Bakıda İcarədar ilə icarəçi arasında 100 manat icarə pulu üstündə mübahisə qan axıdılması nəticələnib. 55 yaşlı Rauf Qəhrəmanov icarədarı Malik Xudiyevi dəmir parçasıyla xəsarət yetirib. Al-qan içərisində olan yaralı digər icarəçisinin köməyi ilə xəstəxanaya çatdırılıb.
Yeniavaz.com Virtualaz.org-a istinadən xəbər verir ki, indi onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsi baxır. Rauf Qəhrəmanov qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunur və onun işi üzrə ibtidai istintaq bu günlərdə tamamlanıb.
İş materiallarına əsasən Rauf Qəhrəmanov Ağdam rayon sakini Malik Xudiyevə məxsus obyektin icarə haqqını gecikdirməsi səbəbindən elektrik məişət əşyalarının təmiri sexində onunla mübahisə edib. M.Xudiyev sexdə müştərilərə aid məişət cihazlarını yerə ataraq R.Qəhrəmanovun obyektdən çıxmasını tələb edib. Obyekt sahibinin bu hərəkətlərindən əsəbləşən R.Qəhrəmanov dəmir parçasıyla onun qarın nahiyəsinə zərbə endirib.
Törətdiyi cinayət əməlinə görə, R.Qəhrəmanova qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Nizami rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay 14 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən Rauf Qəhrəmanov ifadəsində elektrik cihazlarının təmiri ilə məşğul olduğunu, hadisədən təxminən bir il öncə, Nizami rayonu, T.Abbasov küçəsindəki 71 saylı binanın zirzəmisini oranın sahibi Malik Xudiyevdən ayı 200 manata icarəyə götürdüyünü deyib: “İşlədiyim vaxt pandemiya dövrünə təsadüf etdiyindən qazancım az olurdu, maddi çətinliklər yaranırdı, icarə haqqını gecikdirirdim”.
R.Qəhrəmanovun ifadəsinə görə, hər ayın əvvəli Malik icarə haqqını istədikdə ona “başqa yerlərdə pandemiya ilə əlaqədar vəziyyətin çətin olmasını nəzərə alırlar, vəziyyəti nəzərə al, bir-iki gün möhlət ver” deyə xahiş edib. Lakin icarəçi razılaşmayıb, birmənalı şəkildə “pandemiyanın mənə heç bir aidiyyatı yoxdur, pulu vaxtında verməlisən” deyib: “Hər ayın əvvəli icarə puluna görə Maliklə aramızda narazılıq düşürdü. Bu ilin yanvarında Malikə icarə haqqının yarısını vermişdim, yarısı qalmışdı. Qalan pulu da ayın sonunacan verməyi planlaşdırırdım, amma məni obyektdən zorla çıxarmaq istədi”.
Təqsirləndirilən şəxs deyir ki, Malik Xudiyev hər gün sexə gələrək ya icarə haqqının yerdə qalan hissəsini də verməyi, ya da obyektdən birdəfəlik çıxmağı tələb edib. Hadisə baş verən gün Malikin oğlu obyektin ayaqyolusunda suyun gəlib-gəlmədiyini bilmək istədiyini bəhanə edib ondan açarları alıb. Amma aldadıldığını, onu obyektdən çıxarmaq üçün açarları aldıqlarını başa düşüb.
“Çarəsiz qalıb Malikin mənzilinə qalxdım. Açar barədə soruşanda bilərəkdən belə etdiyini dedi. Ondan sexə düşməsini xahiş etdim. Malik mənimlə birgə sexə düşdü. Obyektdən içəri girən kimi elektrik cihazlarına aid olan ehtiyat hissələrini götürüb yerə tökdü. Hətta cihazların bəziləri sındı. Dedim ki, Malik, sən namaz qılırsan, niyə belə eləyirsən, namaz sənə qənim olsun. Bunu deyəndən sonra yaxamdan tutaraq söyüş söydü. Əsəbləşib, cihazların platasını təmizləmək üçün dəmir yeyədən hazırladığım ucu iti alətlə Malikin qarınından vurdum. Peşman olub obyektdən çıxdım. Oradan birbaş televizor ustası olan dostumun yanına gəldim, borc pul alıb Saatlı rayonuna, qohumlarımın yanına getdim. Bir neçə gün orada qalıb sonra qayıtdım. Hadisə zamanı içkili olmamışam, söyüş söyməmişəm”,-R.Qəhrəmanov ifadəsində deyib.
Zərərçəkmiş Malik Xudiyev isə ifadəsində 1993-cü ildə ailəsi ilə birgə Ağdam rayonundan qaçqın düşdüklərini, Nizami rayonu, T.Abbasov küçəsi 71 saylı binanın 1-ci mərtəbəsində məskunlaşdıqlarını bildirib. Sürücülük etməklə ailəsini dolandıran M.Xudiyev yaşadığı mənzilin zirzəmisini təmir edib obyekt kimi icarəyə verdiyini deyib: “Rauf ilk aydan etibarən icarə haqqını gecikdirir, obyektin kommunal xərclərini ödəmirdi. Buna görə aramızda narazılıq yaranmışdı, dəfələrlə obyektdən çıxmasını tələb etmişdim. Hər dəfə ya qonşuları, ya da mənimlə yaxın münasibəti olan ayrı-ayrı adamları yanıma göndərir, obyektdə qalıb işləməsini xahiş edirdi”.
Zərərçəkmiş deyir ki, icarə haqqını Raufdan çətinliklə aldığına görə məcbur olub onu obyektdən biryolluq çıxarmaq qərarına gəlib: “Hadisə baş verən gün Rauf qapını döyüb, obyektə düşməyimi istədi. Getmək istəmirdim, təkid elədi, düşdüm. Obyektə girəndə içkili olduğunu hiss etdim. Dedim, tez ol, boşalt buranı. Alətləri yığdığı qutunu qoparıb yerə atmaq istədikdə bıçaqla məni vurdu. İkinci dəfə vurmağa cəhd etdikdə əlimdəki qutuyla qarşısını aldım”.
Obyekt sahibi təqsirləndirilən R.Qəhrəmanovla barışdığı, ona dəymiş ziyanın ödənildiyi və təqsirləndirilən şəxsdən şikayətçi olmadığı haqda istintaqa ərizə təqdim edib. Bu ərizənin Qəhrəmanovun işini nə dərəcədə yüngülləşdirəcəyi məhkəmənin gedişində məlum olacaq.