İslama görə təhlükəli söz və ifadələr – 2


Keçən yazıda hər önünə gələnə, xüsusilə bir müsəlmanın digər müsəlman qardaşına qarşı “kafir” sözünü işlətmənin təhlükələrindən bəhs etməyə çalışmışdıq. Bu yazıda həmin mövzuya davam edəcəyik. Əvvəla qeyd edək ki, bu kimi ittihamların ən xəfifi və yüngül olanı bir şəxsin digər bir şəxsə qarşı “kafir” ifadəsini işlətməsidir. Bu zaman sözün əhatə dairəsi yalnız bu iki nəfərlə məhdudlaşır. Ancaq burada daha təhlükəli məqamlar da vardır.
Allah Rəsulu (s.ə.s) bir hədisdə belə buyurmuşdur: “Hər hansı bir şəxs din qardaşına: “Ey kafir” desə, bu söz mütləq ikisindən birinə dönər. O adam dediyi kimidirsə, söz o adama gedər. Əks təqdirdə söz sahibinə qayıdacaqdır” (Müslim, İman, 111). Əbu Zər Qifarinin rəvayət etdiyi hədisdə isə Allah Rəsulu (s.ə.s) belə buyurub: “Heç kimin başqa bir şəxsə qarşı fasiq (yoldan çıxmış günahkar şəxs) və kafir deməyə haqqı yoxdur. Əgər fasiq deyilən şəxs fasiq, kafir deyilən şəxs də kafir deyilsə, bu sifət və ittihamlar onu söyləyən şəxsə geri dönəcəkdir” (Buxari, Ədəb, 44).
Qarşıdakı şəxsi “kafir” sözü ilə ittiham etmək günümüzdə kütləvi informasiya vasitələri ilə də aparılır ki, artıq bu təhlükəlin daha üst bir səviyyəsindən xəbər verir. Kütləvi informasiya vasitələrindən istifadə edərək, bir cəmiyyəti, bir milləti, bir ölkəni ya da bir iqri hədəf almaq, böyük bir kütləni küfrlə ittiham etmək daha asan, eyni zamanda günahı bir o qədər böyük olan acınacaqlı bir vəziyyətdir. Bu və ya digər müsəlman bir kütləni hədəfə alaraq küfrlə ittiham etmək, hədisdə zikr edildiyi üzrə bir şəxsin digər bir şəxsi küfrlə ittham etməsindən daha zərərli və təhlükəli haldır.
Əgər fasiq və kafir olmaqla günahlandırılan həmin müsəlman topluluğu fasiq və kafir deyilsə, bunu iddia edən şəxs əvvəla tövbə etməli, sonra həmin müsəlman topluluğun hər fərdindən tək-tək halallıq almalıdır. Əks təqdirdə bu davranış o şəxsin axirət həyatını məhv edə bilər. Əlinə hansı dünya mənfəəti keçsə də axirətini məhv edən belə bir şəxs əslində heç nə qazanmış sayılmaz.
Bundan daha təhlükəli və söz sahibini məhvə aparan digər bir xüsus isə kütləvi informasiya vasitələrinin gücündən, sahib olduğu vəzifə, məqam, ictimai nüfuz və digər təsir faktorlarının hamısından istifadə edərək müsəlman bir kütlənin, müsəlman bir topluluğun hədəfə qoyularaq fasiqlik və küfrlə ittiham edilməsidir. Misal üçün, “mən onların imanından şübhə edirəm” deməsidir ki, əgər bu ittihamlarla töhmət altından buraxılan insanlarda fasiqlik, ya da küfr əmarələri yoxdursa, həmin söz sahibinə dönər və onu yaxalayar. Belə ittihamları ortaya atan şəxsin axirətdə bir mömin kimi rəftar görməsi üçün o şəxsin xalis bir şəkildə tövbə etməsi, həmçinin iftira atdığı, zənn altında buraxdığı cəmiyyət ya da topluluğun bütün fərdlərindən tək-tək halallıq alması lazımdır. 
Bu cür böhtanları eşidən və heç bir araşdırma etmədən bunlara inanan insanların varlığını hesaba qatanda bu şər halqasının nə qədər böyüyə biləcəyini göstərir. Yaddan çıxarmaq olmaz ki, öz gözləri ilə görmədikləri, şəxsən şahid olmadıqları halda ortaya atılan iftira və böhtanları özünə vəzifə bilərək qəbul edənlərin, bu şər kampaniyasına qoşulanların günahlarından bir hissə də ilk dəfə bu iftiranı ortaya atanlara gedəcəkdir. Çünki İslama görə, bir işə səbəb olan, o işi görmüş kimidir.
İşin həqiqətini, doğrunu bildikləri halda susan, səssiz qalan, bu cür böhtan və iftiraların yayılmasına imkan və gücləri nisbətində mane olmayan insanlar da bu günahın ortaqlarındandır. Allah Rəsulu (s.ə.s) bir hədisdə belə buyurur: “Sizdən biriniz pis əməl görərsə onu əli ilə düzəltsin! Buna gücü yetməzsə, dili ilə düzəltsin! Buna da gücü yetməzsə, qəlbi ilə o əməlin pis olduğuna inansın (qəlbən o əməldən nifrət eləsin), bu da imanın ən zəif mərtəbəsidir” (Müslim, İman, 78).
Eşitdiyi hər sözə inanan, məsələnin doğru olub olmadığı araşdırmadan müsəlmanlara atılan böhtan və iftiralara inanan insanlar bilmədiklərinə görə məsuliyyətdən uzaq deyillər. Bir insan artıq yalan və böhtana inanır və bu karvana qoşulursa, o da bu günaha ortaq olur.
Digər tərəfdən, bir insanın kafir olduğu ilə bağlı doxsan doqquz əlamət, mömin olduğuna dair isə yalnız bir əlamət varsa, o insanı yenə də “kafir” olaraq adlandırmaq olmaz. Tikanlarla dolu bir ərazidə insanın ayaqyalın gəzməsi nə qədər ağlabatan deyilsə, eynilə bir insanın hər önünə gələnə “kafir” damğası vurması, öz mənsəb və məşrəbindən başqa hərkəsi fasiq və kafir olaraq adlandırması da bir o qədər təhlükəli bir vəziyyətdir.
Nəticə olaraq deyək ki, hər bir müsəlman xüsusilə axirət xoşbəxtliyinə xələl gətirəcək məsələlərdə çox həssas olmalı, insanları mühakimə edəndə məsələnin həqiqətindən xəbərdar olmadan tələsik hökm və nəticələr çıxarmamalı, böhtan və iftira kimi hallardan uzaq durmalıdır. Sonradan minalarla dolu bir əraziyə daxil olduğunu anlayan bir insan atacağı hər bir addıma görə çox diqqətli olduğu kimi, eynilə Allaha (c.c) və əbədi axirət yurdunun varlığına iman edən müsəlmanlar da minalı əraziyə girmiş həmin insan qədər diqqətli olmalıdır. Ancaq belə olan halda partlayışının təsirləri axirətdə hiss ediləcək bu dünya qəbiristanlığından sağ-salamat keçə bilər. Əks təqdirdə Cənab Allahın buyurduğu: “Şübhəsiz ki, möminlər qardaşdırlar” (Hucurat, 49/10) həqiqətini, bir İslam cəmiyyətinin sosial dayaqlarını dağıtmış olar ki, Uca Allah belə bir günahın sahibi olmaqdan hər birimizi qorusun.

Qeyd: Yazının əvvəlinə buradan baxa bilərsiniz...

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top