"Generalımızın qanı yerdə qalmamalıdır" deyib döyüşə gedən şəhidimiz – Şirbala Hüseynov


Vətən Müharibəsi vaxtı döyüşərək canından keçən qəhrəmanlarımızdan biri də Hüseynov Şirbala Hüseynbala oğludur. Şirbala Hüseynov 06.05.1990-cı ildə Sumqayıt şəhərində dünyaya göz açıb. Ailədə 3 uşaq olublar. 1 bacısı, 1 qardaşı var. O, 1997-ci ildə Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 6 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. Şirbalanın uşaq vaxtından hərbiyə böyük marağı olub. O, 2008-ci ildə 11-ci sinifi bitirdikdən sonra uşaqlıq arzusunu reallaşdırmaq üçün sənədlərini Heydər Əliyev adına Ali Hərbi Məktəbə verib. 4 il hərbi məktəbi oxuduqdan sonra əlavə 1 il Təlim Tədris Məktəbində kurs keçib. 25.07.2012-ci ildə leytenant rütbəsi alıb. Beyləqanda N saylı hərbi hissədə işə başlayıb. 2016-cı ilin aprelində Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak edərək, düşmənin çoxsaylı döyüş texnikasını məhv edib. Aprel döyüşləri vaxtı göstərdiyi şücaətə görə, vaxtından əvvəl baş leytenant rütbəsini alıb. Şirbala 14.11.2018-ci ildə ailə həyatı qurub, övladı yoxdur. Şirbala 27.04.2019-cu ildə kapitan rütbəsini alıb.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illik yubiley,
26.06.2018-ci ildə Azərbaycan Ordusunun 100 illik yubiley,
26.06.2019-cu ildə qüsursuz xidmətə görə 3-cü dərəcəli medalları ilə təltif olunub.

Yeniavaz.com-a şəhid Şirbala Hüseynovla bağlı həyat yoldaşı Jalə Hüseynova məlumat verib. Onun sözlərinə görə, həyat yoldaşı 2020-ci ildə iyul döyüşlərində şəhid olan general-mayor Polad Həşimovun şəhid olmasından sonra çox məyus olub. Həmin vaxt Şirbala özünə söz verib ki, onun qanını yerdə qoymasın.
27 sentyabrda başlayan 44 günlük müharibədə kapitan öz istəyinə nail olaraq, döyüşlərə sevincək şəkildə qatılıb. Sevdiklərinə isə sözü bu olub: “Şükür gözlədiyim an gəlib çatdı”.
Jalə Hüseynova deyir ki, həyat yoldaşı sonuncu dəfə sentyabrın 13-ü evə gəlib: “O, gələndə sanki hiss edirdim ki, son görüşümüzdür. Ondan ayrılmaq istəmirdim. Amma o, sevdiklərini deyil, vətənini üstün tutduğu üçün müharibəyə getdi. Ailəsi Şirbalanı yola salanda, o əlini çiyninə vuraraq, “Generalımızın (General Polad Həşimov – red.) qanı yerdə qalsa, bu paqonlar mənə haram olar” deyib. Silahdaşları da onun qorxmazlığından, işçiləri arasında ruh yüksəkliyini yuxarı saxlamasından çox danışıblar. Bir də yoldaşlarına həmişə deyirmiş ki, “qorxmayın qələbə bizimdir”. Elə də oldu”.
Şirbala Aprel döyüşlərində olduğu kimi Vətən Müharibəsində də ermənilərin çoxsaylı texnikasını məhv edib. Düşmənə məxsus postların dağıdılmasında böyük rol oynayıb. Azərbaycan Ordusunun zabiti Fizulinin Horadiz və Cəbrayılın Rüzgar kəndlərinin alınmasında yaxından iştirak edib.
01.10.2020-ci ildə Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub. 02.10.2020-ci ildə isə nəşi Sumqayıt şəhərinə gətirilərək, Şəhidlər Xiyabanında dəfn edilib.
Qeyd edək ki, kapitan Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən, şəhadətindən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasna görə”, “İgidliyə görə” medalları və “Qarabağ ordeni” ilə təltif olunub.

Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top