Şəhidin son arzusu: "Oğluma mənim adımı qoyun"


Haqqında söhbət açdığımız şəhid həm ailəsində, həm də xidmət etdiyi hərbi hissədə döyüş yoldaşlarının, komandirinin və doğmalarının gözündə həmişə uca olub. O, bu ucalığı vətənpərvərliyi, mərdliyi ilə qazanıb. Haqqında söhbət açdığımız bu igid Mingəçevirdən olan şəhid Pərvin Azər oğlu Həmidovdur. Pərvin 1994-cü il martın 8-də Yevlax rayonunun Beydili kəndində anadan olub. 2000-ci ildə Yevlax rayonunun Xaldan qəsəbəsində 1-ci sinifə gedib. 2006-ci ildə Mingəçevir şəhərinə köçüb və 2011-ci ildə 25 N-li Kəlbəcər məktəbindən məzun olub. 2012-ci ilin aprelindən 2013-cü ilin oktyabrına qədər hərbi xidmətdə olub. İki il Gəncə şəhəri yol idarəsində sürücü işləyib. 2017-ci ildə ailə həyatı qurub. İki övladı var. Oğlu Azər 2018-ci, qızı Nilay 2020-ci ildə anadan olub. 2019-cu ilin dekabr ayında Tərtər rayonun N saylı hərbi hissədə sürücü vəzifəsində müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb.
Hərbi avtomobil sürücüsü olan Pərvin Həmidov 44 günlük Vətən müharibəsində sözün əsl mənasında şərəflə döyüşüb. Cəbhənin Suqovuşan, Talış və Murov dağı istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanlığı ilə diqqət çəkib və düşmən texnikasının ələ keçirilməsində, düşmən səddinin yarılmasında xüsusi şücaət göstərib.

Bu günlərdə şəhidin həyat yoldaşı Günay xanımla görüşüb onun xatirələrini dinlədik. Günay xanımın söylədiklərindən: "Quduzlaşmış düşmənin  həyasızlığı və özbaşınalığı qəlbi vətən sevgisi ilə dolu bütün ərənlərimiz kimi Pərvinin də intiqam hissini coşdurmuşdu. Biz sevib ailə həyatı qurmuşduq. İki övladımz var. Pərvin şəhid olanda Nilay 6 aylıq idi. Elə bil şəhid olacağı ürəyinə dammışdı. Deyirdi şəhid olsam, oğlum Azərin adını dəyişib mənim adımı verin. Biz onun bu arzusunu yerinə yetirdik. Oğlumuz indi şəhid atasının adını daşıyır. Övladlarının üzünü doyunca görə bilmədi. Oğlunu hərbçi kimi görmək istəyirdi. Hətta son dəfə zəng vuranda demişdi ki, Azərin ad gününə gələcəm, özü də tək gəlməyəcəm, komanirim və döyüş yoldaşlarımla gələcəm. Gəldi, komaniri də ,dostları da, amma onun özünü şəhid olaraq gətirdilər. Azərin ad günü Pərvinin şəhadətə ucaldığı gün idi. Pərvin bu gün də bizim üçün sağdır. Mən bir şəhid yoldaşı kimi söz vermişəm ki, onun övladları ilə bağlı bütün arzularını yerinə yetirəcəm. Yoldaşımla fəxr  edirəm”.
Qeyd edək ki, şəhidimiz 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayandan döyüşlərdə iştirak edib. Talış-Suqovuşan istiqamətində 457-ci yüksəklikdə 01.10.2020-ci il tarixdə şəxsi heyəti təhlükəsiz yerə çıxararkən qəlpə yarası ilə şəhidlik zirvəsinə ucalıb. 02.10.2020-ci ildə şəhidimizin nəşi Mingəçevir şəhərinə gətirilib və Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən şəhid Həmidov Pərvin Azər oğlu “Vətən uğrunda”  və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Ruhun şad olsun, şəhidim!

Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top