“Biz artırılan məhkəmə rüsumlarının 50 faizinin məhkəmə aparatı işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldiləcəyini bildiririk. Bu, düzgün deyil”.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliklərə münasibət bildirən parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
Z. Oruc deyib ki, vətəndaşların hesabına məhkəmə aparatı işçilərinin sosial durumunun yaxşılaşdırılması prinsipi düzgün deyil.
Millət vəkili Fazil Mustafa deyib ki, layihəyə əsasən, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edəcək: “Bu, absurddur. Məsələn, biz deputat olaraq bizə müraciət edən vətəndaşlarla bağlı dövlət qurumuna müraciət edirik. O zaman həmin dövlət qurumu da bizim müraciətimizin əsassız olduğunu yazmalı və bizi də cərimələməlidir? Bu, tamamilə absurddur. Digər tərəfdən, rüsumlar hesabına hansısa qurumların işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi tamamilə aradan qaldırmaq lazımdır”.
Millət vəkili Azay Quliyev layihənin məqsədinin insanların məhkəməyə etimadını artırmaq olduğunu diqqətə çatdırıb: “Məsələn, hazırlıq institutları gücləndirilir. Yazılı icraat institutu da yeni institut olacaq. İnsanlar yazılı şəkildə hüquqi arqumentlərini təqdim edirlər və şəffaflıq da artır. Digər tərəfdən, əsassız vəsatət qaldırılmasına görə cərimə müəyyənləşirsə, məqsəd belə əsassız halların qarşısını almaqdır. Ona görə də biz bunu dəstəkləməliyik”.
Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva son illərdə vəkillərin sayının 840 nəfərdən 2025-ə qaldırıldığını söyləyib: “Məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edəcək və burada təkcə vəkildən söhbət getmir. Kasıb insanlar bu cərimələrdən azad olunmalıdır. Ümumiyyətlə, cərimənin məbləği məsələsinə yenidən baxılmalıdır ki, narazılıq olmasın. Digər tərəfdən, əsassız qərarlar verən hakimlər hansı cəriməni ödəyirlər? Bir məqamı da deyim. Məhkəmə ilə bağlı rüsum 20 manatdan 100 manata qaldırılır. Elə insanlar var ki, ünvanlı sosial yardım belə ala bilmir. Bu insanlar rüsumu necə ödəyəcək? İnsanlar axışıb biz deputatlara müraciət edəcəklər ki, yardım edin, rüsuma gücümüz çatmır, yaxud məhkəmədə bizi cərimələyərlər. Ona görə də müzakirələr aparıb, cərimənin məbləği məsələsinə yenidən baxılsa, yaxşı olar ”.
Millət vəkili Əziz Ələkbərov da cərimə məsələsinə etiraz edib, bunun dövlətin hazırda yürütdüyü siyasətə zidd olduğunu vurğulayıb.