Təsəvvüf düşüncəsinin dini təməlləri – 2


Keçən yazıda təsəvvüf düşüncəsinin dini təməllərindən bəhs etmişdik. Bu yazıda da həmin mövzunu davam etdirməyə çalışacağıq.
Həzrət Peyğəmbərimiz (s.ə.s) sadə və təvazökar bir həyat yaşamış, heç vaxt dünya nemətlərinin cazibəsinə qapılmamış, əldə edilən qənimət malları ilə müsəlmanların maddi vəziyyəti, imkanları genişlənsə də, əvvəlki həyat tərzinə davam etmişdir. Digər müsəlmanların səviyyəsində həyat yaşamaq istəyən xanımlarına bir aylıq möhlət verərək (ila hadisəsi) düşünmələrini, onlardan dünya ilə özü arasında seçim etmələrini istəmişdir (Əhzab, 33/28; Buxari, Təfsir, 66; Müslim, Taləq, 5).
Dünyaya axirətlə eyni dərəcədə dəyər verməyə, ya da dünyadan daha çox axirətə dəyər verməvə zöhd deyilir. Həyatını bu anlayış və prinsip üzrə yaşayanlar da zahid adlanır. Quranda və hədislərdə zahidliyə böyük əhəmiyyət verilmiş, bunun tam əksi olana, yəni dünyaya həris bir şəkildə bağlanmaq isə kəskin bir şəkildə qınanmışdır. Bu mənada zöhd və zahidlik təsəvvüfün təməlini təşkil edir.
Axirətin dünyadan, oradakı nemətlərin buradakı keçici və fani nemətlərdən üstün olduğuna inanan bir mömin daha həssas və doğru bir şəkildə ibadətlərini yerinə yetirər, halal və harama daha diqqətlə yanaşar, insanların haqq və hüquqlarını tapdalamaqdan uzaq durar, əxlaqi qayda-qanunlara riayət edər. Belə bir həyat yaşamayan insanın axirətə dünyadan daha çox dəyər verdiyini demək olmaz. Çünki ibadət zöhdün və zahidliyin bir nəticəsidir. Ortada ibadət və əməl yoxdursa, bu zaman zöhddən, zahidlikdən söhbət gedə bilməz.
Cənab Allah (c.c) namaz, oruc, zəkat və həcc kimi ibadətləri müəyyən şərtlər daxilində hər bir müsəlmana fərz qılmışdır. Həzrət Peyğəmbərimiz (s.ə.s) sadəcə fərz olan ibadətlərlə kifayətlənməməyi, nafilə və sünnə hökmündəki ibadətləri də yerinə yetirməyi tövsiyə etmişdir. Fərz namazlardan əvvəl və sonra qılınan sünnələr, təhəccüd, əvvabin və təhiyyətul-məscid kimi nafilə namazlar, Rəcəb və Şaban aylarının müəyyən günlərində tutulan oruclar, ümrə ibadəti və verilən sədəqələr bu qəbildən olan fərzlərin xaricindəki ibadətlərdir. Bu və digər nafilə ibadətlərin məqsədi nəfsi tərbiyə etmək və bu yolla da Allaha (c.c) yaxınlaşmaqdır.
Həm fərz, həm də nafilə ibadətləri qaydalarına və şərtlərinə uyğun bir şəkildə, həmçinin ixlasla yerinə yetirmək təsəvvüf təliminin əsas şərtidir. Təsəvvüf yolunun yolçuları olan sufilər həm fərz, həm də nafilə ibadətləri həssas bir şəkildə yerinə yetirməyə çalışırlar. Bu mənada ibadətsiz təsəvvüf yolundan bəhs etmək mümkün deyil.

İslamda qəlb təmizliyinin əhəmiyyəti
İslamda qəlb təmizliyi olduqca mühüm məsələdir. Əvvəla onu qeyd edək ki, vəhy mələyi olan Həzrət Cəbrayıl (ə.s) Quranı Həzrət Peyğəmbərimizin (s.ə.s) qəlbinə endirmişdir (Bəqərə, 2/97; Şuəra, 26/194). Həm vəhy, həm də ilham qəlbə gəlir. Bu mənada vəhy və ilhamın alıcısı qəlbdir. Quran ayələrində belə buyurulmuşdur:
“O gün nə mal-mülk, nə də övladlar fayda verər. Ancaq təmiz bir qəlblə Allahın hüzuruna gələn kimsə bundan istisnadır!” (Şuarə, 26/89).
“Möminlərin imanlarını daha da artırmaq üçün onların qəlblərinə mənəvi rahatlıq verən Odur” (Fəth, 48/4).
“Bilin ki, qəlblər (ancaq) Allahı zikr etməklə rahatlıq tapar” (Rad, 13/28).
Buna görə də ayədə Cənab Allahı (c.c) çox zikr emək tövsiyə edilmişdir: “Ey iman gətirənlər, Allahı çox zikr edin!” (Əhzab, 33/41).
Hər şeyin əsasını təşkil edən iman qəlbin təsdiqindən ibarətdir. Niyyət bütün ibadətlərin təməlini təşkil edir. Xalis bir niyyət qəlbdə formalaşır, yəni xalis niyyətin məkanı məhz qəlbdir. Qəlb nə qədər təmiz, niyyət də nə qədər gözəl olarsa, ibadətlərdən də bu nisbətdə savab əldə edilər (Buxari, İman, 41; Müslim, İmarət, 155).
Quran ayələrində qəlbin görmə xüsusiyyətindən bəhs edilir, yer üzündə gəzib dərs almayanlar, düşünməyə qəlbi, eşitməyə qulağı olmayanlar qınanır: “Şübhəsiz, gözlər yox, sinələrdəki qəlblər kor olur” (Həcc, 22/46).
Quranda həssas, yumşaq və təmiz qəlb sahiblərindən bəhs edilir, daş kimi sərt, kirli və kilidli qəlblərin varlığına da diqqət çəkilir. Qəlbin günahlar ucbatından kirlənmiş halına nəfs, nəfsin günahlardan təmizlənmiş halına da qəlb deyilir. Həmçinin ruhun günahlardan, mənəvi kir və pasdan təmizlənmiş halı da qəlb adlanır. Ayədə belə buyurulub:
“Nəfsini günahdan təmizləyən nicat tapmışdır. Nəfsini günaha batıran isə ziyana düşmüşdür” (Şəms, 9-10).

Bu mövzudakı bir hədis belədir:
“İnsan bədənində bir ət parçası vardır. O yaxşı olarsa, bütün bədən yaxşı olar, o pis olarsa, bütün bədən pis olar. Diqqət edin, o qəlbdir” (Buxari, İman, 39; Müslim, Musəqat, 107). Digər bir hədisdə isə: “Başqaları fətva versə də, sən fətvanı qəlbinə soruş” (Darimi, Buyu, 2; Əhməd ibn Hənbəl, Müsnəd, IV, 228) buyurularaq vicdanın səsini dinləməyin vacibliyi vurğulanmışdır. Həzrət Peyğəmbərimiz (s.ə.s): “Yaxşı olan şey qəlbinə rahatlıq verən, günah olan şey də qəlbini narahat edən şeylərdir” buyuraraq şübhəli məsələlərdə hər bir müsəlmanın qəlbini, vicdanın səsini dinləməsini tövsiyə etimşdir. Quranda və hədislərdə təqvaya çox əhəmiyyət verilmiş, Həzrət Peyğəmbərimiz (s.ə.s) bir hədisdə qəlbinə işarət edərək: “Təqva buradadır” buyurmuşdur (Əhməd ibn Hənbəl, Müsnəd, V, 379).

Təsəvvüf qəlb elmidir.
Təsəvvüf qəlb elmidir. Buna görə də sufilərə qəlb əhli deyilir. Təsəvvüf düşüncəsi Allah (c.c) qorxusu və Allah (c.c) sevgisinə əsaslanır. Quranda belə buyurulmuşdur: “Əgər inanırsınızsa, bilin ki, ən çox qorxulmağa layiq olan Allahdır (c.c)” (Tövbə, 9/13; Əhzab, 33/37). Bir şəxs insanlardan qorxduğu üçün deyil, Cənab Allahdan (c.c) qorxduğu üçün günah işləməməlidir.  Hər bir insan gizli və açıq şəkildə etdiyi günah əməllərini Cənab Allahın (c.c) bildiyini dərk etməli, əməllərinin cəzasız qalmayacağına inanmalıdır.
 
Qeyd: Mövzuya davam edəcəyik...
 
Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top