
Gəncə Dövlət Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “Qalata-S” MMC şirkəti Gəncə Dövlət Universitetinin keçirdiyi və ümumi dəyəri 19 min 738 manat olan tender müsabiqəsinin (jurnal və bilet satacaq)qalibi olub.
Məlumat üçün bildirək ki, tender müsabiqəsinin qalibi olan “Qalata-S” MMC 5 gün əvvəl Gəncə Dövlət Universitetinin keçirdiyi 53,6 min manatlıq tender müsabiqəsinin (mətbəə malları satacaq) də qalibi olub.
“Qalata-S” MMC son illər davamlı olaraq Gəncə Dövlət Universitetinin tenderlərində qalib olur.
Açıq internet resurslarda “Qalata-S” MMC barəsində heç bir məlumata rast gəlmək mümkün deyil.
Onu da qeyd edək ki, “Qalata-S” MMC ilə birgə Gəncə Dövlət Universitetinin tenderlərində “Dünya-S” MMC adlı şirkət də qalib gəlir.
Adlarında bənzərlik (hər ikisinin sonuna “S” hərfi yazılıb) olan “Dünya-S” və “Qalata-S” şirkətləri eyni tarixdə (22.01.2018), eyni ünvanda (Gəncə şəhəri, Ağa Sultanov, ev 99), eyni şəxs tərəfindən (Nəcəfov Şahəddin Qurban oğlu) yaradılıb və eyni nizamnamə kapitalına (10 manat) malikdilər.
