
"Əslində yazmağı düşünmürdüm. Ümumiyyətlə fikirlərimi sosial şəbəkədə uzun-uzadı ifadə edən biri də deyiləm. Sadəcə bu dəfə bölüşmək qərarına gəldim. Demək belə... Məni tanıyan çox insan bilir ki, pandemiya başlayan dövrdən etibarən bu müharibənin ən ön cəbhəsində savaşmışam. İlk günlərdə infeksion işçi qrupunun üzvləri və TƏBİB sədri ilə birlikdə gecə-gündüz çalışaraq protokolu tərtib etmişik. Protokolda virusla mübarizə üçün yol xəritəsini ölkəmizə uyğun şəkildə yazmışıq. İlk brifinqlərdə çıxış edib ictimaiyyətin suallarını cavanlandırmışıq. Xalqın maarifləndirilməsi üçün elə vaxtlar olub gündə 3-4 dəfə vaxt tapıb televiziya və radiolarda çıxış etmişik və hal-hazırda da davam edirik. Sosial şəbəkələrdə bəzi cahil insanların əsassız komentlərinə baxmayaraq, doğru bildiyimiz işi yarıda buraxmadıq".
Yeniavaz.com xəbər verir ki, bunu həkim-infeksionist Vasif Əliyev sosial şəbəkədə yazıb.
Həkim qeyd edib ki, 2020-ci ilin mart ayında ilk dəfə “Yeni Klinika” açılan zaman sadəcə boş otaqlardan ibarət xəstəxana olub:
"Nə bir həkim heyəti, nə də oturuşmuş bir sistem yox idi. O zaman COVID-19-la mübarizə təcrübəsi də yox idi. Çox həkim təmasdan qaçmaq üçün heç işə belə getmirdi. Çünki hər kəs risk altında idi. Qorxu vardı. Belə bir zamanda o xəstəxanaya həkim kollektivi cəlb etmək və onları təlimatlandırmaq lazım idi. Bacarmadıqmı? Bacardıq! Xüsusən yeni bitirən, rezidentura təhsilini davam etdirən cavan, təcrübəsiz, ancaq enerji dolu həkimlərin hesabına bunu etdik. 100-dən çox həkimlə çiyin-çiyinə təcrübələrimi bölüşərək, usanmadan, vaz keçmədən, hər çətin anlarında arxasında duraraq bir həkim kimi yetişmələrinə köməklik etdim. Hal-hazırda bunun bəhrəsini hamı görməkdədir. Minlərlə insan bu kollektivin hesabına xəstəlikdən qurtuldu. Doğrudur, itkilərimiz də oldu. Amma bu bütün dünyada var. Reallıqla barışmaq ağır olsa da lazımdır.
COVID-19-un ilk dalğasında “Yeni Klinika” ilə yanaşı Tədris Terapevtik klinikaya da öz dəstəyimi göstərdim. Orada işləyən həkimlərlə bilavasitə təmas quraraq ağır xəstələrin idarə edilməsində təcrübələrimi paylaşdım. İlk modul tipli xəstəxananın açılışında Cənab Prezidentin qarşısında çıxış etmək mənə həvalə olunmuşdu. Bu işi də layiqincə yerinə yetirdik. O zamanlar xəstəliyi müalicə etmək haqda təcrübələr çox az idi. Düz 1 il əvvəl Respublikanın əməkdar artisti Bəhram Bağırzadə terapevtik klinikada ağırlaşdığına görə Gömrük Hospitalına köçürdülər. Azərbaycanda ilk dəfə COVID-19 xəstəsi EKMO cihazına qoşuldu. O zaman TƏBİB-dən xəstənin infeksion kontrolunu mənim nəzarət etməyimi istədilər. Bu qədər işin içərisində onu da üstləndik. Təcrübə azlığı və ciddi məsuliyyət altında İlk dəfə ACTEMRA və İVİG müalicəsini tətbiq etdik. Heç kimin inanmadığını xəstəxana kollektivi ilə birlikdə reallaşdırdıq. Daha sonra kolleqamız, dostumuz Cavid Paşayev də ölümün pəncəsindən qurtuldu.
İndi xəstə müalicə etmək çox asandı. Hamı COVID-19 müalicə edir. Məlumatlar daha çoxdu. Antiviral preparat – Remdesivir var. O zaman bu dərmanlar yox idi. Remdesivir və Actemra ölkəyə gətirildikdən sonra Bakıda və regionlarda bu dərmanı heç eşitməyib, istifadə qaydalarını bilməyən həkimlərə nəzarəti kim etdi bəs? Bəli mən etdim. Hər gün onlarla ambulator xəstə müayinəsi ilə yanaşı dərman təsdiqi üçün gələn zənglərə da cavab verməli, uyğun xəstə olub olmadığını bu qədər işin içində analiz edib qərar verməli idim.
Nəhayət 44 günlük müharibə dövrü. Həmkarlarından cərrah olanlar ilk gündən cəbhəyə yola düşüb tibbi xidməti orda təşkil etdilər. O zamanlar xalqımız hər 2 cəbhədə vuruşurdu. Ön cəbhədə erməni dığası ilə, arxa cəbhədə isə bitmək bilməyən COVID-19 bəlası ilə. “Yeni Klinika”nın bir tərəfində COVID-19 xəstələri, digər tərəfində isə yaralı əsgərlərimiz var idi. Əməliyyat olunmuş palatada yatan və reanimasiyada izlənən əsgərlərimizə infeksion nəzarəti də şərəf və qürür hissi ilə sevərək etdik. Eyni zamanda ön cəbhədə yaralı əsgərlərimizə tibbi yardım göstərən həkimlərimizə onlayn şəkildə infeksion tərəfdən dəstəyimizi də göstərdik.
Müharibə bitsə də, pandemiya bitmədi. Qarşıda daha ağır 2-ci dalğa bizi gözləyirdi. Amma daha təcrübəli və daha qorxusuzduq. Bunun da öhdəsindən gələcəyimizdən adımız kimi əmindik. Bəzi ağır xəstələr başqa xəstəxanalarda yatsa da, onlara da vizit atmaqdan çəkinmədik. Bunun üçün həm Mərkəzi Neftçilər xəstəxanası həm Gömrük xəstəxanasına dəfələrlə xəstə müayinə etməyə gedirdim.
Pandemiya ilə mübarizə çərçivəsində COVID-in stasionarda müalicə prinsiplərini “zoom” vasitəsilə paytaxtda və regionlarda COVID-lə işləyən həkimlərlə bölüşdük. Onlara özümün də daim güncəl bilgiləri takip edərək ən son yenilikləri çatdırdıq və bunu bir neçə dəfə təkrarladıq. Əslində saymaqla bitməz. Unudulan çox şey var. Onların hamısını bir mətnlə yazmaq yaşananlarla müqayisə belə olunmaz. Bu qədər içimdəkiləri paylaşmama səbəb nədir deyə soruşsanız cavabını deyirəm – diqqətsizlik!
1 ildən çox bu qədər işi görən bir həkim kimi Azərbaycanda bütün səhiyyə qurumlarının diqqətindən kənar qalmaq. Bu zaman içində quru bir təşəkkür belə almamaq. Nə TƏBİB, nə İcbari Tibbi Sığorta, nə də Səhiyyə Nazirliyi pandemiya dönəmində keçdiyimiz tibb bayramlarında bütün bu görülən işlərə baxmayaraq bir dəfə də olsun təşəkkür belə etmədi. Mənim kimi çox həkimlər var. Amma layiq olmadığı halda orden və medal alan həkimlərimiz də az olmadı. Bunun səbəbi çoxdur. Diqqətsizlik, hörmətsizlik, dəyər verməmək və ya iş bilməməzlik. Səbəb nə olursa olsun nəticə heç bir halda dəyişmir. Nə maddi, nə mənəvi bir qarşılıq görmədik. Amma hər bir halda adi bir təşəkkür edərək öz həkimlərinə dəyər verməklə onları motivə etmək belə bir zamanda çox önəmli idi. Əslində çox asan görünsə də, bunu bacarmadılar. Başqa nə demək olar ki…"
Tətbiqimizi yükləyə bilərsiniz