Niyə Göyçayda pomidor 20 qəpiyə, xiyar isə 3-5 qəpiyə satılır? – "6 min dollar vergi alırlar..."


Azərbaycanda bu mövsüm də  fermerlərin becərdikləri məhsulu xarici bazarlara çıxarmaqda, yaxud daxili bazarda əlverişli qiymətə satmaqda çətinliklərlə üzləşdikləri haqda xəbərlər gəlir. Belə ki,  Göyçay, Cəlilabad rayonunda yaşayan fermerlər yetişdirdikləri pomidor, xiyar, kartofu Rusiyaya göndərə bilmədiklərini və yerli bazarlarda məhsullarını qəpik-quruşa satmağa məcbur olduqlarını deyirlər.
Göyçay rayonu Ləkçılpaq kəndinin sakinləri bildiriblər  ki, yetişdirdikləri pomidoru Rusiyaya sata bilmir, məhsul isə xarab olub batır: "Çünki məsul şəxslər vaqonları bağlayıb deyirlər ki, mal ancaq yük maşını ilə getməlidir. Yük maşını da 4 min 500 dollara gedir, 6 min dollar da əlavə dəyər vergisinə alırlar".
Yerli bazarlara gəlincə, fermerlər deyirər ki, Göyçayda xiyarın bir kilosunun qiyməti 3-5 qəpik arası dəyişir, bu da maya dəyərindən qat-qat ucuzdur: "Məhsulu yetişdirmək üçün istifadə olunan gübrə, kommunal xərclər çox bahadır. Ona görə də indiki qiymət maya dəyərindən qat-qat aşağıdır. Qazandığımız pul nəinki maya dəyərini, heç bazara yolpulunu belə ödəmir".
Fermerlər habelə deyir ki, maya dəyəri 70-80 qəpik olan pomidorun bir kilosunu yalnız 20-30 qəpiyə sata bilirlər: "Bir həftə öncə pomidorun kiloqramının qiyməti 1.30 manat idisə, indi 20 qəpiyə belə sata bilmirik. Elə fermerlər var ki, 30 min xərc çəkib indi isə malı da, pulu da batır".
Qeyd edək ki, Bakı bazarlarında Göyçay pomidorunun qiyməti 2.5-3 manat arası dəyişir. Xiyar isə 40-50 qəpikdir.
Cəlilabad rayonunun fermerləri isə bildiriblər ki, açıq sahələrdə yetişdirilən kartofun yığımına başlasalar da, məhsulu sata bilmirlər: "Kartofun qiyməti xeyli aşağı düşüb. Biz bir hektara 5 min manat pul xərcləmişik, amma kartofun bir kilosunun qiyməti 35-40 qəpikdir. Bu bizi qane etmir".
Bundan əlavə, fermerlər deyir ki, Rusiyaya kartofu aparan maşınların daşıma xərcləri artıb: "Qatar yolunu bağlayıblar. TIR-larla aparmaq isə bahadır. 3 min 600 dollar daşınma xərcidir, 1 min 500 dollar isə ixrac gömrük rüsumudur. Əvvəl beş TIR yola salınırdı, indi isə bir-iki maşın gedir, o da uzun növbələrdə qalır". //TURAN

DİGƏR XƏBƏRLƏR

Top