14 yaşlı qızla nişanlanmaq istəyən Rusiya vətəndaşı imiş – Komitədən AÇIQLAMA – YENİLƏNİB


"Sosial şəbəkələrdə yayılan məlumat doğrudur. Baş vermiş xoşagəlməz hadisənin qarşısı alınıb".

Bu sözləri Masallı rayon Bədəlan kəndinin sakini olan 14 yaşlı qızın nişanlandırılması ilə bağlı yayılan iddialar barədə Yeniavaz.com-a açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.
O bildirib ki, qızla nişanlanmaq istəyən Seymur adlı şəxs Rusiya vətəndaşıdır və bununla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət olunub: "Hüquq-mühafizə orqanları və rayon icra hakimiyyətinin nümayəndələri ailədə olublar və onları məlumatlandırıblar ki, əgər toy mərasimi təşkil olunarsa qanunvericiliyə uyğun tədbr görüləcək. Ailəyə izah olunub ki, 18 yaşadək bu toy baş tuta bilməz. Seymur adlı şəxs Rusiya Federasiyasının vətəndaşı olduğundan Dövlət Miqrasiya Xidmətinə də müraciət olunub. Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi tərəfindən Masallı Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına toyun baş tutmaması üçün məsələni nəzarətdə saxlamaları barədə müraciət olunub. Qızın 18 yaşı tamam olduqdan sonra toy baş tuta bilər".

***11:22

"Nişanlanma olmayıb, söz kəsmək istəyiblər. Biz bunun qarşısını aldıq".
Bu sözləri Masallı rayon Bədəlan kəndinin sakini olan 14 yaşlı qızın nişanlandırılması ilə bağlı yayılan iddialar barədə Yeniavaz.com-a açıqlama verən sözügedən kəndin icra nümayəndəsi Hacırza Nağıyev deyib. O bildirib ki, ana qarşı tərəfə rədd cavabı verib və övladını oxudacağını deyib: "Nişanlanma olmayıb, söz kəsmək istəyiblər. Biz bunun qarşısını aldıq. İcra hakimiyyətindən nümayəndələr, polis əməkdaşları və məktəbin direktoru ilə birlikdə gedib qızın özü və anası ilə söhbətləşdik. İzah etdik ki, bu qeyri-qanuni addımdır. Bildirdik ki, söz kəsilməsi də məktəbli uşaq üçün həmyaşıdları arasında problemlərə səbəb ola bilər. Onlar da bizimlə razılaşdılar. Məsələni aktlaşdırdıq. Ana da bildirdi ki, başa düşməyib və qarşı tərəfə rədd cavabı verib. O övladını oxudacağını bildirdi. Qızın atası dünyasını dəyişib".

***10:34
“Mayın 5-də Lənkəran şəhərinin istirahət mərkəzlərinin birində 14 yaşlı qızla 38 yaşında kişinin nişan mərasimi keçirilib”.

Yeniavaz.com xəbər verir ki, bunu “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, nişanlanan qız Masallı rayon Bədəlan kənd sakini, 8-ci sinif şagirdi Zeynəb İsmayılova (ad, soyad şərtidir) olub:

“14 yaşlı məktəbli qızın atasının vəfat etdiyi üçün o hazırda anası ilə birlikdə Bədəlan kəndində babasının evində yaşayır. Seymur adlı oğlan isə Rusiya vətəndaşıdır və orada sahibkarlıqla məşğul olur”.

O əlavə edib ki, qız özündən 24 yaşlı böyük nişanlısı ilə Rusiyada yaşayacaq:

“Bir müddət sonra isə 38 yaşlı şəxs ailədən etibarnamə alaraq qızı da Rusiyaya aparacaq. Sonra da 14 yaşlı qız ana olmağa hazırlaşacaq”.

DİGƏR XƏBƏRLƏR

Top