3 ay əvvəl yaranan şirkət AMEA-nın 35 min manatlıq tenderində qalib oldu


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Dımex-CO” MMC olub.
“Dımex-CO” MMC AMEA-nın Ədəbiyyat İnstitutuna 34 min 849 manat 70 qəpik dəyərində dəftərxana və təsərrüfat malları satacaq.
Tender müsabiqəsilə bağlı maraqlı məqamlardan biri odur ki, AMEA tender müsabiqəsini may ayının 18-də elan edib. Müsabiqənin qalibi olan “Dımex-CO” MMC isə elandan cəmi 3 ay əvvəl – fevral ayında dövlət qeydiyyatına alınıb.
Məlumat üçün bildirək ki, “Dımex-CO” MMC 04.02.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC Yasamal rayonu, Həsənbəy Zərdabi, ev 4, m. 18 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədzadə Mirzəağa Rafiq oğludur.
Xatırladaq ki, "Dövlət Satınalmaları Haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
 

DİGƏR XƏBƏRLƏR

Top