SOCAR və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb

Son günlər müxtəlif üzmə vasitələrindən istifadə olunmaqla “Neft Daşları”nda qanunsuz balıq ovlanması hallarının artması müşahidə edilməkdədir.Hazırda ov mövsümü olmadığına baxmayaraq, qanunsuz balıq ovu ilə məşğul olan şəxslərin “Neft Daşları”nın ətrafına, hətta estakadaların altına tor ataraq mühafizə olunan mədən ərazilərində istehsalat proseslərinə maneçilik törətmələri müəyyən olunmuşdur.

Qanunsuz balıq ovu üçün istifadə edilən torlar istehsalat prosesi zamanı müxtəlif avadanlıqların, ehtiyat hissələrinin, həmçinin “Neft Daşları”nda işləyən əməkdaşları daşıyan gəmilərin, qayıqların hərəkətinə mane olmaqla yanaşı, su nəqliyyat vasitələrinin estakadaya çırpılmasına, nəticədə ağır qəza hallarının baş verməsinə səbəb ola bilər.

SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən ərazinin xüsusi rejimli obyektə aid olduğu, kənar şəxslərin mühafizə zonasına girişinin qadağan edildiyi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara qanunsuz balıq ovu ilə məşğul şəxslər məhəl qoymamış, qanunsuz əməllərini davam etdirmişlər.

İyun ayının 23-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Xəzər dənizinin mərkəzi istiqamətində dövlət sərhədinin və neft-qaz hasilatı infrastrukturunun mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən “Dövlət Sərhəd Xidməti və Dövlət Neft Şirkəti arasında qarşılıqlı fəaliyyət Planı”na uyğun olaraq “Neft Daşları”nda dəniz estakadalarının ətrafında dənizə atılmış uzunluğu təxminən 1 km balıqçı toru toplanılmış və ərazidən kənarlaşdırılmışdır.

DİGƏR XƏBƏRLƏR

Top