NATO əsgərləri Bolqarıstanda zavoda basqın etdi – Nazirlik üzr istədi – VİDEO


Bolqarıstanda NATO-nun hərbi təlimi zamanı amerikalı hərbçilərin iştirakı ilə qalmaqal baş verib.
Amerikalı hərbçilərin təlim zamanı Plovdiv şəhərində zeytun yağı emalı zavoduna soxulub, sexdəki işçiləri silahla təhdid etməsinin videogörüntüsü yayılıb.
Zavod təlimin keçirildiyi hərbi aerodromun yaxınlığında yerləşir. Videogörüntülərdən aydın olur ki, bir qrup hərbçi hasarı aşaraq müəssisəyə “hücum”a başlayır. Zavoda daxil olan hərbçilər əməkdaşlara tərpənməməyi əmr edir və müəssisədə axtarışa başlayırlar. Bir müddət sonra onlar əməkdaşlara izah edirlər ki, zavodu təlim zonasının bir hissəsi hesab ediblər.
Zavodun sahibi Marin Dimitrov baş verən hadisəni alçaldıcı hesab edir və məhkəməyə müraciət edəcəyini bildirib: “Bu, mənim üçün təhqirdir. Elə bil ki, mən hansısa terrorçuyam”.
Sonradan Bolqarıstan müdafiə naziri Georqi Panayotov baş verən olayla əlaqədar üzr istəyib. ABŞ tərəfi də zərər çəkənlərə kompensasiya ödəməyə hazır olduğunu bəyan edib. //APA

DİGƏR XƏBƏRLƏR

Top