Hakim olmaq istəyən 64 nəfər imtahan verdi


Test üsulu ilə və yazılı imtahanlarda müvəffəqiyyət qazanmış 64 namizədlə Hakimlərin Seçki Komitəsi tərəfindən şifahi imtahanlar keçirilib.
Məhkəmə-Hüquq Şurasından Yeniavaz.com-a verilən məlumata görə, imtahanlar zamanı namizədlərə hüququn müxtəlif sahələrinə dair 5 sual verilib və onların hər biri yarım saat ərzində bu sualları cavablandırıb. Namizədlərə bərabər şərait yaradılması və obyektivliyin təmin edilməsi məqsədilə imtahan sualları hər gün bilavasitə imtahandan əvvəl, imtahan keçirilən auditoriyada hazırlanıb və onlar tərəfindən sərbəst cavablandırılıb.
Suallar namizədlərin bilik səviyyəsinin, fikirlərini səlist ifadə etmək bacarığının, məntiqi nəticələr çıxarmaq qabiliyyətinin, ümumi dünya görüşünün müəyyən olunmasına imkan verib.
COVID-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla keçirilmiş imtahanların nəticəsinə görə 60 və daha çox bal toplamış 41 nəfər tədris kurslarına buraxılıb.
Həmin kurslarda namizədlərin hakimlik fəaliyyətinə hazırlanmaları təmin ediləcək, hakimin etik davranışı, korrupsiya ilə mübarizə, insan haqları, beynəlxalq normalar və digər aktual məsələlərə dair mövzular nüfuzlu yerli və beynəlxalq ekspertlərin iştirakı ilə tədris olunacaq, onlar məhkəmələrdə staj keçəcəklər. Şifahi imtahanda uğur qazanaraq tədris kurslarına buraxılmış hakimliyə namizədlərin siyahısı Məhkəmə-Hüquq Şurasının İnternet səhifəsində yerləşdirilmişdir (ünvan: www.jlc.gov.az).

DİGƏR XƏBƏRLƏR

Top