Vətən müharibəsində Şuşa istiqamətində gedən döyüşlərdə yaralanan Abşeron rayon sakini, qazi Lətif Əliyev maddi vəziyyətinin özünün və övladının müalicəsinə imkan vermədiyini deyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Qafqazinfo”ya müraciət edən L. Əliyev bildirib ki, noyabrın 4-də Daşaltıda yaralanıb: “Sol ayağımdan güllə yarası, həmçinin kəllə-beyin travması almışam. Dabanım cırıq-cırıqdır. Dörd güllə də belimdən dəyib. Ancaq bronjiletim məni qorudu, qabırğalarım zədələndi. 25 saat döyüş bölgəsində qalmışam. Mənə YAŞAT fondu tərəfindən 2500 manat yardım edilmişdi. Bu günlərdə əlilliklə bağlı komissiyaya da çağırılmalıyam”.
Qazi daha çox 4 yaşlı oğlunun hələ də danışa bilməməsindən narahatdır: “Əvvəllər onu Xətai rayonunda loqopedə aparırdıq, pulsuz idi. Sonra taksi xərclərinə görə apara bilmədik. İndi də kəkələyərək danışır. Çox istərdik ki, bizə onun danışması üçün köməklik edilsin. Çox adama borcum var. Müharibəyə könüllü şəkildə getmişdim. Müharibədən qabaq satış təmsilçisi idim, yaxşı da dolanırdım. İndi əmək qabiliyyətimi itirmişəm”.
Qazinin oğlunun səhhəti ilə bağlı TƏBİB-dən bildirilib ki, uşağın vəziyyəti nəzarətə götürülüb: "Onlar Abşeron rayon Mərkəzi Xəstəxanasına yaxınlaşacaqlar və müalicə üçün orada uşağa lazımi köməkliklər göstəriləcək”.