"Bir manat da olsun borcum yoxdur", deyən Hacı İbrahimi yenidən məhkəməyə verdilər


"Azərbaycan Beynəlxalq Bankı" ASC "Avesta Konserni" MMC-yə qarşı məhkəmə iddiası qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iclasının dünən - 14.06.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Zeynəb Axundovanın sədrliyi ilə keçirildiyi qeyd olunur.
Məhkəmə iddiasının kredit müqaviləsi üzrə mübahisələrə görə qaldırıldığı bildirilir.
Məlumat üçün bildirək ki, “Avesta Konserni” MMC -yə uzun illər Hacı İbrahim kimi tanınan iş adamı İbrahimov İbrahim Hüseyn oğlu rəhbərlik edib. Bu ilin aprel ayından etibarən şirkətə Nadirov Araz Ələsgər oğlu rəhbərlik edir.
Hazırda dövlət büdcəsinə 97 min 775 manat 69 qəpik vergi borcu olan “Avesta Konserni” MMC barəsində İqtisadiyyat Nazirliyi də məhkəmə iddiası qaldırıb.
Qeyd edək ki, Hacı İbrahim bir-neçə il əvvəl “Xəzər Adaları” adlı layihəsilə gündəmə gəlib. Bildirilirdi ki, “Xəzər Adaları” Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhər olmalıdır. Tikintisinə 2011-ci ildən başlanışa da, sonradan yarımçıq saxlanılıb. Hacı İbrahim Beynəlxalq Banka olan borcunu ödəyə bilmədiyi üçün “Xəzər Adaları”nı bu borcun qarşılığında təhvil verdiyini açıqlayıb. Mətbuata verdiyi açıqlamda iş adamı bildirib ki, əmlakın dəyəri 720 milyon manat qiymətləndirildi: “Banka olan borcumun faiz hissəsi məndən tutulmadığı üçün, əmlakın dəyəri 570 milyon manat oldu. Buna görə mənə 150 milyonu qaytarmalı idilər. Mən də dedim ki, istəmirəm, dövlətə bağışlayıram. Bütün borclarım bağlandı. İndi mənim bir manat da olsun borcum yoxdur. Nə alacağım var, nə də verəcəyim! Mən bütün kreditlərimi 100 faiz ödəməli oldum”.
“Azərbaycan Beynəlxalq Bankı”nın “Avesta Konserni” MMC -yə qarşı yenidən məhkəmə iddiası qaldırmasının hansı kredit müqaviləsi ilə bağlı olduğu barədə açıqlma verilməyib.
Onu da bildirək ki, Hacı İbrahim Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun və ATV kanalının sabiq prezidenti Tağı İbrahimovun qardaşıdır. 

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top