Mingəçevir sakini: "Hər gün 5-6 ilan evə soxulur"


Mingəçevirdə 18 yaşlı oğlanı ilan sancıb.

Yeniavaz.com xəbər verir ki, Mingəçevirdə məcburi köçkünlərin məskunlaşdğı Turbaza deyilən ərazidə yaşayan 18 yaşlı Rəsulov Murad Valeh oğlunu ilan ayağından sancıb. Yaxınları gənc oğlanı dərhal xəstəxanaya çatdırıb. Xəstəyə ilan əlehinə zərdab vurulub. Xəstənin atası Valeh Rəsulov bildirdi ki, vəziyyəti qənaətbəxşdir.
V. Rəsulov deyir ki, ilanlar onların sanki ev heyvanına çevrilib:
"İlanlar demək olar ki, hər gün heç olmasa 5-6-sı evlərə soxulur. İlanlar bizi, uşaqları qorxutmaqla yanaşı toyuq-cücələri də məhv edir. 30 ilə yaxındır ki, burada ilanarla vuruşa-vuruşa yaşayırıq. Hər günümüz təhlükədir. Bu gündə yoldaşım soyuducunun qapısın açmaq istəyəndə soyuducunun üstündə gürzə ilanı ilə rastlaşıb".
Sakinlər bildirir ki, heç olmasa ərazi dezinfeksiya ediləndə ilanlar bir az azalır. Lakin burada heç bir dərmanlama işləri aparılmır.
Məsələ ilə bağlı Mingəçevir Dezinfeksiya idarəsinin rəisi Tahir Sadıqova müraciət etdik. O, isə bildirdi ki, onlar təsərrüfat hesablı idarə olduqlarına görə hər bir idarə müəssisənin dərmanlama işləri üçün onlarla müqaviləsi olmalıdır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top