İranin yeni prezidenti İbrahim Rəisi kimdir? – DOSYE


Xəbər verdiyimiz kimi, İranda keçirilən 13-cü prezident seçkilərinin ilkin nəticələrinə görə qalib İbrahim Rəisi olub. Açıqlanan məlumatlara görə, Rəisi seçiçilərin təxminən 63%-nin (17 milyon 800 min) səsini alıb. 
Yeniavaz.com
xəbər verir ki, İranın yeni prezidenti  İbrahim Rəisi 14 dekabr 1960-cı ildə Məşhəd şəhırində anadan olub.
İxtisasca hüquqşünas olan Rəisi 1979-cu il inqilabdan sonra - 1981-ci ildə Kereç prokuroru vəzifəsinə təyin olunub. Qısa müddətdən sonra Tehranda  Baş prokurorun müavini olub. 
İbrahim Rəisi 1988-ci ildə İranın Ali dini rəhbəri  Xomeyninin göstərişi ilə həbsdə olan rejim əleyhdarlarının edam edilməsi məqəsdilə qurulan komitəyə üzv təyin olunub. 
Rejim əleyhdarları tərəfindən "ölüm komitəsi" adlandırılan 4 nəfərlik nümayəndə heyətinin rəhbəri olan İbrahim Rəisi müxaliflər tərəfindən "Qatil ayətullah" ləqəbilə tanınır. O dövrdə təxminən 3 000 nəfərin edam edildiyi barədə mətbuatda məlumatlar yayılıb. 
Xomeyninin ölümündən sonra Xamenei dövründə də İbrahim Rəisi dövlət vəzifələrində sürətlə yüksəlib. İbrahim Rəisi 1989-1994-cü illərdə Tehranın Baş prokuroru vəzifəsini icra edib. 1994-cü ildə Dövlət Audit Qurumunun rəhbəri vəzifəsinə təyin olunan Rəisi bu vəzifədə 10 il işləyib. 
Rəisi daha sonra 2004-cü ildə İran Məhkəmə Şurası sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 2014-cü ildə İranın baş prokuroru vəzifəsinə təyin olunan Rəisi  Xamenei tərəfindən 2016-cı ildə Məşhəddə yerləşən və büdcəsi milyardlarla dollar olan “İmam Rza Ziyarətgahı” Xeyriyyə Fondunun sədri təyin edilib.
19 may 2017-ci il tarixində ölkədə keçirilən prezident seçkilərində namizəd olan Rəisi hazırkı prezident Həsən Ruhaninin əsas rəqibi olsa da, seçicilərin 38%-nin səsini alaraq məğlub olub.
İran Məhkəmə Şurasının sədri  Ayətullah Laricani Xamenei tərəfindən istefaya göndərildikdən sonra, 2019-cu ilin martında İbrahim Rəisi onun yerinə təyin olunub. 
Siyasi məhbusların edamında və 2009-cu ildə ölkədə baş qaldıran etirazlara sərt şəkildə müdaxilə etdiyi üçün 2019-cu ilin noyabr ayında ABŞ Rəisi barəsində sanksiya qərarı verib.
İnqilab Keşikçiləri Ordusu tərəfindən dəstəklədiyi iddia edilən İbrahim Rəisinin adı Xameneinin varisi olaraq qeyd olunur.

DİGƏR XƏBƏRLƏR

Top