Azərbaycanda koronavirusla mübarizə tədbirlərinə büdcədən nə qədər pul xərclənib? – TAM SİYAHI


2020-ci ildə koronavirusla mübarizə tədbirlərinə dövlət büdcəsindən 1 milyard 985,9 milyon manat xərclənib.
Yeniavaz.com xəbər verir ki, bu məlumat Hesablama Palatasının 2020-ci il dövlət büdcəsinin icrasına dair rəyində yer alıb.
Məlumatda bildirilir ki, pandemiya ilə mübarizə tədbirlərinə dövlət büdcəsindən ayrılan vəsaitlər 12 istiqamət üzrə xərclənib:
1. Koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə əlavənin ödənilməsi, zəruri tibbi ləvazimatların və avadanlıqların, dərman vasitələrinin alınması, çarpayı fondunun artırılması və ixtisaslaşmış xəstəxanaların fəaliyyətlərinin təmin edilməsi, karantin nəzarətinə götürülmüş şəxslərə karantin müəssisələrində göstərilən xidmətlərlə bağlı xərclərin ödənilməsinə 612,5 milyon manat,
2. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək məqsədilə özəl sektorda çalışan 243 min nəfərdən çox işçilərin əməkhaqqlarının müəyyən hissəsinin ödənilməsinə 269,1 milyon manat,
3. 107 mindən çox fərdi (mikro) sahibkara maliyyə dəstəyinin göstərilməsi üçün 116,7 milyon manat,
4. Sahibkarlıq subyektlərinə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizinin subsidiyalaşdırılması, sahibkarlığın inkişafına əlavə dövlət dəstəyinin göstərilməsi üçün 70 milyon manat,
5. Xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasına uyğun olaraq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi üçün 447,9 milyon manat,
6. Əhalinin məşğulluq imkanlarının artırılması məqsədilə əlavə ödənişli ictimai iş yerlərinin yaradılması üçün 21 milyon manat,
7. Həyati vacib sərnişindaşıma və digər sərnişindaşıma fəaliyyəti göstərən hüquqi şəxslərə maliyyə dəstəyinin verilməsi üçün 267,3 milyon manat,
8. Güzəştli ipoteka kreditləri üzrə ayrılan vəsaitin artırılması üçün 90 milyon manat,
9. Respublikanın təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərclərinin ödənilməsi üçün 26,1 milyon manat,
10. Əhaliyə güzəştli işıq limitinin 2020-ci ilin aprel-may aylarında 100 kvts. həcmində artırılması üçün 10 milyon manat,
11. Digər zəruri tədbirlər üçün 16 milyon manat,
12. Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı beynəlxalq miqyasda tədbirlərin dəstəklənməsi üçün 39,3 milyon manat. Bu vəsaitin 17 milyon manatı ÜST-yə, 3,4 milyon manatı UNESCO və ISESCO-ya, 18,9 milyon manatı isə 18 xarici ölkəyə xərclənib.

DİGƏR XƏBƏRLƏR

Top