İslama görə dinin qaynağı


İslam inancına görə din peyğəmbərlərə vəhy yolu ilə Allah (c.c.) tərəfindən göndərilmişdir. Bütün həqiqi dinlər Allah (c.c) tərəfindən göndərilmiş, öz saf və duru hallarını qoruduqları müddətcə də qüvvədə qalmışdır. İlk insan eyni zamanda ilk peyğəmbərdir və ona göndərilən din tövhid dinidir. Allahın (c.c.) varlığı və birliyinə, peyğəmbərə və axirətə iman bütün ilahi dinlərin dəyişməz prinsip və əsaslarıdır. Buna görə də Həzrət Adəmdən (ə.s) Həzrət Muhammədə (s.ə.s) qədər bütün peyğəmbərlərin gətirdiyi haqq dinlərin ortaq adı İslamdır. Ancaq tarix boyunca insanlar haqq və doğru dindən uzaqlaşmış, yanlış yollara və saxta inanclara yönəlmişlər. Təməli haqq və doğru olan dinlər vaxt ötdükcə təhrifə məruz qalmış, dindəki bu pozulma və təhrifata görə Cənab Allah (c.c) peyğəmbərlər (ə.s) göndərərək insanlara ya əvvəlki dinlərini orijinal şəkildə yenidən öyrətmiş, ya da yeni bir din və şəriət göndərmişdir.
Bu baxımdan İslama görə, həm insanın, həm də dinin təkamül yolu ilə ortaya çıxmasından söhbət gedə bilməz. İslam dininə görə, insan Uca Allah tərəfindən elə ilk yaradılışdan ən gözəl formada var edilmişdir. Ayədə belə buyurulmuşdur: “Həqiqətən, Biz insanı ən gözəl surətdə yaratdıq” (Tin, 95/4). Həzrət Adəmdən (ə.s) bu yana bütün insanlar Allah (c.c) tərəfindən göndərilən tövhid dininin əsaslarını anlamaq, həyatlarını bu prinsiplər üzrə yaşamaq üçün zehni, mənəvi və fiziki qabiliyyətlərlə təchiz edilmişlər.
Cənab Allahın (c.c) ilk yaradılışdan etibarən insanlara bildirdiyi din töhvid dinidir. Beləcə də insanlar Cənab Allahın (c.c) onlar üçün seçdiyi dinin mahiyyət və künhünü anlaya biləcək potensialda yaradılmışlar. Allah bütün insanları xilqətcə müsəlman – təkallahlı yaratmışdır, lakin ata-anaları onları başqa dinlərə yönəltmiş, yaxud onlar yaşa dolduqda öz nadanlıqları üzündən batil dinlərə - bütpərəstliyə uymuşlar (Rum, 30/30).
İslam alimləri bu və digər Quran ayələrindən yola çıxaraq insanların həqiqi dini qəbul etməyə meyilli olduqlarını qeyd edirlər. Həmçinin ayədə keçən “fitratullah” (Rum, 30/30) ifadəsi “Allahın dini” mənasına gəlir ki, burada qəsd olunan da İslam və töhviddir. Ayə və hədislərdə haqq dinlərin İlahi mənşəli olduğu xüsusi olaraq vurğulandığına görə, İslam alimləri də dini tərif edərkən haqq dinin ilahi mənşəli olduğunu xüsusi olaraq qeyd etmişlər.
Qərbdə XVI əsrdən başlayaraq ibtidai qəbilələrin sosial həyatı və dinləri ilə bağlı araşdırmalar aparılmağa başlanmışdır. XVIII əsrdən etibarən də dinin qaynağı ilə bağlı müqəddəs kitabların verdiyi bilgilərin xaricində başqa məlumatlar əldə etməyə çalışmışlar. Arxeoloji və antropoloji tədqiqatlar nəticəsində əldə edilmiş tapıntılar təhlil edilərək keçmiş xalqların dinləri və inancları haqqında bəzi tezislər irəli sürülmüşdür. Məsələn, ortaya atılan tezislərə görə, ilk dövrlərdə insanlar təbii hadisələrdən təsirlənərək onlara müqəddəslik vermiş (naturizm), ruhlara, xüsusən dədə-baba ruhlarına (animizm) ibadət etmiş, sehrə, bitki və heyvanların müqəddəsliyinə (totemizm) inanmış, ya da cəmiyyətdəki sosial təzyiqlər ibtidai cəmiyyətlərdə dinin ortaya çıxmasında bir təməl və qaynaq təşkil etmişdir.
XIX əsrin ortalarından etibarən Qərbdə təsirli olan pozitivist və materialist dünya görüşü və bunun nəticəsində ortaya çıxan təkamül nəzəriyyəsi müqəddəs kitablarla ziddiyyət təşkil edən iddia və fərziyyələrin mənbəyini təşkil edirdi. Dinin ən sadə və bəsit halının ibtidai cəmiyyətlərdə belə var olduğunu deyən bu nəzəriyyələr, vaxt ötdükcə bu görüşlərini elmi dəlil olaraq da istifadə etməyə başladılar. Bu tezis, baxış və fəlsəfi cərəyanlar dinin qaynağı barədə təkamül nəzəriyyəsini əsas götürür, dinin mənbəyinin xurafat, batil inanclar olduğunu qeyd edirlər. Bu görüşə görə, insanlar çoxtanrılı din anlayışından təkamül nəticəsində tək Tanrı inanc sistemini əldə ediblər.
Bu nəzəriyyələrdən başqa, eyni elmi metodları təqib etsələr də dinin qaynağı ilə bağlı bu dəfə tamamilə fərqli nəticələr əldə edən görüş və nəzəriyyələr vardır ki, bunlardan biri də ibtidai monoteizm anlayışıdır. Bu tezizə görə, insanın ən qədim inancı tək Tanrıya inamdır. İnsanların ilk inanc sisteminin çoxallahlılıq deyil, əksinə tək Allahlı inanc sistemi olduğunu iddia edən alman etnoqrafı Vilhеlm Şmidt, bütün ibtidai qəbilələrdə ali bir varlığa inancın olduğunu dəlil və sübutlarla ortaya qoymuşdur.Vilhеlm Şmidtə görə, bütün dinlərin başlanğıcında hər şeyə qadir olan uca bir varlığa inam olmuşdur. Lakin tarixi-mədəni dəyişikliklər nəticəsində politeizm (çox tanrılı inanc sistemi) və animizm (ruhlara, xüsusən dədə-baba ruhlarına ibadət edən dini inanc) kimi inanclara yönəlmələr baş vernişdir. Bununla yanaşı hər təhrif olmuş dini görüşdə tək Allaha inamın izlərini görmək mümkündür.
Nəticə olaraq deyək ki, dinin mənbəyi ilə bağlı son elmi araşdırmalar vəhyin xəbər verdiyi bilgiləri dəstəkləyir və dinin mənbəyinin tövhid inancı olduğunu ortaya qoyur.
 
Qeyd: Yazının hazırlanmasında “Diyanet Vakfı İlmihali” əsərindən istifadə edilmişdir.
 
Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top