Üzeyir Cəfərov ordudan ehtiyata buraxıldı


“İyun ayının 25-dən başlayaraq mən artıq ehtiyatda olan polkovnik kimi yenə mətbuatda olan dostlarımla bərabər hərbi jurnalist kimi fəaliyyətimi davam etdirəcəyəm”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri hərbi ekspert, polkovnik Üzeyir Cəfərov özünün feysbuk hesabında yazıb.
“İki gündən sonra Azərbaycan Silahlı Qüvvələrinin növbəti ildönümüdür. Bu münasibətlə sıravi əsgərimizdən tutmuş Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı da daxil olmaqla hər kəsi ürəkdən təbrik edirəm. Möhkəm can sağlığı və Vətənimiz Azərbaycanın etibarlı müdafiəsi və mühafizəsi üçün yeni-yeni uğurlar arzulayıram. Bu bizim qürürlu xalqın ötən ilki 44 günlük Zəfər Qələbəsindən sonra ilk Ordu Günü Bayramıdır. Ona görə də, ilk növbədə Vətən savaşında canını fəda etmiş əziz ŞƏHİDLƏRİMİZƏ Allahdan rəhmət, yaralı və əlil hərbçilərimizə şəfa diləyərək, hər kəsdən başını dik tutmağı xahiş edərdim”. 
Üzeyir. C mətbuat nümayəndələrinə müraciətində bildirib ki, əvvəl olduğu kimi yenə də jurnalistlərin sual və sorğularını obyektiv və dürüst cavablandıracaq. 
“Bu möhtəşəm Bayram ərəfəsində mən də mətbuatda olan dostlarıma müraciət edərək bir balaca xəbəri sizlərə çatdırmaq istərdim. Ötən ilin noyabr ayından mən də xidməti zərurətlə əlaqədar qısa müddətə Silahlı Qüvvələrimiz sıralarına həqiqi hərbi xidmətə çağırılmışdım və bu müddət ərzində üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışdım. Buna nə qədər nail oldumsa, daha yaxşısını xidmət etdiyim qurumun səlahiyyətliləri yaxşı bilir və onların mənə göstərdikləri diqqəti və qayğını heç vaxt unutmayacağam. Hər kəsə xüsusi minnətdarlıq və təşəkkürlər. Başda xidmətin 1-ci şəxsi olmaqla ən sonuncu əsgər və çavuşuna kimi hər kəsə xüsusi minnətdarlıq və təşəkkürlər. 
Xülasə, iyun ayının 25-dən başlayaraq mən artıq ehtiyatda olan polkovnik kimi yenə mətbuatda olan dostlarımla bərabər hərbi jurnalist kimi fəaliyyətimi davam etdirəcəyəm. Yenə də, Silahlı Qüvvələrimizin, Azərbaycan Ordusunun bütün həyat və fəaliyyətində yaxından iştirak edəcəyəm. Ona görə də, bu balaca qeydlərimi yazmaqla yazılı, elektron KİV nümayəndələrinə, mətbuatdakı köhnə-təzə dostlarıma bildirmək istəyirəm ki, bilik və bacardıqlarım imkanlar və səlahiyyətlər çərçivəsində verəcəyiniz suallara və sorğulara səmimi, obyektiv və dürüst cavablar verməyə əvvəlki kimi yenə hazıram. Hər birinizə və hər birimizə yaradıcılıq uğurları, əziz dostlar!
Tanrı Azərbaycanımızı, onun Silahlı Qüvvələrini və Ordusunu qorusun!”

DİGƏR XƏBƏRLƏR

Top