Qisas – Hekayə


Bu otaqdakı xəstə bir həftədir burdadır. Yaxınları yoxdur deyəsən. Nə biz tapmışıq yaxınlarını, nə də onu kimsə axtarıb. Qonşuları təcili yardım çağıraraq aşkar ediblər xəstəliyini. Son 3 gündür vəziyyəti daha da kritikləşib deyə reanimasiyaya gətirəsi olduq. Baş həkimin dediyinə görə, tufeyli həyat sürən biridir deyəsən. İçki düşkünü olduğu birmənalıdır. Virus demək olar ki, ciyərlərinin fəaliyyətini alt-üst edib.

Sevinc tibb bacısının danışdıqlarına qulaq assa da fikri axşam efirə verəcəyi süjetin çəkilişində idi. Çoxlu kadr çəkməli idilər. Məkanları elə seçməli idi ki, digər kanallarda efirə verilən süjetlərdən fərqlənsin. Bunun üçün onlara bələdçilik edən tibb bacısı ilə söhbət etsə də, tez-tez onunla gedən operatora “oraları da çəkərsən”, “elə et bu yazılar düşməsin”, “rakursu dəyiş” kimi məsləhətlər veirirdi.
Son iki ay idi ki, nəinki yaşadıqları ölkədə, bütün dünyada yoluxucu virus yayılmışdı. Qızdırma, kəskin ağrılar, nəfəs darlığı və pnevmaniyanın ağırlaşmış forması... Artıq alimlər bu virusun pandemiya olduğunu bildirmişdilər. Vəfat edənlər də var idi. Vəziyyət getdikcə kritikləşirdi. Dünyanın demək olar ki, bütün ölkələri karantin rejiminə keçmişdi. Dünya bu yeni virusla mübarizəyə başlamışdı. Azərbaycanda yoluxma və ölüm sayı bəzi ölkələr kimi artmasa da artıq ön tədbirlər görülməyə başlanılmışdı. Məktəblər, bağçalar, mağazalar, bir çox müəssisələr bağlanmışdı. Hamı “online” iş rejiminə  keçmişdi. Dərslər də “online” keçirilirdi. Marketlər və bəzi ərzaq mağazaları isə işləyirdi.
Xəstəlik dövrü insanlar sanki iki qrupa bölünmüşdü, virusa inananlar və inanmayanlar. İnanmayanlar müxtəlif bəhanələr gətirir, kimisi siyasətə bağlayır, kimisi iqtisadi müharibə kimi qiymət verir, kimisi də dünya təlimi adlandırırdı. İnananların özü də sanki iki qrupa bölünürdü. Sadəcə inanıb, deyilənlərə riayət edənlər – qaydaları pozmadan hərəkət edir, vacib olmadıqca evi tərk etmir, ehtiyac yaranarsa, önləyici tədbirlər alaraq evdən çıxırdılar. Elə insanlar da var idi ki, inanıb, eyni zamanda psixoloji sarsıntı keçirirdilər. Bütün günü gigiyena ilə yanaşı həddən artıq gərginlik yaşayırdılar. Bir sözlə, elə bir dönəm yaranmışdı ki, dünyada sanki hər kəs, hər bir fərd bir ordunun əskəridir. Onlar görünməyən, amma fəsadı ölümlə nəticələnən virusa qarşı səfərbər olmalı idilər. Qəribəsi də o idi ki, dünyanın bütün ölkələri, dövlətlər, şəhərlər artıq eyni sırada, bir düşmənə qarşı idilər. Dünyanın bir düşməni var idi artıq – koronovirus...
Hər ölkə özünəməxsus karantin rejimi tətbiq etmişdi. Bakıda xüsusi ehtiyacı olan insanlar “sms” vasitəsilə evdən çıxırdılar. İcazə müddəti limitli idi. Limiti pozanlar, icazəsiz küçəyə çıxanlar müəyyən məbləğdə cəzalanırdılar. Amma bəzi peşə sahibləri var idi ki, bu dövrün qəhrəmanları hesab edilirdi. Həkimlər, polislər, hərbçilər, mətbuat işçiləri və s. Sevinc və həyat yoldaşı da elə bu dövrün qəhrəmanı hesab edilirdi. Uzun illər mətbuat sahəsində olan Sevinc 3 ay idi ki, telekanallardan birində çalışmağa başlamışdı. Təcrübəsi az olsa da qısa müddətdə televiziyanın üslubuna demək olar ki, yiyələnmişdi. Amma hələ də hər tapşırılan süjeti təhvil verənəcən həyəcan keçirirdi. Sevinc nəinki iş həyatında, ümumiyyətlə həyatın hər dönəmində belə məsuliyyətli idi. Bəzən büruzə verməsə də bütün həyəcanını ürəyində hiss edirdi. Sevincini isə hər zaman bildirirdi. Hər kəs onu daim gülən və pozitiv biri kimi tanıyırdı. Sevinc o qədər həyəcan keçirən biri idi ki, uşaqları ilə heç bir kompüter oyunu oynamazdı. Bütün sürətli, macəra dolu oyunları nəinki oynamaq, uşaqları nə qədər xahiş etsələr ki, onların oyununu kənardan izləsin, ona da razılaşmazdı. Çox narahatlıq keçirən biridir. Amma oxuduğu kitabların, baxdığı filmlərin ən mənalı, həssas, kədərli hissələrinə doymadan, təkrar nəzər salar, dəqiqələrlə ağlayar və hətta yuxuda belə o hadisələrin davamını görərdi. İşə gedərkən, yemək bişirərkən, yuxuya gedərkən belə o hadisələrin davamını düşünər, fərqli sonluqlar qurar və hətta ssenariləri belə dəyişirdi.
Son günlər Sevinc daha da həssaslaşmışdı. Sanki özünü yeni tanımağa başlamışdı. Ətrafındakı bütün hadisələrə monoton yanaşırdı. Hər gün sanki eyni hərəkətlərin fərqli formada cərəyan etdiyi bir gün idi. Eyni məqsədə doğru, amma bir az fərqli formada olan bütün hadisələr onun üçün artıq eynilikdən başqa bir şey deyildi. Bəzi nəticələr əldə etsək də sonu bəlli olan bir həyatda yaşamaq niyə bu qədər maraqlıdır insanlara. Cəmiyyətdəki bu dəyişiklik də bir tərəfdən onu çox sıxırdı. Bəzən düşünürdü ki, bəlkə də özü ana olmasaydı, bu qədər narahat olmazdı. Bir o qədər də məna görmədiyi bu həyatda üzərində böyük məsuliyyət daşıdığı övladları var idi. Həm də iki qız övladı. Onlara görə çox narahat idi. Xəstəliyin də sürətlə yayıldığı dövrdə onlara görə çox narahat idi. Qızları məktəbli idilər, dərslərinə “online” davam edirdilər, evdən çıxmırdılar. Amma Sevinc hər gün işə gedib-gəlirdi, həm də hər dəfə fərqli məkanlardan xəbər hazırlamalı idi deyə, çox narahat idi övladlarına yoluxma riski olmaqdan. Sevincin həyat yoldaşı hərbçi idi. Rayonların birində xidmət edirdi. Polkovnik leytenant rütbəsini daşıyırdı. Tabor komandiri idi. Xüsusi karantin rejimi tətbiq edildiyindən evə gələ bilmirdi. Bəzən həftə sonu gəlirdi. Amma artıq 1 aya yaxın idi ki, heç həftəsonları da gələ bilmirdi. Həyat yoldaşının onların yanında olmaması Sevincin məsuliyyətini daha da artırmışdı. Amma düşünürdü ki, onların ehtiyacı olduğu kimi, nəzarətində olan əsgərlərin də yoldaşına ehtiyacı var. Övladlarını orduya əmanət edən analar da Sevincin yoldaşına arxayın idi sanki. Sevinc bunu belə qəbul edirdi. Ona görə də soyuqqanlı olmalı idi. Və özündə bu inamı hər zaman diri tuturdu ki, əgər kiminsə sənə, yaxınlarına ehtiyacı olarsa, onları yarı yolda buraxmamalısan. Sənə yaranan ümidlərin, güvənin qamətini heç vaxt sarsmamalısan. Ona görə də yoldaşı ilə, onun peşəsi ilə qürur duyurdu. Öz işi ilə də həmçinin. Cəmiyyətin, insanların doğru məlumata, düzgün xəbərə ehtiyacı olan bir zamanda öz işinə daha məsuliyyətli yanaşmalı idi. Ona görə də hər evdən çıxanda övladları üçün nə qədər narahatlıq keçirsə də, vəzifə borcunun məsuliyyətini düşündükcə qəlbində bir fərəhlik duyurdu. O, işini gözəl şəkildə icra etməli, yoldaşının da işinə daha da məsuliyyətli yanaşması üçün ona narahatlıqlarını bildirməməli idi...

***

Tibb bacısı Sevinci müsahibə verəcək həkimin yanına apardı. Koronovirus xəstələrinin müalicə olunduğu xəstəxanalara kənar şəxslərin daxil olması qəti şəkildə qadağan idi. Amma həkimlər başda olmaqla, icazəsi olan hər kəs bu binaya ancaq xüsusi geyimlə daxil olmalı idi.  Bunun üçün də Sevincə və operatora bu geyimləri geyinməkdə yardım edən tibb bacıları ayrılmışdı. Həkimlər dayanmadan, günlərlə evə belə getmədən bu geyimlə necə hərəkət edirlər? Bəzən növbələri günlərlə çəkir. Gecələri yuxusuz keçirdikləri anlar olur. Bunları düşündükcə Sevincin həkimlərə, onların qəhrəmanlıqlarına, fədakarlıqlarına hörməti daha da artır. Geyimlərini geyinib tibb bacısının yardımı ilə xəstələrin olduğu bölümə keçdilər, bir qədər məlumat əldə etdikdən sonra reanimasiyadakı xəstələrə də baş çəkdilər. Kritik vəziyyətdə olan xəstələr çox olduğundan müsahibə üçün təyin edilmiş həkim gecikirdi. Sevinc onunla müsahibəyə tələssə də tibb bacısından xəstələr, onların vəziyyəti barədə məlumat əldə edirdi. Elə son olaraq reanimasiyaya yerləşdirilən xəstələrin otağına gəldilər. Tibb bacısı vəziyyəti kritik olan xəstədən danışırdı. Onun xəstə haqqında danışdığı bir-iki məqam Sevincin diqqətini cəlb etdi. Xəstə süni tənəffüs aparatına qoşulu idi. Özündə deyildi. 64-65 yaşlı, ağ saçlı, qarabuğdayı bir kişi idi. Venasına iynələr qoşulmuşdu. Tənəffüs aparatına qoşulsa da sinəsinə diqqətlə baxanda ağır nəfəs alıb-verdiyini asanlıqla görmək olurdu. Sevinc bir neçə saniyə ona baxan kimi özünün də təngnəfəs olduğunu hiss etdi. Ona görə tez gözlərini onun sinəsindən çəkdi. Xəstənin burnu və ağzı oksigen aparatının ağızlığı ilə örtüldüyündən tanınmırdı. Amma bir anlığa Sevincdə elə hiss yarandı ki, sanki onu tanıyır. Bu hiss nə doğmalıq hissi, nə yadlıq hissi, nə də ki, adi tanışlıq hissi idi... bu hiss nə sevgi idi, nə rəhm idi, nə də ki, sözlə tərif ediləsi bir ifadə... amma bu o idi... Sevinc onu gözünün kənarındakı xalından tanıdı... necə ola bilər ki, bu qarşılaşma illər sonra bu şəkildə olsun... Ona görə də özünü inandırmağa çalışdı ki, onu səhv bənzədib. Beynindən fikirlər və suallar getmək bilmirdi. Bu odurmu? İllər sonra bu şəkildəmi qarşıma çıxacaqdı? İmtahandırmı bu, yoxsa həyatın ironiyası? Hansı dərs verə bilər ki mənə həyat bu qarşılaşmadan? Mənəmi cəza kəsir həyat, yoxsa onamı? Sevincin ürəyi elə bərk döyünməyə başladı ki, sanki ağzından çıxacaqdı. Əlləri titrəməyə, bədənindən soyuq tər axmağa başladı. İstədi otaqdan çıxsın amma heç ayağı da yerindən tərpənmədi. Qulağında ancaq bir səs cingildəməyə başladı: "NEYNİRƏM BU UŞAQLARI? İSTƏDİYİM VAXT UŞAQ SAHİBİ OLARAM, MƏNƏ BUNLAR YOX, İSTƏDİYİM HƏYATI YAŞAMAQ LAZIMDIR..."
Sevinc ömrü boyu bu sözlərin sanki məsuliyyəti ilə böyümüşdü. Buna heç məsuliyyət də demək olmazdı. Bu daha çox günahkarlıq hissi idi. Sevinc məhz özünü dərk edəndən, bu sözlərin ağırlığı ilə yaşayırdı. Özünün dünyaya gəlişini hər zaman yanlış qəbul edirdi. Bəlkə dünyaya gəlməsəydik, anam atamla bizsiz xoşbəxt yaşayardılar. Atam bizi böyütmək məsuliyyətindən qorxub qaçmazdı bəlkə də. Amma Sevinc bunları ailə quranadək belə düşünürdü. Özü də ailə başçısı olandan sonra heç də onun sözlərinə haqq axtarıb tapmırdı. Çünki öz övladları olduqdan sonra həyat yoldaşının onlara hədsiz məsuliyyətli yanaşmasından, həyatın heç bir dönəmində yalnız qoymayacağını anladıqdan sonra atasının onları atıb getməsinə heç bir bəraət verə bilmirdi.  Bəli “ata”sının. Sevinc illər sonra onları bu adı çəkməkdən məhrum edən insanla qarşı-qarşıya idi. Balacalıqdan ata qucağına, ona arxalanaraq həyatda irəliləməkdən, sözün əsl mənasında həyatın bütün çağlarında sevinclərdən onu məhrum qoyan insanla qarşı-qarşıya idi. Ona ata demək olardımı? Sevinc ümumiyyətlə ata sevgisinin, ona hörmət hissinin, necə rəftar edildiyinin, qayğılarını bölüşməyin, ona arxalanmağın necə bir hiss olduğunu bilmirdi. Yaşamamışdı bütün bunları. Ancaq kənardakıların, rəfiqələrinin, qohumlarının, sinif yoldaşlarının atalarına kənardan baxaraq, özündə onun xəyalını qururdu. Amma heç vaxt öz atasına doğmalıq, yaxınlıq hiss etmirdi. Axı bir insan yaşamadığı hissi necə hiss edə bilər ki?! Bəs görəsən atası nə hisslər keçirirdi? O heç həyatında bir dəfə də olsun övladlarının istiliyinə, onların qayğısına və ya ehtiyaclarına şərik olmaq istəyibmi? Görəsən heç bir dəfə də olsun düşünübmü səhv etdiyini, yoxsa daim özünə, öz fikirlərinə, həyatına haqq qazandıraraq yaşayıb? Görəsən heç ağlına gəlibmi ki, mənim oğlum, qızım bəlkə mənə möhtacdılar, mənsiz yaşamaq onlara çətindirmi? Görəsən övladlarının arzularından, xəyallarından, uğurlarından, nailiyyətlərindən xəbəri olubmu heç?
Sevinc onu və qardaşını bütün bu hisslərdən məhrum edən atasını illər sonra necə tanıya bildi... Uşaqlıqdan Sevinc bəzən planlar qururdu ki, nə vaxtsa atası ilə qarşılaşsa, ona ancaq bir sual verəcək: “Niyə?...”  Niyə ilə başlayan bu sualı Sevinc heç vaxt tamamlamırdı. Amma bu sualı ona mütləq verəcəyinə əmin idi...
Tibb bacısı Sevincə həkim artıq müsahibə üçün hazır olduğunu dedi. Sevinc tibb bacısının bu sözünü eşidəndə sanki o otaqda dayanmaq məsuliyyətindən xilas olunduğuna sevindi. Dərhal otaqdan çıxdılar. Amma çıxarkən Sevinc bir daha əmin olmaq üçün ona diqqətlə baxıb, otaqdan çıxdı. O otaqdan çıxsalar da Sevinc heç də özünü yaxşı hiss etmirdi. Nəfəs ala bilmirdi sanki. Geyindiyi  xüsusi qoruyucu geyim də onu narahat edirdi. Amma özünü ələ alıb vəzifəsinə dönməli idi. Fikrini toplayıb, işinə davam etdi. Həkimlə bir qədər söhbət etdikdən sonra artıq kamera qarşısında müsahibəyə başladılar. Həkim xəstəliyin gedişatından, artım sürətindən, xəstələrin vəziyyətindən ətraflı məlumat verdi: “Dövlətin vaxtında gördüyü tədbirlərin başqa ölkələrlə müqayisədə üstünlüyü ölkəmizin, ölkə başçısının xalqını, millətini düşünməyindən irəli gəlir. Ona görə də yoluxma sayı digər ölkələrlə müqayisədə kritik həddə çatmayıb. Yoluxan xəstələrə isə əlimizdən gələn yardımı etməyə kifayət qədər vəsaitimiz və imkanlarımız var....” Həkim sözlərini yekunlaşdıranda vurğuladı ki, hazırda vəziyyəti kritik olan 3 xəstəmiz var. Onların yaşlarının çox olması, xroniki xəstəlikləri və gec müraciət etmələri səbəbindən vəziyyətləri barədə ürəkaçan bir söz deyə bilmərik. Hətta içərilərindən birinin vəziyyəti daha kritikdir. Sevinc heç bir sual verə bilmirdi, çünki hansı xəstənin vəziyyətinin kritik olmasını öyrənmək izah olunmayacaq dərəcədə ona ağır idi. Sualı verməsə də həkim əli ilə onların bayaq çıxdıqları reanimasiya otağını göstərib, atasının adı və soyadını səsləndirərək vəziyyətinin kritik olduğunu, xəstəliyin artıq ciyərlərinin fəaliyyətini zəiflətdiyini, hər gün ümidlərinin daha da azaldığını bildirdi. Bunları eşitdikcə Sevincin gözlərindən qeyri-ixtiyari yaşlar axırdı. Amma səbəbini anlamırdı. Göz yaşları sanki buz bağlamış qəlbindən əriyən damcılar idi. Buz kimi idi, amma bunu heç kim hiss etmirdi, çünki qoruyucu maska və gözlükdə idi. Müsahibəni tamamladıqdan və bütün çəkilişləri  yekunlaşdırdıqdan sonra artıq çıxmalı idilər. Sevinc tibb bacısının telefon nömrəsini götürdü və öz nömrəsini də ona verdi ki, reportajı hazırlayan zaman hər hansı bir sualı yaransa və ya onların əlavə edəcəkləri bir məqam olarsa, zəngləşə bilsinlər. Amma ən əsas səbibin bu olmadığını özü də yaxşı bilirdi.
 
***

Sevinc yolboyu olanları düşünürdü. Amma hələ də bir məna tapa bilmirdi. Axı həyatda olan hər bir hadisənin anlamı, mənası olmalıdır. Heç bir yaşanmış, heç bir hadisə yarımçıq qalmamalıdır, heç bir haqsızlıq da cəzasız qalmamalıdır...
Sevinc iş yerinə qayıdanda artıq günortadan xeyli keçmişdi. Reportajı axşam əsas xəbərlərə qədər hazır etməli idi. Hələ koronovirus xəstələrinin müalicə olunduğu xəstəxanadan ətraflı reportaj hazırlayan olmamışdı. Ona görə də hisslərini, fikirlərini cəmləyib, reportajı redaktorunun tapşırdığı kimi və ən əsas onlara baxan tamaşaçıların suallarını, maraqlarını təmin edə biləcək reportaj olmalı idi. Odur ki, bir kofe içdikdən sonra dərhal kompüter arxasına keçib yazmağa başladı. Bir saat sonra montaj prosesinini də bitirdikdən sonra artıq işi bitmişdi. Bayaqdan qızları dayanmadan zəng edib analarına tez gəlməsini xahiş edirlər. Sevincin də bu an üçün ən böyük arzusu evə tez qayıdıb qızlarını doyunca qucaqlamaq idi. Sevinc artıq evə getmək üçün taksi sifariş etdi. Karantin rejimi olduğundan avtobuslar da məhdud sayda idi və artıq 9-dan sonra bəzi səlahiyyətli şəxslərdən başqa bayıra çıxmaq qadağan idi. Ona görə də Sevinc işdən gec çıxanda taksi ilə getməli olur. Evə çatan kimi qızlarına sarılmaq istəsə də əvvəl maskasını, üst geyimlərini kənarda çıxarıb, yuyunmalı idi. Bu gün həm də xəstəxanaya  getdiyindən özünü tam əmin hiss etmək üçün birbaşa hamam otağına keçib yuyunduqdan sonra qızlarını ürəkdən qucaqlaya bildi. Onları möhkəm bağrına basıb qoxlayaraq bir daha özünə sual verdi ki, yəni heçmi bir insan övladlarına bu qədər yaxın olmaq, onların istiliyini, ətrini heç bir dəfə də olsun içinə çəkmək istəməsin? Yəni bu hisslərsiz yaşamaq mümkündürmü?..
Yoldaşı ilə zəngləşib, uşaqlarla birlikdə görüntülü danışdılar. Onun da yorğun olduğu gözlərindən, səsindən bilinirdi. Amma o heç vaxt bunu bildirməzdi. Sevinc isə hər zaman hiss edərdi. Ona görə də bu gün olanlar barədə yoldaşına heç nə bildirmədi. Uşaqlarla yemək yeyib, bir qədər onların dərslərinə nəzarət etdikdən sonra yatmağa hazırlaşdılar. Sabah istirahət günü olduğundan Sevinc işə getməyəcəkdi. Heç bir yerə gedə bilməsələr də uşaqlarla istirahət günlərini birlikdə evdə necə dəyərləndirəcəklərini planlayaraq yuxuya getdilər...

***

“Sevinc, sən axı niyə məni oyatmadın, gəldiyini xəbər etmədin, səndən...” bu sözlərin vahiməsindən Sevinc yuxudan ayıldı. Səs o qədər aydın eşidildi ki... Sevinc tez qalxıb su içdi. Gecə 3-ün yarısı idi. Nə qədər etdisə yuxuya gedə bilmədi. Sadəcə düşünməyə başladı. Suallar, düşüncələr onu yatmağa qoymurdu. Ətrafdakılar onu çətin anlayardı. Məsələn, hansısa iş yoldaşına atası ilə illər sonra necə qarşılaşdığını, o andakı hisslərini danışsa, heç kim onu anlamayacaqdı. Əksinə qınayacaqdı. “Axı bir övlad doğma atasını necə o vəziyyətdə qoyub, səssiz-sədasız yanından gedər? Ata nə qədər pis olsa da atadır, sənin dünyaya gəlişinin səbəbkarıdır” kimi fikirlər səsləndirərlər yəqin. Sevinci də atası ağır xəstələnəndə tərk etmişdi. Qardaşı ilə su çiçəyinə yoluxmuşdular. Sevinc ikinci, qardaşı isə birinci sinifdə oxuyurdu. Ikisi də xəstəliyi yüksək qızdırma ilə keçirirdilər. Anaları hər axşam içkili gələn atalarına yalvarırdı ki, heç olmasa bir gün evə içkisiz gəl, uşaqların da sənə ehtiyacları var axı. Bəlkə onlarla bir az söhbət etsən, oynasan, kefləri yerinə gələr. Onsuz da bütün günü qızdırmadan heysiz yatırlar. Elə bu dialoq da Sevincin yaddaşına “ata”lı günlərindən həkk olunmuş sonuncu epizod idi. “Mənə onlar yox, pul lazımdı, ürəyim istəyən kimi yaşamaq lazımdı. İstədiyim vaxt uşaq tapa bilərəm, amma bu illərim heç vaxt qayıtmayacaq”. Sevinc yarıyuxulu halda qapının çırpılmağını eşidib, pəncərədən yarımçıq aya baxa-baxa yuxuya getmişdi.... Daha sonra məktəbi bitirəndə də, universitetə qəbul olanda da, işləyəndə də, ailə quranda da elə üçü birlikdə idi. Anası, qardaşı və özü. Anası ikisinə də əlindən gələnin ən yaxşısını etmişdi. Ən qabaqcıl universitetlərdə təhsil alıb, arzuladıqları işlərdə işləyirdilər. Balaca olanda qardaşı ilə bir-birlərinə söz vermişdilər. Qardaşı həkim olacaqdı, Sevinc isə müəllimə. Analarını da götürüb bütün kəndləri gəzəcək, imkanı aşağı ailələrə kömək edəcəkdilər. Qardaşı onları pulsuz müayinə edəcək, Sevinclə anası təhsil verəcəkdilər. Düzdür, bütün bunlar uşaqlıq xəyalları olaraq qalsa da, Sevincin qardaşı Kamran tanınmış həkimlərdən idi və Avropa ölkələrinin ən qabaqcıl xəstəxanalarından birində dəvətlə çalışırdı. Anasını da özü ilə aparmışdı. Sevinc isə doğma şəhərlərində ailəsi ilə qalmışdı. Çox darıxırdı onlar üçün. Amma sağlıqlı olmaları, işlərinin yaxşı olmaları, uğurları darıxmağı əngəlləyirdi.
Sevinc səhərə qədər düşündü və atası ilə qarşılaşmağından heç bir nəticə çıxara bilmədi. Sağalmasınımı istəyirdi, yoxsa... heç nə anlamırdı. Ataları onları tərk edəndə  ona möhtac və çox köməksiz idilər. Sadəcə onun bir xoş sözünə, gülümsəməsinə, sevgi dolu baxışlarına möhtac idilər. Yəqin ki, indi onun özü də bütün bunlara möhtacdır. Sevinc bir daha düşünməyə başladı, hisslərindən əmin olmaq istəyirdi. Və bütün olanları düşündükcə əmin olurdu ki, atasına bir övlad mərhəməti ilə yox, sadəcə digər xəstələrə yanaşdığı rəhm hissi ilə yanaşır. Görəsən onun yerinə başqa biri olsa idi, onu da bu qədər düşünəcəkdimmi? Bəs niyə gözlərim yaşardı? Bu normaldır, yəqin kimsəsiz xəstə dediklərinə görə təsirlənmişəm. Bəs indi niyə yuxuya gedə bilmirsən? Fikirlərin, bəlkə də vicdanın rahat deyil. Bax bu suala cavab tapsaydı, rahatlayacaqdı... Bu fikirlərlə divanda yuxuya gedən Sevinc səhər uşaqların səsinə oyandı. Nə qədər fikirli olsa da özünü ələ alıb birlikdə olan günlərini səmərəli keçirtməli idilər. Atalarının burda olmamasını onlara hiss etdirməməyə çalışırdı...

***

Yenə həftənin bazar ertəsi və iş günü idi. Sevinc yenə də uşaqların yeməklərini, çaylarını hazır edib, “online” da olsa dərslərinə ciddi yanaşmalarını tapşırıb işə getdi. Bu gün onu hansı tapşırıqlar gözləyəcəyini bilmirdi. Maska və əlcəkdən istifadə mütləq idi. Maskada nəfəs almaq çətin olsa da başqa çarə yox idi. Dayanacaqda düz 20 dəqiqə avtobus gözləməli oldu. Əvvəl tez-tez və dolu gələn avtobuslar, artıq bomboş idi. Küçələrdə az adam görünürdü. Hamı ancaq yaşadıqları ünvana yaxın marketlərdən alış-veriş etməli idi. Yollarda tıxac da yox idi. Mərkəzi yollarda postlar qurulmuşdu. Maşınların, hətta avtobusların sərnişinləri də yoxlanılırdı. Xüsusi icazə sənədi və “sms” icazəsi olmayanalar cərimələnirdi. Sevincin müxbirlik vəsiqəsi olduğundan heç vaxt problem yaşamırdı. Çünkü o da günün qəhrəmanlarından idi, polislər, həkimlər kimi. Səsli-küylü, tıxaclı, izdihamlı küçələrin boşluğu adamı vahimələndirirdi bəzən. Adam əlindən tərpənmək mümkün olmayan böyük ticarət mərkəzləri bomboş, növbələrin olduğu restoranlar artqı bağlı idi. Bütün uçuşlar, səfərlər təxirə salınmışdı. Bütün dünyada vəziyyət eyni idi. Hətta daha kritik vəziyyətdə olan ölkələr var. İnsanlar da çaşqınlıq içərisində idilər. Amma bəlkə də monoton həyatımıza gələcəkdə rəng qatmaq üçündür bütün bunlar. Bəlkə də əlimizdəkilərin qədrini bilməmişik, nə qədər zəngin olduğumuzun, nə qədər xoşbəxt olduğumuzun fərqində olmamışıq. Bütün bunlar əlimizdəkilərin dəyərini anlamaq üçündür bəlkə də...
Sevinc nəhayət işə çatdı və şirkətin bütün profilaktik tədbirlərindən keçdikdən sonra otağına daxil oldu. Günə, yeni həftəyə pozitiv başlamaq üçün yenicə dezinfeksiya edilmiş iş masasının üzərini ətirli salfeti ilə bir daha sildi ki, ətrafdakı xoş qoxular əhvalına müsbət təsir etsin. Redaktor o günkü reportajının bəyənildiyini bildirəndə keyfi bir qədər də yüksəldi. Amma içindəki sıxıntı qaçılmaz idi. Xəbərlər də heç ürəkaçıcı deyildi. Hər gün yoluxma sayının statistikasını gözləyirdilər ki, yoluxma və ölüm sayını bilsinlər. Qardaşı ilə də iki gün idi ki, danışa bilmirdi. Çünki onun işlədiyi ölkədə vəziyyət daha gərgin idi, ölüm sayı kritik həddə çatmışdı. Həkimlər isə növbəyə çıxmadan, bəzən günlərlə yatmadan çalışırdılar. Qardaşı da onlardan idi. Anası ilə danışanda bütün məlumatları ondan öyrənirdi.
Sevinc yeni süjetinin mövzusu ilə tanış olmaq üçün “google”dan mövzu barədə məqalələr oxuyurdu. Qəfil telefonuna gələn zəng onu işindən ayırdı. Zəng edən o günkü tibb bacısı idi. Sevinc telefonunda onun adını görəndə sanki zəngi gözləyirmiş kimi tez cavabladı. Əslində elə o zəngi gözləyirdi. Hətta özü də zəng etmək istəyirdi. Amma nə soruşacağını bilmirdi. Tibb bacısı o gün efirə gedən süjeti ona göndərməyini xahiş etmək üçün zəng edibmiş. Sevinc fürsətdən istifadə edib xəstələrin vəziyyətini soruşdu. Tibb bacısının səsi çox yorğun olsa da sanki bu kimi xəbərlərə öyrəncəkli kimi emosiyasız səslə: "Vəziyyəti kritik olan, sən də otağında olduğun o xəstə elə həmin gecə..." söylədiyi xəbəri eşidəndə Sevincin qulağında sanki bir uğultu yarandı və heç nə eşidə bilmədi. Tez sağollaşıb, yerindəcə donub qaldı. Tamamilə hissiz, duyğusuz, səssiz bir sükut halı aldı. Qəfil onu öyümək tutdu. Əlləri buz bağladı. Dodağı da əsməyə başladı. Özünü bir cinayəti gizlədən qatil kimi hiss edirdi. Özü cinayətkar olmasa da, sanki cinayətə şahid olmuşdu, lakin bunu heç kimə deməməli idi. İndi ancaq bir istəyi var idi, yoldaşının yanında olmaq, ona möhkəm sarılaraq ağlamaq... Amma indi o da yox idi yanında, anası da, qardaşı da. Sanki hər kəs onu bu ağır imtahanla baş-başa buraxmışdı. Sanki hər kəs onu bir dərənin dibinə atıb, ordan çıxma yollarını da onun özünə həvalə etmişdi. O isə əlində heç bir kömək, dayaq olmadan nə edəcəyini bilmirdi. Elə ancaq fikirlərində, hisslərində çabalayırdı. Onun rənginin dəyişdiyini, özünü pis hiss etdiyini görən redaktor Sevincə evə getmək üçün icazə verdi. Hətta zarafatla dedi ki, bəlkə test etdirəsən, birdən sən də yoluxarsan, nəsə gözümüzə yaxşı dəymirsən. Bu zarafat belə Sevincin ağızucu da olsa gülümsəməsinə səbəb ola bilmədi...

***

Artıq bir həftə idi ki, Sevinc həkim nəzarəti altında evdə müayinə alırdı. Həmin gün evə gedəndə halı daha da pisləşmiş, qonşularının köməyi ilə təcili tibbi yardım çağırmışdılar. Dayanmadan titrəyidi. Hər ehtimala görə, təcili tibbi yardım personalı koronovirusa görə test də götürdü ki, yoxlansın. Amma özündən başqa heç kim bütün bunların səbəbini bilməyəcək. Ailə həkimləri bir həftəlik ev şəraitində müalicə də yazdı ki, bir müddət özünə gələ bilsin. Uşaqları ilə evdə birlikdə qalmaq Sevincə getdikcə yaxşı təsir etməyə başlayırdı. Amma içərisində gizli saxladığı bu sirri nə vaxtsa kiməsə danışacağını və niyə bunu bir sirr kimi saxladığını hələ də anlamırdı. Arzularından, xəyallarından, necə böyüməsindən, uğurlarından, uğursuzluqlarından, çox istəyib nail olmadıqlarından, xəyal qırıqlıqlarından, mübarizələrindən xəbərsiz olan, onları da ehtiyac anında buraxan, heç maraqlanmayan  atası ilə bu vəziyyətdə qarşılaşmağı və ölümü, onların da sevgiyə, qayğıya möhtac olduqları anda tərk edilmələri kimi sadə olmadı əslində...


Ülviyyə Qarayeva

DİGƏR XƏBƏRLƏR

Top