Direktor: "Hər yeni uğur məsuliyyəti daha da artırır" – FOTO


Hər bir ölkəninin inkişafı onun dünyada rəqabət qabiliyyətini müəyyən edən insan potensialının hərtərəfli hazırlığından, intellektual səviyyəsindən asılıdır. Gənclik şəhəri Mingəçevir hələ sovetlər zamanında da təhsildə uğur əldə edirdi və bu gün də öz əhəmiyyətini qoruyub saxlayır.
"Bu gün Mingəçevir sabaha inamla addımlayır və onun sabaha gedən yolu təhsilindən keçir" - desək, yanımarıq. Mingəçevir təhsilində əldə olunan uğurlar şagirdlərlə yanaşı müəllimləri də sevindirir. Bu günlərdə daha bir uğura imza atan, şəhid İ.Kişiyev adına 17 sayl tam orta məktəbin yeni təyin olunmuş gənc direktoru Ceyhun Atayevlə bu barədə görüşüb təəssüratlarını aldıq və onların əldə etdikləri uğura birgə sevindik.
Qeyd edək ki, məktəb uzun illər təmirsiz və şəraitsiz vəziyyətdə olsa da xüsusi istedada malik uşaqları zaman-zaman üzə çıxarmağa bacarıb. Bunun üçün şagirdlər fənn olimpiadalarına qatılır və istedadlı şagirdlər fərqənirlər. Belə şagirdlərdən biri də məktəbin 7-ci sinif şagirdi Atayeva Fidan Polad qızıdır. Fidan Respublika fənn müsabiqəsinin final mərhələsinin Mingəçevir şəhəri üzrə 78 şagird arasından yeganə qalibidir. O, biologiya fənnindən Respublika üzrə 3-cü yerə layiq görülmüşdür. 
"Müəllim üçün şagirdin uğurları ən böyük mükafatdır" - deyən direktor bildirdi ki, insan öz işindən iki dəfə zövq alır. Bir həmin işi görən zaman, bir də o iş dəyərlənəndə: "Mən bu məktəbdə şagirdlərə tarix fənnini tədris edirdim. Ötən il 46 balla direktorların işə qəbulu müsabiqəsində iştirak edib nazirimiz Emin Əmrullayevin əmri ilə bu məktəbə direktor təyin olunmuşam. Şagirdlərin uğurları bizləri çox sevindirir. Məktəb böyük bir müəssisədir. Bu müəssisədə övladlarımıza təhsil verilir, onların gələcəkdə həyat uğurları əldə etmələri üçün böyük bir müəllimlər orsusu əmək sərf edir. Bu işdə fədakar müəllimlərimizə nə qədər dəstək olmağa çalışsaq da yenə bütün zəhmət onların üzərindədir. Yeri gəlmişkən qeyd edim ki, belə müəllimlərdən biri də gənc biologiya müəliməmiz Günay xanım Kərimovadır. Günay müəllimənin timsalında onu demək istərdim ki, müəllimlərimiz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirirlər. Məktəbimizdə 540 şagirdin təlim-tərbiyəsi ilə 55 müəllim məşğul olur. Onu da demək yerinə düşərdi ki, XI siniflərdə keçirilən buraxılış imtahanlarında da müsbət nəticələr əldə edilib. Belə ki, məktəbimizin 6 şagirdi mümkün 300 baldan 220-dən yuxarı bal toplayıblar. Onlardan 2 nəfəri 270-dən yuxarı bal toplayıb. Bundan başqa şagirdlərimiz müxtəlif müsabiqələrdə də fəal iştirak ediblər”.

Qalib olan şagird Fidan bizimlə söhbətində bildirdi ki, ona bu fənni sevdirən  biologiya müəllimi Günay xanıma ürəkdən təşəkür edir: "İnanıram ki, gələcək illərdə də hər birimiz daha yüksək nailiyyət əldə edərik. Mən bu sevinci bütün yoldaşlarımla bölüşürəm".
Biologiya müəllimi Günay Kərimova deyir: "Dərs dediyim sinifdə əla qiymətlərlə oxuyan şagird çoxdur. Fidan isə həmin şagirdlərin içərisində xüsusi istedadı ilə, təmkini, məntiqi və bacarığı ilə seçilir. Mən bir müəllim olaraq Fidanın uğur qazanacağına inanırdım. Bu yolda hər ikimiz çalışdıq və çəkdiyimiz əziyyətin  bəhrəsini gördük. İnanıram ki, gələcəkdə də Fidan daha ön sıralarda olacaqdır. Bu uğurlar bizi arxayın salmayacaq və bundan sonra məsuliyyətimiz daha da  artacaq”.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top