Milyardlarla ton neft və qaz rezervi olmasına baxmayaraq insanların kasıb olduğu ölkə – Türkmənistan


Türkmənistan insan azadlığının olmadığı ilk 5 ölkə arasındadır.
Yeniavaz.com
xəbər verir ki, Türkmənistan qeyri-adi qadağalar və gülməli qərarların olduğu ölkələrdən biridir. Bir müddət əvvəl prezident Qurbanqulu Berdiməhəmmədovun yazdığı kitabı məmurların öpüb başına qoyduğu kadrlar çox müzakirə edilmişdi. Bu ənənənin əsası Türkmənistanın müstəqillik qazandığı illərdə qoyulub. Belə ki, SSRİ-nin dağılmasından sonra Türkmənistan da digər ölkələr kimi müstəqilliyini elan etdi. Bir namizədin qatıldığı seçkilər keçirildi və Saparmurad Niyazov 99,5 faiz səs toplayaraq ölkə başçısı oldu. Daha sonra parlament ona “Türkmənbaşı” titulunu verdi. Beləcə, Niyazov dünyadakı bütün türkmənlərin lideri olur. Ölkə mediası onu millətin xilaskarı kimi tanıtmağa başladı. Orduda xidmət etməməsinə rəğmən marşal kimi təqdim edilirdi. Özünün yazdığı “Ruhnama” adlı kitabı bütün türkmənlərin müqəddəs kitabı elan etdi. Həmin kitabda ay və gün sözlərini dəyişdirərək, yanvar ayına öz adını aprel ayına isə anasının adını vermişdi. O daha da irəli gedərək özünü şah elan etmək istəyir ancaq, İran və Rusiya buna qarşı çıxır. Bunun əvəzinə özünü ömürboyu prezident elan edir və paytaxtda qızıldan heykəlini qoydurur. 30 il bu cür davam edir.
Türkmənistan haqqında araşdırmalar aparan müstəqil jurnalist Nazlıgül Kenzetay sonuncu reportajında ölkəndə insanların düşdüyü acınacaqlı vəziyyətə diqqət çəkib. O bildirir ki, Xəzər dənizi sahillərində Türkmənistanın 11 milyard ton neft rezervləri var. 12 trilyon 177 milyard kub metr isə təbii qaz rezervləri var. Buna baxmayaraq ölkə vətəndaşlarının vəziyyəti gərgindir. İnsanların orta maaşı 30-70 dollar arasındadır. Xaricə gedib, fəhlə işləyərək ailəsinə yaşaya bilməsi üçün pul göndərən şəxslərin sayı durmadan artır. Ölkənin yarıdan çoxunun işsiz olduğu bildirilir. Paytaxt Aşqabad gündən-günə gözəlləşir, çox sayda müasir tipli evlər, binalar tikilir, yollar inşa edilir ancaq, şəhər demək olar ki, tamamilə boşdur. İnsanlar ölkədən qaçırlar. İnsanların maddi rifahı gündən-günə pisləşir. Ölkəni tərk edənlərin qarşısını almaq üçün isə qeyri-adi bir qadağda qoyurlar. Belə ki, əgər sizin yaşınız 30-a çatmayıbsa ölkəni tərk edə bilməzsiniz.
Türkmənistana viza almaq və ora səyahət etmək olduqca çətindir. Xüsusilə jurnalistlərin ora getməsi demək olar ki, qeyri mümkündür. 
Nazlıgül Kenzetay deyir ki, 2015-ci ildən Türkmənistana qara avtomobillərin idxalı qadağan edilib. Çünki, ölkə prezidenti qara rəngin uğursuzluq gətirdiyinə inanır. “Youtube”, “twitter”, “facebook” qadağandır. Yeni evlənən şəxslər mütləq ölkə başçısının fonda olduğu bir foto çəkdirməlidirlər. Toy albomlarında ən az prezidentin 3 fotosu olmalıdır. Bu qayda rəsmi olmasa da dövlət məmurları evlənən şəxslərə bunun məcburi olduğunu söyləyir. 
Bütün bu hallar dünya tərəfindən bilinsə də beynəlxalq təşkilatlar və digər ölkələr tədbir görə bilmir. Buna səbəb kimi isə Türkənistanın Çin və Rusiya ilə güclü əlaqələrinin olduğu göstərilir.

DİGƏR XƏBƏRLƏR

Top