Məmurun kürəkəni şikayətçi olan vətəndaşı və polis əməkdaşını ağır söyüşlərlə təhqir edib? – SƏS YAZISI


Ucar rayon sakini Raqif Şirinovun rayonun Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovla bağlı iddiaları barədə xəbər vermişdik.
R. Şirinov yenidən Yeniavaz.com-a müraciət edib və iddia edir ki, onun müraciəti əsasında Həsən Qasımovla bağlı mətbuatda yazının dərc olunmasından sonra, idarə rəisi onu ölümlə hədələyib:
“Həsən Qasımovun kürəkəni Səlimov Zaur Qurban oğlu mənə telefonda hədə-qorxu gəlir. Mən Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə hədələnməyim barədə məlumat verdim. Bildirdim ki, məni uşaqlarımla hədələyirlər, küçə söyüşləri ilə təhqir edirlər. Yusif adlı polis zabiti gəldi. S. Zaur məni dayanmadan yığırdı, telefonu polis zabiti götürdü və zəngə cavab verdi. S. Zaur hətta polis əməkdaşını da söydü. S. Zaur Bakıda “Azərişıq”da işləyir”.
R. Şirinov Səlimov Zaur olduğunu iddia etdiyi şəxsin onu və digər şəxsi (polis əməkdaşı olduğunu iddia edib) təhqir etməsini əks etdirən səs yazısını redaksiyamıza təqdim edib.

İddialarla bağlı H. Qasımovla əlaqə saxladıq. O, R. Şirinovu ölümlə hədələmədiyini bildirdi. H. Qasımov Z. Səlimovun onun kürəkəni olduğunu təsdiq etdi, lakin onun harada işləməsi barədə məlumatsız olduğunu dedi.
Zaur Səlimov isə bildirdi ki, heç kəsi təhqir etməyib: “Həmin o polis əməkdaşı yazılı surətdə ərizə versin, cavab verək”.
Z. Səlimov R. Şirinovun redaksiyamıza təqdim etdiyi səs yazısından xəbərdar olmadığını bildirdi. “Azərişıq” ASC-nin əməkdaşı və H. Qasımovla hər hansı qohumluq əlaqəsinin olub-olmaması ilə bağlı suallarımıza isə cavab verməkdən imtina etdi.
"Azərişıq" ASC-dən isə Yeniavaz.com-a Səlimov Zaur Qurban oğlu adlı əməkdaşlarının olmadığı bildirildi.
Xatırladaq ki, R. Şirinov Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovla bağlı redaksiyamıza müraciət etmiş, onun əməkdaşlarını və idarəyə məxsus texnikaları təyinatı üzrə yox, şəxsi təsərrüfatı üçün istifadə etdiyini iddia etmişdi.
Həsən Qasımov isə Yeniavaz.com-a açıqlama vermiş və iddiaların əsassız olduğunu bildirmişdi.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top