Təsəvvüf düşüncəsinin dini təməlləri – 1


Hicri təqvimlə birinci və ikinci əsrlərdə, yəni İslamın doğuşunun ilk iki əsrində ibadətləri, dini əmr və buyruqları dərindən hiss edərək, dərin duyğu və coşqu ilə yaşamaq zöhd, riqaq-rəqaiq, təvqa və s. kimi sözlərlə ifadə edilir, belə şəxslərə də zahid və abid deyilirdi. Hicri üçüncü əsrdən sonra isə bu kimi mənaları ifadə etmək üçün təsəvvüf, suff, sufiyyə kimi terminlərdən istifadə edilmişdir. Bu dövrdən sonra təsəvvüf müstəqil bir elm sahəsi olaraq ortaya çıxmağa başladı. Təsəvvüf sözü hər nə qədər Quranda və hədislərdə keçməsə də mahiyyət olaraq bu təlimin ayə və hədislərdən qidalandığını, dayaqlarının İlahi kəlam və Peyğəmbər (s.ə.s) sözləri üzərində qurulduğunu demək olar.
Təsəvvüf qəlb təmizliyi, gözəl əxlaq və ruhu kamilliyə doğru aparan bir metod və vasitədir. Burada məqsəd mömin bir şəxsin tərbiyədən keçməsi, mənən yüksəlməsidir. Bu məqsəd və hədəfə çatmaq üçün dünyaya deyil, axirətə əhəmiyyət vermək, maddi dəyərlərdən daha çox mənəvi dəyərlərə yönəlmək, ibadətləri daha düzgün və doğru yerinə yetirmək, nəfsi ruhun və iradənin tərbiyəsi altında saxlamaq ən mühüm şərtdir.
İslam, möminlərin dünya həyatında maddi ləzzətlər içərisində boğulub qalmamasını, axirətə və mənəvi dəyərlərə üstünlük vermələrini istəyir. Bu haqdakı bəzi ayələr belədir:
“Kim azğınlıq etmiş və dünya həyatını üstün tutmuşsa, şübhəsiz ki, cəhənnəm onun sığınacağı olacaqdır (Naziat, 79/37-39).
“Siz dünya həyatını üstün tutursunuz. Ancaq axirət daha xeyirli və daha əbədidir” (Əla, 87/16-17).
Təsəvvüf təliminə görə, dünya həyatına axirət qədər və ya daha çox əhəmiyyət vermək böyük xətadır. Bu məqam Quran ayələrində və hədislərdə də öz əksini tapır:
“Dünya həyatı isə aldadıcı faydadan (həzz və əyləncədən) başqa bir şey deyildir” (Ali İmran, 3/185)
“Dünya həyatı yalnız oyun və əyləncədən ibarətdir” (Muhamməd, 47/36).
“Dünya həyatı sizi əsla aldatmasın. Şeytan da sizi Allahla (Allahın mərhəmətinə arxayın edərək) aldatmasın!” (Loğman, 31/33).
“Dünya mənfəəti azdır (fanidir). Axirət isə müttəqilər üçün daha xeyirlidir” (Nisa, 4/77).
“Bu dünya həyatı yalnız oyun və əyləncədən ibarətdir. Əsil həyat axirət yurdundadır. Kaş bunu biləydilər” (Ənkəbut, 29/64).
“Bilin ki, dünya həyatı yalnız oyun-əyləncə, bər-bəzək, bir-birinizə qarşı öyünmək, bir də mal-mülk və övlad çoxaltmaq yarışından ibarətdir” (Hədid, 57/20).
“Mal-mülk və oğullar dünya həyatının zinətidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid bağlamaq etibarilə daha xeyirlidir” (Kəhf, 18/46).
Quran ayələrində dünya həyatı təmsil dili ilə belə izah olunur:
“Onlar üçün dünya həyatını da misal çək. (Dünya həyatı) göydən endirdiyimiz su kimidir. Beləcə, yerdəki bitkilər onun sayəsində (böyüyüb bir-birlərinə) qarışar və sonra da küləyin sovurduğu çör-çöpə çevrilər. Allah hər şeyə qadirdir” (Kəhf, 18/45; Ali İmran, 3/117; Yunus, 10/24; Hədid, 57/20).
Qurana görə, insan dünyadan çox axirəti istəməlidir:
“Kim axirət qazancını istəyərsə, Biz onun qazancını artırarıq. Kim də dünya qazancını istəyərsə, ona ondan (dünya nemətlərindən) verərik. Ancaq axirətdə onun heç bir nəsibi olmayacaqdır” (Hədid, 57/20). Xülasə olaraq bu və digər ayələrin məzmunundan yola çıxaraq demək olar ki, zənginlik, qazanc, hər cür nemət axirətdə, Allah (c.c) qatında bol miqdarda mövcuddur (Nisa, 4/94).
Bu məsələ ilə bağlı, yəni dünya malına tamahın qınandığı, axirət nemətlərinin qalıcı olması ilə bağlı hədislər də vardır. Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur:
“Dünyada bir qərib kimi yaşa və ya bir yolçu kimi ol. Özünü (ölmədən əvvəl) qəbir əhlindən say!” (Buxari, Riqaq, 3; Tirmizi, Zöhd, 25; İbn Macə, Zöhd, 6).
“Dünyaya rəğbət etməyəni Allah (c.c), insanların malına göz dikməyəni də insanlar sevər” (İbn Macə, Zöhd, 1).
“Qəbirləri ziyarət edin. Bu davranış sizin dünyaya qarşı rəğbətinizi azaldar, axirət əməllərinə qarşı rəğbətinizi artırar” (İbn Macə, Cənaiz, 47).
Hədislərdən məlum olduğu üzrə Həzrət Peyğəmbərimiz (s.ə.s) ümmətini dünyanın cazibəsinə qapılmanın mümkün təhlükələri barədə xəbərdar etmişdir. (Buxari, Vəsaya, 1).
Həzrət Peyğəmbərimizin (s.ə.s) həyatına baxanda görürük ki, yuxarıda göstərilən prinsiplərə O (s.ə.s) şəxsən həyatına tətbiq edərək yaşamışdır. Bu mənada Allah Rəsulu (s.ə.s) heç vaxt dünya malına can atmamış, maddi ləzzətlərin dalınca getməmiş, həmişə axirət həyatını üstün tutmuşdur. O (s.ə.s) belə buyurmuşdur: “Uhud Dağı boyda qızılım olsaydı, borcumu ödəmək üçün ayıracağım məbləğ xaricində qızılın üç gündən çox mənimlə qalmasını istəməzdim” (Buxari, Zəkat, 4; Müslim, Zəkat, 31).
Həzrət Peyğəmbərimiz (s.ə.s) bu dünyadan köçəndə qızıl, ya da gümüş olaraq heç bir miras buraxmamışdır. Onun (s.ə.s) ümməti üçün buraxdığı əsas miras Quran və sünnəsidir. Bir müsəlman olaraq hər birimiz də bu mirasa sahib çıxaraq həyatımızı bu minval üzrə davam etdirməyə çalışmalıyıq.
 
Yazının davamını buradan oxuya bilərsiniz...
 
Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top