Ötən illə müqayisədə SOCAR benzini xaricdən 16% ucuz alır – RƏQƏMLƏR


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda “Aİ-95” (“Premium”) markalı benzinin qiyməti  12% bahalaşaraq 1 manat 25 qəpikdən  1 manat 40 qəpiyə yüksəlib. Məsələ ilə bağlı açıqlama verən SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib ki, Aİ-95 markalı benzinin qiyməti dünya bazarlarındakı neft qiymətlərilə tənzimlənir.
Yeniavaz.com
-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, Azərbaycanın xaricdən idxal etdiyi “Aİ-95” markalıə benzinin qiyməti ötən illə müqayisədə ucuzlaşıb.
Məlumat üçün bildirək ki, bu ilin ilk 3 ayı ərzində Azərbaycana xaricdən 26 min 277,71 ton (35 milyon 28,2 min litr) “Aİ-95” markalı benzin gətirilib. 
Ölkəyə idxal olunan “Aİ-95” markalı benzinin 1 litrinin gömrük dəyəri 48 sent (81 qəpik) təşkil edib. Qeyd edək ki, ötən ilin eyni dövründə bundan təxminən 40% az - 15 min 312,86 ton (20 milyon 412 min litr) “Aİ-95” markalı benzin idxal olunub və idxal olunan benzinin 1 litrinin gömrük dəyəri 57 sent (97 qəpik) təşkil edib.
Rəqəmlərdən də göründüyü kimi, son bir ildə ölkəyə gətirilən “Aİ-95” markalı benzinin miqdarı artıb, gömrük dəyəri isə 16% azalıb. 
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top