İş adamı: "Fəaliyyətimizə imkan vermirlər, inhisarçılıqla məşğuldurlar" – Nazirlik araşdırma başlatdı + FOTOLAR


"Azərkarton" MMC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq məktubu əsasında Təhsil Nazirliyi tərəfindən aidiyyatı qurumlara yazılı məlumat verildiyi halda yerlərdəki Ərazi Maliyyə Hesablaşma Mərkəzlərindən bəzilərinin təhsil müəssisələrindəki kağız və karton tullantıların onlara verilməsinə maneələr yaratdıqlarını iddia edirlər.
Yeniavaz.com-a müraciət edən "Azərkarton" MMC-nin əməkdaşları Əfqan Lətifov və Rövşən Lətifov bildiriblər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi təhsil müəssisələrindəki kağız və karton tullantıların toplanılması və emalı üçün onların əməkdaşı olduğu şirkətlə yanaşı daha bir şirkətə - “Azərbaycan Kağız və Karton İstehsalatı Kombinatı” MMC-yə (AKKİK) də icazə verib:
“Biz təhsil nazirinin sabiq müavini Məhəbbət Vəliyevanın nazirliyin tabeliyindəki təhsil müəssisələri, idarə və təşkilatlara 20 aprel 2020-ci ildə göndərdiyi məktubun icra edilməsini istəyirik. Həmin məktubda sözügedən qurumlardan orta məktəblərdəki istifadə müddəti başa çatmış kitabların iki MMC-yə - "Azərkarton" və AKKİK MMC-yə verilməsi xahiş olunur. Bu şirkətləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən audit və keyfiyyətə nəzarət yoxlaması əsasında seçir. Karton zavodu çoxdur, lakin sözügedən yoxlamalardan sonra bu iş üçün sadəcə bu iki təşkilat uyğun görülüb. Yəni yerlərdə tullantıları toplamaq üçün hər iki şirkət müraciət edirsə, onlara eyni imtiyazlar verilməlidir. Tullantıları toplamaq üçün məktəblərin yarısı digər şirkətə verilirsə, yarısı da bizə verilməlidir. Çünki siyahıda bu iş üçün sadəcə iki şirkət nəzərdə tutulub. Lakin biz "Azərkarton" MMC-nin əməkdaşları olaraq yerlərdəki Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinə müraciət edən zaman onlardan bəziləri bizimlə çox kobud rəftar edirlər. Biz ötən gün 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəhbəri Zahid Təhməzova müraciət etdik. Tərtərdə yerləşən bu qurum Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon Təhsil Şöbələrinin maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirir. Biz həmin rayonlardakı orta məktəblərdən istifadə müddəti başa çatmış kitabları toplamaq üçün sözügedən quruma rəsmi məktub ünvanlamışıq. 10 gün əvvəl də həmin quruma müraciət edərək məktubun icrasının təmin edilməsini istəmişdik. Lakin bir neçə gün öncə artıq digər şirkətin, yəni AKKİK MMC-nin Ağcabədi rayonunda kitab yığımına başladığını öyrəndik. Sözügedən rayonun təhsil şöbəsinin müdirinə müraciət etdik. Bildirdi ki, məsələ onluq deyil, Zahid Təhməzovluqdur. Zahid Təhməzova müraciət edirik, bildirir ki, o təhsil şöbəsinin müdirinə bu məsələ ilə bağlı hər hansı tapşırıq verməyib. Z. Təhməzov bildirdi ki, siz də kitab yığımına başlaya bilərsiniz. Ağcabədi Rayon Təhsil Şöbəsinin müdiri İsmayıl Həsənov məktəbləri hər iki şirkət arasında bərabər şəkildə bölüşdürdü və bildirdi ki, həftənin birinci günündən etibarən kitab yığımına başlaya bilərik. Lakin biz kitab yığmaq üçün məktəblərə gedəndə bildirdilər ki, Zahid müəllim qoymur. Bizim şirkətin hüquqşünası Zahid Təhməzovla görüşüb, məsələ barədə məlumat verəndə, o belə cavab verdi:
“Kitab mənim deyil? Kimə istəsəm verərəm!”.
Bizə bildirir ki, digər şirkət bizdən daha əvvəl müraciət edib. Lakin bizim rəsmi müraciətimiz əlimizdə olduğu halda, Z. Təhməzov digər şirkətin rəsmi müraciətini göstərə bilmir. Bunu tələb etdikdə isə deyir ki, “şifahi deyiblər, kişi deyilikmi?”. Halbuki, bunun üçün rəsmi müraciət şərtdir.
Eyni maneələri bizə 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəhbəri Elçin Həsənzadə də yaradır. Elçin Həsənzadənin müavini Fəxri müəllimə müraciət edirik, bizə bildirir ki, sizə bununla bağlı rəsmi məktub göndərəcəyik. Rəsmi məktub da gələnə kimi, digər şirkət qurumun təbeliyində olan təhsil müəssisələrindəki bütün kitabları yığacaq.
Şəmkir RTŞ-nin müdiri Qüdrət Əliyev bizə deyir ki, onlara Təhsil Nazirliyi tərəfindən göndərilən məktub 2020-ci il tarixli olduğu üçün heç bir əhəmiyyəti yoxdur. Biz isə bildiririk ki, eyni məzmunlu məktubun yenisi gəlmədiyi müddətcə, göndərilən məktub əhəmiyyətini itirmir. Təhsil Nazirliyindən bizim müvafiq sorğumuza cavab olaraq bunu təsdiq edən məktub da göndərilib. Q. Əliyev deyir ki, kitab yığımına görə bizə icazə verməsi üçün nazirlikdən ona kimsə məktub yazmalıdır. Yəni nazir müavininin məktubunun icrası üçün hər hansı bir sektor müdirindən icazə istəyir. Halbuki, elə bir qayda yoxdur. Nazirlik iki şirkətə şərait yaradılması üçün rəsmi məktub ünvanlayıb.
Bizə bildirirlər ki, bunlara bizə maneələr yaratması üçün tapşırığı nazirliyin Maliyyə şöbəsinin müdir müavini Vüqar Əsgərov verib. O yerlərdəki idarələrə göstəriş verir ki, təhsil müəssisələrindən kitab yığmaq işini birinci şirkətə, yəni AKKİK MMC-yə verin. Bəs o zaman biz bu siyahıda niyə varıq? Biz Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinə rəsmi şəkildə, yazılı müraciət etdiyim halda bizə maneələr yaradırlar, amma digər şirkətin sözlü sifarişi əsasında onların əməkdaşlarına kitabları yığmağa icazə verirlər. Burada inhisarçılq və özbaşınalıq var.
Təhsil Nazirliyinin Maliyyə şöbəsinin aparıcı mütəxəssisi Kamran Zeynalov Yevlax RTŞ-ə qeyri-rəsmi məktub göndərib ki, kitabların yığımı üçün yalnıc AKKİK MMC-yə icazə verin. Hansı əsasla verdiyi bəlli deyil”.
Şirkətin nümayəndələri iddia edirlər ki, sözügedən məsələlərlə bağlı Təhsil Nazirliyinə müraciət etsələr də, heç bir nəticəsi olmayıb.
"Azərkarton" MMC-nin əməkdaşları Təhsil Nazirliyi tərəfindən Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinə ünvanlanan məktubu, Təhsil Nazirliyi tərəfindən sözügedən məktubun hələdə qüvvədə olması ilə bağlı müvafiq sorğuya cavabını və şirkətin 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəhbəri Zahid Təhməzova müraciətini təqdim ediblər:




Məsələ ilə bağlı aidiyyatı Ərazi Maliyyə Hesablaşma Mərkəzləri və rayon təhsil şöbələri ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Yeniavaz.com-a açıqlamasında bildirib ki, məsələdən xəbərdardırlar və bununla bağlı nazirlikdə araşdırma başladılıb:
“O məsələdən xəbərimiz var, bununla bağlı bizə də müraciət olunub. Araşdırma aparırırq. Nəticəsi ilə bağlı məlumat verəcəyik”.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top