
Bir sıra dövlət müəssisələrinin dövlət büdcəsindən istifadə etdiyi vəsaitlər büdcəyə verdikləri töhfədən çox olub.
Yeniavaz.com xəbər verir ki, bu məlumat Hesablama Palatasının 2020-ci il dövlət büdcəsinin icrasına dair rəyində yer alıb.
Məlumatda bildirilir ki, ötən il dövlət büdcəsinə dövlət mülkiyyətində olan müəssisələr üzrə ümumilikdə 1 milyard 827,4 milyon manat vəsait daxil olub. Dövlət büdcəsindən dövlət mülkiyyətində olan müəssisələrə isə dövlət əsaslı vəsait qoyuluşu nəzərə alınmadan 3 milyard manatdan çox vəsait yönəldilib.
Hesablama Palatası tərəfindən 6 iri dövlət vergi ödəyicisi üzrə dövlət büdcəsindən icra olunan vəsait ilə onların dövlət büdcəsinə ödənişləri (vergi orqanları tərəfindən daxilolmalar) müqayisə edilib. Müqayisə göstərir ki,bir 1 iri vergi ödəyicisi (“Xəzər Dəniz Gəmiçiliyi” QSC) istisna olmaqla digərləri üzrə dövlət büdcəsinə ödənilən vergi və digər ödənişlərin məbləği həmin müəssisələr tərəfindən dövlət büdcəsindən icra olunan vəsaitdən az olub:
Dövlət şirkətləri | Büdcədən xərclənən vəsait | Büdcəyə daxil olan vəsait |
“Azərsu” ASC | 401,7 milyon manat | 10,6 milyon manat |
“Azərbaycan Hava Yolları” QSC (AZAL) | 225,9 milyon manat | 23,9 milyon manat |
“Xəzər Dəniz Gəmiçiliyi” QSC | 10 milyon manat | 13,3 milyon manat |
“Azərbaycan Dəmir Yolları” QSC | 695,3 milyon manat | 10,4 milyon manat |
“Azərenerji” ASC | 147 milyon manat | 33,5 milyon manat |
“Azəriqaz” İB | 51,5 milyon manat | 2,1 milyon manat |