Tanınmış iqtisadçı: Gömrük Komitəsinin bu addımı qanunsuzdur… – VİDEO


Ötən həftə Yeniavaz.com-a açıqlama verən “Ambiance Med” MMC-nin rəhbəri Elnarə Əliyeva bildirib ki, Dövlət Gömrük Komitəsi tərəfindən rəhbərlik etdiyi şirkətə qarşı süni maneə yaratmağa çalışırlar: “Ötən dəfə gətirdiyim qida əlavələrini dövlət rüsumunu ödəyərək rəsmiləşdirdim. Lakin ikinci dəfə məhsulum gələndə mənə dedilər ki, biz statistik dəyərləndirmə edirik, bu dəyərləndirmədən sonra biz sizə deyəciyik ki, siz hansı rüsumu ödəməlisiniz. Mən ölkəyə məhsul gətirəndə əvvəlcədən hesablayıram ki, nə qədər rüsum ödəməliyəm ona görə məhsul sifariş edirəm. Sifariş etdiyim məhsula görə 20 min manat dövlət rüsumu ödəməliyəmsə, məndən əlavə ödəniş tələb olunur. Mən də bununla razılaşmıram”.
Sahibkar xanımın iradlarına münasibət bildirən Dövlət Gömrük Komitəsi isə açıqlma verərək bildirib ki, “Ambiance Med” MMC-nin təqdim etdiyi məlumatlar əsasında aparılan təhlillər nəticəsində bu şirkət tərəfindən idxal olunan bioloji fəallığa malik qida əlavələrinin ölkə ərazisində satış qiymətlərinin idxal qiymətləri ilə kəskin fərqlənməsi müəyyən edilib. Açıqlamada daha sonra qeyd olunub ki, aşkar olunan risklərin minimallaşdırılması üçün həmin malların gömrük dəyərləndirilməsi zamanı “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin tələbləri əsas götürülüb.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən tanınmış iqtisadçı-ekspert, sabiq millət vəkili Nazim Bəydəmirli isə bildirir ki, malın gömrük dəyərini müəyyən etmək üçün Gömrük Məcəlləsində bir neçə üsul göstərilib: “Onlardan əsası razılaşma üsuludur ki, sahibkarlar öz aralarında danışırlar. Azərbaycanlı sahibkar xarici tərəfdaşı ilə alacağı məhsul haqqında müqavilə imzalayır. Müqaviləyə əsasən invoys yazılır. Bank vasitəsi ilə və ya digər yolla pulu ödəyir. Ödəniş etdiyi haqqında olan sənəti gömrük orqanlarına təqdim edir. Əsas qiymət bu götrülməlidir. Ancaq gömrük orqanları əsasız olaraq əksər iş adamlarına bəyannamə qiymətlərini artıraraq, öz bildikləri kimi haradan götürdükləri məlum olmayan şifahi göstərişlərə əsaslanan bəyannamə qiymətləri tətbiq edirlər. Bu qiymətlər boyun əyməyən sahibkarları aylarla yubadırlar. Nəticədə sahibkarlar ziyana düşürlər. Gömrük orqanın təqdim etdiyi bəyannamə qiyməti o zaman tətbiq oluna bilər ki, alternativ yollarla onu müəyyən edə bilməyələr. İnvoysu, müqaviləsi yoxdursa, o zaman Gömrük Komitəsinin səlahiyyəti çatır ki, o malın statistik qiymətini müəyyən edə. Bu neomonopoliyanın yeni növüdür. Bu yolla arxasında məmur olmayan sahibkarı sıxışdırıb bazardan çıxartmağa çalışırlar. Məsələn, sahibkar deyr ki, gətirdiyim malın qiyməti 100 dollardır. Gömrük onu qəbul etmir, deyir yox 300 dollardır. Gömrük rüsumu və vergiləri də hesablasaq nəticədə bazarda süni qiymət artımı yaranır. Sahibkar isə belə şeylərlə qarşılaşdığı üçün malın maya dəyəri artır və sahibkar bazarda rəqabət apara bilmir sıradan çıxır. Digər sahibkarlar isə hansı ki, arxalarında məmurlar dururlar. Gömrük orqanları ona yaşıl işıq yandırırlar. Həmin sahibkar gətirdiyi malın qiymətini bəyan edir. Onun gömrük rüsumu və vergisi ödənilir o da rahat şəkildə məhsulunu bazara çıxarıb satır. Gömrük orqanlarının əli ilə digər sahibkarları sıradan çıxarırlar. Nəticədə bazarda rəqabət yaranmır və qiymət artımı baş verir. Əksər sahibkarlar bu cür bəyannamə qiymətlərindən xəbərdardır. Bu isə qanunsuzdur. Heç bir məcəlləyə uyğun deyil. Bu səlahiyyətlər o zaman onlarda olur ki, sahibkar gətirdiyi məhsulun sənədlərini təqdim edə bilməsin, sübut edə bilməsin. Yox, əgər sənədlər qaydasındadırsa Gömrük Komitəsinin ona əlavə bəyannamə qiyməti tətbiq etməsi qanunsuzdur”.

DİGƏR XƏBƏRLƏR

Top