Paşinyanın “oğlumu Bakıya girov verməyə hazıram” sözlərinə deputatdan REAKSİYA


Xəbər verdiyimiz kimi, Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan açıqlamasında Azərbaycandakı erməni diversantların qarşılığında oğlunu Bakıya girov verməyə hazır olduğunu deyib. Məsələyə münasibət bildirməsi üçün Milli Məclisin deputatı Fəzail Ağamalı ilə əlaqə saxladıq.
Fəzail Ağamalı Yeniavaz.com-a açıqlamasında bildirdi ki, Paşinyanın əsirlərlə bağlı sözləri populist, diletant həlli olmayan və birbaşa seçki kampaniyasına hədəflənmiş bir yanaşmadır:
"Azərbaycanda Ermənistanın əsirləri yoxdur, xüsusi xidmət orqanlarının diversantları var. Onların haqqında hazırda istintaq prosesi davam edir. Günahı olmayanlar sərbəst buraxılır və Ermənistana təhvil verilir. Günahı olanlar, Azərbaycan xalqına qarşı uzun illərdən bəri böyük cinayətlər törədənlər isə ədalət məhkəməsi ilə mühakimə edilir. Onlar bunu başa düşməli və qəbul etməlidirlər, beynəlxalq hüquq anlayışına hörmət etməyi bacarmalıdırlar”.
Millət vəkili bildirdi ki, Paşinyanın əsirlərlə bağlı sonuncu açıqlaması qeyri-peşəkar səviyyədə hazırlanmış olan teatr səhnəsidir:
“Vaxtilə Paşinyan öz oğlunu işğal olunmuş torpaqlarımızda hərbi xidmətə göndərdi. Adı orda oldu lakin özü gecə klublarında istirahətini davam etdirdi. Müharibə dövründə də guya oğlunu və həyat yoldaşını  müharibə gedən ərazilərə göndərdiyi  ilə bağlı məlumatlar Ermənistanın KİV-lərində yayıldı. Bu cür yanaşmalar ola bilsin ki, Ermənistanda Paşinyanın qarşıdan gələn parlament seçkilərində toplayacağı səsi müəyyən dərəcədə artıra bilər. Lakin Azərbaycan məsuliyyətli, hüquqi dövlətdir. Azərbaycanda bütün məsələlərə və proseslərə beynəlxalq hüquq və prinsipləri çərçivəsində yanaşılır və bəşəri dəyərlərə də xüsusi hörmət bəslənilir”.

Nəzmiyyə Sadıqova

DİGƏR XƏBƏRLƏR

Top