İslama görə saqqal saxlamağın hökmü


Mövzuya bir hədislə başlamaq istəyirəm. Həzrət Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Müşriklərə müxalifət edin; Bığları qısaldın, saqqalı uzadın” (Müslim, Təharət 54). Son dövrün bəzi İslam alimlərinin fikirlərini ayrı tutarsaq, saqqal uzatmanın Həzrət Peyğəmbərimizin (s.ə.s) sünnələrindən biri olduğu ilə bağlı İslam alimləri arasında bir ittifaq və söz birliyi vardır. Misirli alim Muhamməd Əbu Zəhra timsalında bəzi alimlər saqqal saxlamağı “dövrün adəti” (Muhamməd Əbu Zəhra, Üsulul-Fiqh, s. 38) olaraq qəbul etsələr də, Həzrət Peyğəmbərimizin (s.ə.s) həm yaşayaraq, yəni feili olaraq, həm də sözlü şəkildə tövsiyə etmiş olması saqqal saxlamağın Peyğəmbər (s.ə.s) sünnəsi olduğunu göstərir. Muhamməd Əbu Zəhra hər nə qədər Həzrət Peyğəmbərimizin (s.ə.s) saqqal saxlamasını dövrün adətinə bağlı bir əməl olaraq qəbul etsə də; “Bir insan Peyğəmbərimizin (s.ə.s) bu adətinə əməl etmək düşüncəsi ilə saqqal saxlasa, savab qazanar” demişdir. Nəticədə saqqal saxlamağı həm bir sünnə olaraq qəbul edənlər, həm də dövrün adətinə tabe olmaq kimi anlayan alimlər burada bir xeyir və savab əldə ediləcəyini vurğulayırlar. Çünki əgər niyyətdə sünnəyə əməl etmək varsa, burada onsuz da savab əldə ediləcəkdir. İkinci görüş isə belədir ki, Həzrət Peyğəmbər (s.ə.s) dövrün adətinə uyğun olaraq saqqal saxlamışdır, biz də Peyğəmbərə tabe olaraq saqqal saxlasaq, savab əldə edəcəyik.
Digər tərəfdən, “saqqal sünnədir, yoxsa dövrün adətidir?” sualına cavab verilən bir sıra məqalə qələmə alınmışdır. Bu yazıda əsasən mövzu ilə bağlı çox da təmas edilməyən bir məsələyə toxunmaq istəyirik. Görəsən saqqal saxlama sünnəsini müxtəlif səbəblərə görə tərk edən bir müsəlmanı məhz bu sünnəni tərk etdiyinə görə tənqid etmək doğrudurmu?
Əldə olan rəvayət və dəlillərə əsasən deyə bilərik ki, saqqal saxlamağın sünnə olub-olmadığını müzakirə etməyə dəyməz. Çünki saqqal saxlamaq “dövrün adəti”nə əsaslanan bir əməl deyil, Həzrət Peyğəmbərimizin (s.ə.s) həm feili olaraq tətbiq etdiyi, həm də sözlü bir şəkildə tövsiyə etdiyi bir sünnəsidir. Ancaq bir məqam var ki, saqqal saxlamaq bir sünnə olsa da, saqqal saxlamamaq haram əməl deyil. Buna görə də saqqal saxlamayan müsəlmanlara günah işlədiklərini söyləmək sərt bir tənqid və sərt bir yanaşmadır. Həmçinin bir insanın arxasından onun günah işlədiyini demək, onun qeybətini etmək deməkdir. Qeybət etmək isə haram bir əməldir.
Müşriklərə müxalifət etmək...
Həzrət Peyğəmbərimiz (s.ə.s) saqqal saxlamaqla bağlı bir hədisdə “Müşriklərə müxalifət edin” digər hədisdə də “Məsucilərə müxalifət edin” buyurur. Hədisdəki bu kimi detallara diqqət edilməlidir. Çünki bu kimi detallara diqqət etmədən hədisdə qəsd edilən mənanı doğru anlamaq mümkün olmaz. Sual oluna bilər ki, nə üçün Allah Rəsulu (s.ə.s) “müşriklərə və məcusilərə müxalifət edin” buyurmuşdur? Allah Rəsulu (s.ə.s) nəinki səhabələrin, ümumiyyətlə bütün müsəlmanların müşriklərə bənzəmələrini qadağan etmiş (Buxari, Libas, 64), əhli-kitaba bənzəmək barədə isə hər hansı bir qadağa gətirməmişdir. Çünki mənbə olaraq həm müsəlmanlar, həm də əhli-kitab səmavi dinə mənsub idilər. Daha sonra həm müşriklərə, həm də əhli-kitaba bənzəməmək Allah Rəsulunun (s.ə.s) bir şüarı olmuşdur (Əbu Davud, Salat, 88). Allah Rəsulu (s.ə.s) bir müsəlmanın saç və saqqal daxil olmaqla hər bir xüsusda özü olmasını, hər bir müsəlmanın öz üzərində bir İslam kimliyi daşımasını istəmişdir.
Sahib olduğumuz bir gözəlliyə, ya da əməl etdiyimiz bir Peyğəmbər (s.ə.s) sünnəsinə, misal üçün, saqqal saxlama sünnətinə əməl etdiyimizə görə digər müsəlmanlar qarşısında üstünlük yarışına girmək doğru deyil. Unutmamalıyıq ki, Həzrət Peyğəmbərimizin (s.ə.s) sünnəsi saqqal saxlamaqdan ibarət deyil. Həmçinin Onun (s.ə.s) bütün sünnəsinə əməl edə bilsək, kamil bir mömin olarıq. Buna görə də başqa bir din qardaşının dini həssaslığını sorğulayacaq, ya da sual altında qoyacaq şəkildə öz dindarlığını insanlara göstərmək riya sayıla biləcək və bu, mənən təhlükəli bir haldır. Üstəlik Həzrət Peyğəmbərimizin (s.ə.s) saqqaldan daha vacib olan bəzi sünnələri vardır ki, əgər bunu anlasaq, saqqal sünnəsi ətrafında müsəlmanların bir-birlərinin qeybətini etmələrinin nə qədər yersiz olduğu anlaşılar. Həmçinin sünnələri yerinə yetirməklə bağlı bir dəyər və hökm veriləcəksə, meyar qoyulacaqsa, bir nəfərin gecə qalxaraq təhəccüd namazını əda edib etməməsi, saqqal sünnəsinə əməl edib-etməməsindən daha güclü bir meyar və dəyər ölçüsüdür. Burada saqqal saxlama sünnəsinin, haşa əhəmiyyətsiz və dəyərsiz bir sünnə olduğu anlaşılmamalıdır. Burada məqsəd dini meyarlar baxımından məsələni aydınlaşdırmağa çalışmaqdır.
Nəticə olaraq deyək ki, saqqal saxlamaq Həzrət Peyğəmbərimizin (s.ə.s) sünnəsidir və savabı çoxdur. Ancaq saqqalı tərk etmək də haram deyil. Başqa sözlə, saqqal sünnəsini yerinə yetirən bir müsəlman savab qazanacaqdır, ancaq müəyyən səbəblərə görə bu sünnəni yerinə yetirə bilməyən bir müsəlman günaha düşmüş sayılmaz. Bu mənada həyatını dini qaydalara riayət edərək yaşamağa çalışan bir şəxsin saqqal saxlamayan digər müsəlman qardaşını tənqid etməsi, bu əməlinə görə onun günahkar və haram əməl sahibi olduğunu deməsi doğru davranış deyil.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top