- i icra olunub. 200 milyon avrodan çox vəsait xərclənməsinə baxmayaraq nəticə yoxdur. Əslində nəticə var: bu qazıq-qazıq küçələr, gündə bir küçədə partlayıb dağılan keyfiyyətsiz kanalizasiya xətləri, su qıtlığı və əhalinin narazılığıdır. Ən acınacaqlı nəticə isə odur ki, həmin layihə vəsait çatışmazlığı səbəbindən bu ilin 1 yanvar tarixindən dayandırılıb. Bu, cinayətdir, xalqa və dövlətə qarşı cinayətdir.
Mən Hesablama Palatasına səslənirəm: araşdırın bu layihənin maliyyə təminatının nə qədər məqsədyönlü olduğunu, mən Respublika Prokurorluğuna müraciət edirəm, yoxlayın, bu layihə nə qədər səmərəli və keyfiyyətli icra olunub? Gəncədə yaşıllıqlar məhv olur, insanlar əziyyət çəkir.
Son 10 ildə Gəncənin ətrafındakı Cavad xan, Məhsəti, Şıxzamanlı, Natəvan qəsəbələrində 6000-ə yaxın fərdi yaşayış evləri tikilib. Heç birinin də su-kanalizasiya təchizatı yoxdur. Təcili şəkildə bu problemlər öz həllini tapmalıdır. Hal-hazırda Gəncənin su probleminin həlli üçün 30 yeni artezian quyusu qazılmasına ehtiyac olduğu halda, bu il cəmi 1 artezian quyusu qazılması nəzərdə tutulur. Mən hökumətə müraciət edirəm: cənab Baş nazir, Gəncənin su qıtlığı problemini nəzarətinizə götürün və qısa müddətdə həlli üçün müvafiq qurumlara tapşırıq verin".