Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlandı


Bu ilin may ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 108 min nəfərdən çox olub.
Yeniavaz.com Dövlət Sosial Müdafiə Fondundan açıqlanan məlumata istinadən bildirir ki, yaşa görə aylıq sosial müavinət alanların 11,9%-ini kişilər, 88,1%-ini isə qadınlar təşkil edir.
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin 16 dekabr 2019-cu il tarixdə təsdiqlədiyi yeni qanunlara əsasən yaşa görə əmək pensiyası və yaşa görə müavinət hüququ verən yaşlar arasında uyğunsuzluq aradan qaldırılıb, hər iki sosial təminat növü üzrə hüquq yaranan yaş hədləri eyniləşdirilib.
Beləliklə, 2020-ci il yanvarın 1-dən qüvvəyə minən yeni qanunla hazırda yaş həddi 62 il olan qadınlar və yaş həddi 65 il olan kişilər (yaşa görə pensiya hüquqları olmadıqda) yaşa görə müavinət hüququ qazanırlar.
“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 15 aprel 2019-cu il tarixli Fərmana əsasən 2019-cu ilin aprelin 1-dən 130 manat təşkil edir.
Bununla yanaşı, yeni qanunvericiliyə görə, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş  qadınların yaşa görə müavinət hüququ qazanmaq üçün yaş həddi hər uşağa görə 1 il azaldılır. Misal üçün, beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş  qadının yaşı hazırda 56 yaş yarımdırsa və pensiya hüququ yoxdursa, o zaman ona yaşa görə müavinət təyin edilir. Uşaqların sayı 6 olduqda bu yaş göstəricisi 55 yaş yarım, 7 olduqda 54 yaş yarım və s. yaş həddinə enir. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların da yaşa görə müavinət hüququ qazanmaq üçün yaş həddi 5 il azaldılır.
Eləcə də ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinət hüququ yaranıb.

DİGƏR XƏBƏRLƏR

Top