Bu gün Mübariz İbrahimovun şəhid olduğu gündür


Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov 2010-cu ilin bu günü ermənilərin postuna hücum edərək düşmənin çox sayda canlı qüvvəsini məhv edərək, şəhidlik zirvəsinə ucalıb.

Yeniavaz.com xatırladır ki, bu gün Milli Qəhrəman Mübariz İbrahimovun Anım günüdür. 
Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Şəhid M. Priyev adına Əliabad kənd orta məktəbində təhsil alıb. Mübariz 2005-ci ildə həqiqi hərbi xidmətə çağrılıb. Həqiqi hərbi xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Xidmətini 2007-ci ildə çavuş rütbəsində bitirib. 2009-cu ildən etibarən yenidən hərbi sahəyə üz tutub. Avqustda yenidən gizir rütbəsində müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qoşulur. Daha sonra könüllü olaraq cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətini davam etdirir. 2010-cu il iyun ayının 18-dən 19-a keçən gecə Mübariz tək başına düşmənin minaladığı bir kilometrlik ərazini keçərək ermənilərin Tərtərin Çaylı kəndi istiqamətində qurduğu posta hücum edib. 5 saat davam edən qeyri bərabər döyüşdə düşmən çoxlu sayda itki verib. Səhər saatlarında döyüşçümüz qəhrəmancasına şəhid olub. Bundan sonra ona yaxınlaşmağa cəsarət edən ermənilər Mübarizin əlini və ayağını bağlayaraq ona işgəncə verirlər. Ermənistan 141 gün ərzində şəhid Mübarizin meyitini Azərbaycana qaytarmaqdan boyun qaçırdır. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxan şəhərindəki görüşündən sonra, noyabr ayının 6-da gizir Mübariz İbrahimovun və baş leytenant Fərid Əhmədovun nəşini ölkəmizə qaytarırlar. 2010-cu ilin noyabr ayının 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində Mübariz İbrahimovla vida Mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də iştirak edib.  Qəhrəman döyüşçümüz II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsində müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adını n verilməsi və xatirəsinin əbədiləşdirilməsi barədə sərəncam imzalayıb.

DİGƏR XƏBƏRLƏR

Top