“8 yaşlı qızım məktəbdə direktorun köməkliyi ilə əlimdən alındı” – VİDEO + AÇIQLAMA


“Məktəbdə hər kəsin gözü qarşısında mənə təziq edərək qızımı əlimdən aldılar”.
Bu barədə Yeniavaz.com-a 8 yaşlı məktəblinin anası Gülbəniz Əzimova məlumat verib. O, iddia edir ki, qızı məhkəmənin icra sənədi qanuni qüvvəyə minməmiş atası tərəfindən onun əlindən zorla alınıb. Valideyn bütün bu proseslərin Xətai rayonu 86 saylı məktəbdə direktor Cavid Əliyevin köməkliyi ilə edildiyini də iddia edib: “Biz 2012-ci ildə ailə həyatı qurduq və bu evlilikdən bir qız övladımız dünyaya gəldi. Sonradan aramızda anlaşılmazlıq oldu və ayrılmaq qərarına gəldik. 2015-ci ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə boşandıq və qızım mənim himayəmə verildi. Övladımın atası Heydərov Emin 2019-cu ildə yenidən məhkəməyə müraciət edərək qızımın məndən alınaraq onun himayəsinə verilməsi ilə bağlı iddia qaldırıb. Məhkəmə də mənim iştirakım olmadan keçirilib və qərar çıxarılıb ki, qızım atasına verilsin. Bütün bunlardan da atasının övladımı apardıqdan və mənə qaytarmaq istəməməsindən sonra xəbərim oldu. Ancaq mən də təkrar məhkəyə müraciət etdim və məhkəmə hal-hazırda davam edir. Məhkəmə davam etdiyi müddətdə qızımın məndə qalmalı olduğu halda atası məktəbə gələrək qızımı məndən zorla aldı. Bu proseslərə də Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Heydər Bəxtiyarov heç bir səlahiyyəti olmadığı halda, qanunsuz şəkildə müdaxilə etdi”.
Ə. Gülbəniz onu da iddia edib ki, İcra məmuruna göstəriş Ədliyyə Nazirliyindən verilib: “Bu qanunsuz göstərişi Heydər Bəxtiyarova Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəis müavini Fərid Əfəndiyev verib. Hətta 86 nömrəli tam orta məktəbin direktoru və digər rəhbər şəxsləri də həmin qanunsuz əməlin törədilməsində çox böyük canfəşanlıqla icra məmuruna kömək edib”.
Gülbəniz Əzimovanın iddiaları ilə bağlı keçmiş həyat yoldaşı Emin Heydərov yeniavaz.com-a bildirib ki, qarşı tərəfin səsləndirdiyi fikirlər həqiqətə uyğub deyil:
"Suraxanı məhkəməsinin qərarına görə uşaq anasından alınıb mənə verilib. Sonra G. Əzimova apellyasiya məhkəməsinə verdi. Martın 3-ü keçirilən məhkəmə prosesində yenə uduzdu. Sentyabrda görüş adı ilə uşağı məndən alıb vermirdi. Məhkəmənin qərarına da hörmətsizlik edirdi. Mən də getdim direktorla danışdım. Onlar uşağın anasının vəkili ilə əlaqə saxladılar. Sonra icra məmuruna zəng ediblər. İcra məmuru da mənim sözlərimi təsdiq etdi. Ali məhkəməyə veribsə, məsələ mübahisəlidir. Lakin sonuncu məhkəmə qərarı yerinə yetirilməlidir. O uşağı mənə qaytarmalıdır. Əgər məhkəmə prosesinin davam etməyini istəyirsə Ali məhkəməyə versin. Daha sonra Ədliyyə Nazirliyi ilə əlaqə saxladılar. Orada da təsdiq etdilər ki, uşaq mənimlə qalmalıdır. Əgər uşağın anası Ali məhkəmədə qalib gələrsə uşaq ona qaytarılacaq. Bu işə Suraxanı Rayon Məhkəməsi baxırdı. Uşağın anası Suraxanı rayonunda qeydiyyatda idi. Sonradan köçüb Xətai rayonuna. Bu məhkəmə işinə də Xətai rayonu məhkəməsi yox, Suraxanı məhkəməsi baxır. Oranın icraçısı gəlib uşağı alıb mənə vermişdi".
O icra prosesinin məktəbdə keçirilməsinə də münasibət bildirdi: "Keçmiş yoldaşımın anası camaata pul atıb, hazırda axtarışdadır. Buna görə də onlar gizlənirlər. Evlərini satıb kirayədə qalırlar. Mən onların yaşadığı ünvanı bilmirəm. Zəng edirdim telefonu da götürmürdülər. Ona görə də mənim başaqa yolum yox idi. Mən ancaq uşağı məktəbdən götürə bilərdim. Onlar uşağı heç məktəbə də gətirmirdilər. Uşağı izlədim. Mən istəmirdim səs-küy olsun. Ancaq keçmiş həyat yoldaşım və onun indiki yoldaşı aranı qarışdırdılar. Məcbur olduq polis çağırdıq. Gülbəniz məndən sonra bir dəfə də evlənib. 7 aylıq xəstə uşağı atasının üstünə atıb gedib. Uşağa alment verməlidir. Onu da vermir. Uşaq mənim yanımda qalmaq istəyir o da bunu yaxşı bilir. Uşağın anası axtarışdadır. 2800 manat mənə aliment borcu var, 4000 manata yaxın da ikinci uşağın atasına aliment borcu var. Pulları ödəməkdən boyun qaçırdır. Buna görədə axtarışdadır. Mən də hadisə yerinə gələn polislərə göstərdim ki, bunlar axtarışdadrılar. Polislər yoxladılar və gördülər ki, doğrudan da axtarışdadır onu apardılar polis bölməsinə".

Vətəndaşın iddiaları ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən yeniavaz.com-a bildirildi ki, valideynlərin məktəbdən şagirdi hansının götürməsi ilə bağlı aralarında mübahisə yaranıb və bundan sonra Suraxanı rayon İcra və probasiya şöbəsinə müraciət olunub: “Bakı şəhəri 86 nömrəli tam orta məktəbin şagirdinin valideynləri Səmədova Gülbəniz İntiqam qızı və Heydərov Emin Teyyub oğlu arasında övladlarının kim tərəfindən evə götürülməsinə dair mübahisə yaranıb. Valideynlər arasında ailə münasibətləri zəminində öncədən yaranmış mübahisə ilə bağlı məhkəmə qərarının icrası məqsədilə Suraxanı rayon İcra və probasiya şöbəsinə müraciət olunub. Təəssüf ki, bundan sonra valideynlər arasında mübahisə genişlənib və övladlarının təhsil aldığı məktəbə də sirayət edərək arzuolunmaz rezonans yaradıb. Suraxanı rayon İcra və probasiya şöbəsi əməkdaşlarının və valideynlərin iştirakı ilə baş verən proses zamanı şagirdin psixoloji sarsıntı yaşamaması üçün onun məktəb psixoloqunun yanında saxlanılması məktəb rəhbərliyi tərəfindən məqsədəuyğun hesab olunub. Qeyd edək ki, bu kimi məsələlərin həllində uşaqların psixoloji cəhətdən zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır. Bununla bağlı hər hansı bir valideynin narazılığı varsa, aidiyyəti üzrə müvafiq orqanlara müraciət etməyi tövsiyə olunur”.

Vəkil Sevinc Məmmədəliyeva baş verən hadisə ilə bağlı yeniavaz.com-a bildirdi ki, məhkəmə mübahisələri davam etdiyi müddətdə heç bir halda icra hərəkətləri edilə bilməz. O həmçinin bildirib ki, bütün bu proseslərin icra məmuru tərəfindən məktəbdə uşaqların gözü önündə icra prosesinin həyata keçirilməsi isə tamamilə qanunsuzdur.

Daha ətraflı videosüjetdə:

DİGƏR XƏBƏRLƏR

Top