Əcəmi metrosundan (Cavadxan küçəsi) Nəsimi metrosu istiqamətində hərəkət edərkən yol qovşağında qurulan işıqfor və dairəvi hərəkət bir çox sürücünün çaşqınlığına səbəb olub.
Yeniavaz.com xəbər verir ki, dairəyə yaxınlaşıb geri qayıdanda və ya Şamaxinka deyilən əraziyə (20 Yanvar küçəsi) doğru hərəkət edəndə dairə xüsusi şəkildə ayrılıb. Həmin yerə çatanda işıqforun qırmızı bölməsi yanır və Nəsimi metrosu istiqamətində (Cavadxan küçəsi), 20 Yanvar küçəsi istiqamətində və Hüseyn Seyidzadə küçəsi istiqamətində hərəkət dayanır. Halbuki geri qayıdanlar və ya 20 Yanvar küçəsi istiqamətində gedənlər hərəkətə davam edəndə qarşıdan gələn nəqliyyat vasitələri ilə qarşılaşmırlar, digər avtomobillərə də mane olmadan hərəkət mümkündür. O zaman sürücü niyə qırmızıda dayanmalıdır? Əgər həmin yerdə dayanma səbəbimiz Hüseyn Seyidzadə küçəsi tərəfdən gələnlərə görədirsə bizə yaşıl yananda da qırmızı yananda da onlarla qarşı-qarşıya gəlirik üstəgəl, bizə yaşıl olanda Zərifə Əliyeva adına göz klinikası istiqamətindən gələnlər də hərəkətə başlayır və dairədə avtomobil sayı çoxalır. Halbuki qırmızı yananda bir hərəkət etsək, sadəcə Hüseyn Seyidzadə küçəsi tərəfdən gələnlərlə qarşılaşmış oluruq. Məsələ ilə bağlı danışan yol hərəkəti üzrə ekspert Elməddin Muradlı bildirib ki, yol hərəkətinin təşkili aydın və sürücüləri çaşdırmayacaq şəkildə qurulmalıdır: “Yol, tapmacanı sevmir. Həmin ərazidə işıqfora həmişə yaşıl yanan əlavə bölmə quraşdırılmalıdır. Əgər sürücü dönmə əməliyyatı aparanda heç kəsə mane olmursa o nə üçün gözləməlidir? 4-cü mikrorayon dairəsindəki yol hərəkətinə görə, cərimə olunan sürücülər şikayət etsinlər. Sürücü həmin yola görə, məsuliyyətə cəlb edilə bilməz”.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə də danışdıq. O yeniavaz.com-a açıqlamasında bildirdi ki, yaxın günlərdə həmin yerdə hərəkətin təşkilində dəyişiklik ediləcək: “4-cü mikrorayon dairəsində nəqliyyat şəraitinin yaxşılaşdırılması ilə bağlı başlatdığımız layihə bəzi texniki məsələlər səbəbindən tam icra olunmayıb. Burada söhbət yeraltı kommunikisiya xətlərinin yerinin dəyişdirilməsindən gedir. Hazırda bununla bağlı müvafiq qurumlarla müzakirələr aparılır. İşıqforla bağlı məsələyə gəlincə bildirim ki, onun yeri bu yaxınlarda dəyişdiriləcək və adacığın üzərinə köçürüləcək. Bununla da işıqforun qırmızı işığının qüvvəsi geriyə dönən nəqliyyat vasitələrinə təsir etməyəcək”.
Ruslan Yusibov