Füzulidə qum-çınqıl yatağı hərraca çıxarılaraq 25 ilədək müddətə istismara verildi


Füzuli rayonu ərazisində yerləşən “Horadiz” qum-çınqıl yatağının 55 ha sahəsi 5 LOT üzrə hərraca çıxarılıb və 25 ilə qədər müddətə istismara verilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, hərracla bağlı İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin və Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşlarından ibarət Ekspert Komissiyası yaradılıb.

Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərraclar 12 və 22 iyul tarixlərində keçiriləcək. 12 iyul tarixində keçiriləcək hərraca Qobustan rayonunda yerləşən “Atyal” dolomit yatağı, 22 iyul tarixində keçiriləcək hərraca isə Qusar rayonunda yerləşən “Qənərçay” qum-çınqıl yatağı və Siyəzən rayonunda yerləşən “Dərəzarat” əhəngdaşı yatağı çıxarılacaq.

Hərraclarda iştirak etmək üçün iddiaçılar elanlarda qeyd olunan məbləğdə xidmət haqqını və başlanğıc qiymətin 10%-i miqdarında behi ödəməlidirlər. Hərraclarda Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxsləri iştirak edə bilər.

Qeyd edək ki, yer təkinin istifadəsi ilə bağlı bu il keçirilməyə başlayan hərraclarda 3 faydalı qazıntı yatağı istismara verilib. (APA)

DİGƏR XƏBƏRLƏR

Top