Hacı Qurbanın şirkətləri bu dəfə 7,2 milyon manatlıq tenderin qalibi oldu – TƏFƏRRÜAT


"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalib “İlkin-N” MMC (VÖEN- 2100011121) və  “Sevinc-96” MMC (VÖEN- 2100010871) olub.
“İlkin-N” MMC və “Sevinc-96” MMC Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin sifarişi əsasında daş-betonla sahilbərkitmə işləri görəcəklər və qarşılığında 7 milyon 221 min 643 manat 40 qəpik alacaqlar. Bu məbləğin 6 milyon 175 min 511 manat 24 qəpiyi “İlkin-N” MMC-yə, 1 milyon 46 min 132 manat 16 qəpiyi isə “Sevinc-96” MMC-yə veriləcək.
Məlumat üçün bildirək ki, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin 6,2 milyon manatlıq tenderinin qalibi olan “İlkin-N” MMC  17.10.1996-cı ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Salyan rayonunun Qarabağlı kəndində yerləşən MMC-nin nizamnamı kapitalı 35 min 572 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Abasov Qurban İsmayıl oğludur.
Onu da bildirək ki, "İlkin-N" MMC-nin rəhbəri Hacı Qurban kimi tanınan Abasov Qurban İsmayıl oğlu hər il dövlət qurumlarının keçirdiyi milyon manatlıq tenderlərin qalibi olur.
Eyni zamanda onu da qeyd edək ki, "Meliorasiya və Su Təsərrüfatı" ASC-dən hər il milyonlarla manatlıq tender müsabiqələri udan daha bir şirkətin – “Sevinc-96” MMC-nin də (VÖEN- 2100010871) Qurban Abasova məxsus olduğu olduğu bildirilir.
“Sevinc-96” MMC “İlkin-N” MMC  ilə eyni ildə - 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Şirvan şəhəri, H.Z. Tağıyev, ev 45, m. 1-də yerləşən MMC-nin nizamnamı kapitalı 20 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Haxıyev Yusif Camal oğludur. 2013-cü ildə mətbuata verdiyi açıqlmada “Sevinc-96” MMC-nin qanuni təmsilçisi Yusif Haxıyev də “İlkin-N” MMC-nin tikinti üzrə sahə rəisi olduğunu bildirib.
Qeyd edək ki, hazırda “Sevinc-96” MMC-nin dövlət büdcəsinə də 23 min 948 manat 35 qəpik vergi borcunun olduğu qeyd olunur. Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil. 

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top