AQTA Ağdaşda reyd keçirib – FOTO


Ağdaş Rayon İcra Hakimiyyətinin və Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə rayon ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərində reydlər keçirilib.

Bu barədə Yeniavaz.com-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Reydlər zamanı heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib. Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan qanunsuz heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb. Eyni zamanda, Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri üçün zəruri məlumatlar verilib.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə, qanunazidd fəaliyyət göstərməməyə, vətəndaşları isə bu sahədə ictimai nəzarətin gücləndirilməsi üçün prosesdə fəal iştiraka dəvət edir.

Esmira Hidayətova, Ağdaş

DİGƏR XƏBƏRLƏR

Top