Əhməd Cavadın nəticəsindən şairin ata yurdunun yararsız olması ilə bağlı AÇIQLAMA + YENİLƏNİB

Azərbaycan Dövlət Himninin müəllifi, istiqlal şairi Əhməd Cavadın ata yurdunun yararsız vəziyyətdə olması ilə bağlı məsələyə nəticəsi Cavad Axundzadə aydınlıq gətirib.

Yeniavaz.com-un xəbərinə görə, C.Axundzadə Oxu.Az-a açıqlamasında bildirilib ki, şair Şəmkir rayonu Seyfəli kəndində böyüyüb:

“Bir neçə gündür ki, Əhməd Cavadın sosial şəbəkələrdə fotosu yayılan yararsız evdə böyüdüyünə dair məlumatlar paylaşılır. Ulu babamın həmin kəndə yaşadığı doğrudur, amma foto yayılan evdə böyüməsi dəqiq deyil.

Çünki 1930-cu illərdə repressiya zamanı ev Əhməd Cavaddan alınıb və poçt işçisinə verilib. Həmin mülkiyyətçilər orada yaşayıblar. Evi söküblər və ya təmir ediblər, biz bunu bilmirik”.

O bildirib ki, Əhməd Cavad təhsilini Gəncədə alıb:

“Daha sonra Türkiyədə, Batumidə olub. Sonrada Azərbaycana qayıdıb və Azərbaycan Dövlət Himnini yazıb”.

Nəticəsi əlavə edib ki, 1980-ci illərin axırında şairin oğlu Yılmaz Axundzadə Şəmkirdəki evi almaq və ev muzeyi yaratmaq istəsə də, mülkiyyətçilər bununla razılaşmayıb:

“O ev bizim özümüzdə olsaydı, biz onu bu vəziyyətdə saxlamazdıq. Evin bu vəziyyətdə olması digər mülkiyyətçidən asılıdır”.

C.Axundzadə Bakıda Əhməd Cavadın ev muzeyinin olmasının arzusundadır:

“Ulu babamın Bakı şəhərində İstiqlaliyyət küçəsində yaşadığı ev muzey kimi fəaliyyət göstərərsə, daha yaxşı olar”.

Qeyd edək ki, bir neçə gündür ki, istiqlal şairi Əhməd Cavadın Şəmkir rayonu Seyfəli kəndindəki ata yurdunun yararsız halda olması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.


***1 iyun, saat 12:38
Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Himninin müəllifi, istiqlal şairi Əhməd Cavadın ata yurdunun yararsız vəziyyətdə olması ilə bağlı məsələyə münasibət bildirib.

Qurumdan Yeniavaz.com-a bildirilib ki, Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Əhməd Cavadın Ev-Muzeyi fəaliyyət göstərmir.
“Həmçinin, kütləvi informasiya vasitələrində və sosial mediada yer alan görüntülərdə Əhməd Cavada məxsus olduğu iddia edilən obyekt Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq olunmuş dövlət mühafizəsində olan tarix-memarlıq abidələrinin siyahısında yer almayıb”, - məlumat qeyd edilib.

***10:30
Şəmkir rayonunun Seyfəli kəndində yerləşən və Əhməd Cavadın ata yurdu olduğu iddia edilən ev dağılmağa üz tutub.
Yeniavaz.com
xəbər verir ki, bu iddia ilə bağlı tarixçi, tədqiqatçı Elmar Həsənli çıxış edib və özünün "facebook" səhifəsində sözügedən evin fotolarını paylaşıb. Fotolarda evin bir qisminin tamamilə dağıldığı, tavanın qismən uçduğu və baxımsız vəziyyətdə olduğu aydın görünür.





Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Yeniavaz.com-a bildirildi ki, məsələ araşdırılacaq.
Qeyd edək ki, görkəmli şair və Azərbaycan Respublikası Himninin sözlərinin müəllifi Əhməd Cavad 1892-ci il may ayının 5-də Gəncə qəzasının Şəmkir dairəsi Seyfəli kəndi Mehrili tirəsində dünyaya gəlib. Yaradıcılığı və sovet imperiyası əleyhinə qələmə aldığı əsərlər onun daim rejim tərəfindən təqib olunmasına səbəb olub. 1937-ci ildə şairə qarşı irəli sürülən saxta ittihama əsasən oktyabrın 12-də hökm oxunub və həmin gecə güllələnib.

DİGƏR XƏBƏRLƏR

Top