"Oxumaq heç vaxt gec deyil" layihəsi mənim həyatımda bugünədək ən vacib qərarlarımdan, layihəmdən biri oldu. Hər zaman ən böyük arzum təhsil almaqdan məhrum olan xanımların təhsil almasına şərait yaratmaq, dəstək olmaq olub”.
Bunu Yeniavaz.com-a gənc müəllimə Aynur İbrahimova deyib.
Aynur İbrahimova artıq 8 ildir ki, hər gün Göyçaydan Ucarın Təzə Şilyan kəndinə 80 km məsafə qət edib Azərbaycan dili və ədəbiyyat fənnini tədris edir.
O deyir ki, müəllim kimi fəaliyyət göstərdiyi kənddə, bir zamanlar təhsil almaq istəyi olub, ancaq maddi imkansızlıqdan, valideyn müdaxiləsindən, erkən nikaha cəlb olunma və s. səbəblərdən bu arzusu reallaşmayan bir çox xanım artıq ən böyük arzularını reallaşdıracaqlar:
“Mən bir neçə həmkarıma könüllü olaraq bu layihəyə qoşulmağı və ödənişsiz şəkildə belə valideynləri hazırlamağı təklif etdim. Hazırda 3 fənn üzrə hazırlıqlar təşkil olunur. Valideynlərin seçdikləri ixtisas qruplara əsasən, avqust ayında digər fənn sayı artacaq. Dərslərimizə qoşulan analar sırasında yaşı ən çox 46 olan analar, bir ailədən olan gəlin-baldızlar, əsgər anaları, nəvə sahibləri, hətta Kürdəmirdən qayınatasını gətirən, ailəsi dəstək olan, əyani dərslərə qoşulan xanımlar-valideynlər də var. Bu layihə ölkədə ilk təşəbbüsdü. Məqsəd artıq təhsildən nikaha gedən yox, ər evindən, ailədən təhsilə addım atan xanımların çox olması, savadlı olması, ailələrinə, övladlarına dəstək olmasıdır. Sağlam, güclü övlad ancaq özünə inanan, güclü və iradəli anaların sevgisiylə böyüyə bilər! Yaxın günlərdə ölkənin hər bölgəsindən valideynləri onlayn şəkildə dərslərə cəlb etməyi düşünürəm”.
Bəsti Məmməd