İslama görə təhlükəli söz və ifadələr – 1


İslamın inanc əsaslarına qəlbən inanan və bunu dili ilə təsdiq edən bir şəxs müsəlmandır və mömindir. Belə bir şəxs inanc əsaslarını inkar etmədiyi müddətcə ona “kafir” demək çox təhlükəli və qadağan edilmiş bir ifadədir. Bu yazıda hər önünə gələnə “kafir” deməyin, insanları dəlilsiz və əsassız olaraq “küfr” və “şirk” sözləri ilə ittiham etmənin təhlükələrindən bəhs etməyə çalışacağıq.
İslam alimlərinə görə, müsəlmanların bir arada, sülh içərisində yaşadıqları qeyri-müsəlman şəxslərə kafir deyilə bilməz. Gözü görməyən kor bir insana, “sən korsan” demək ona həqarət və əziyyət olduğu kimi, müsəlmanların sülh şəraitində yaşadıqları qeyri-müsəlmanlara da kafir demək könül qırmaqdır, münasibətləri pozmaqdır. Həmçinin, əgər söhbət təbliğ və irşaddan gedirsə, bunu qarşıdakı şəxsə bəri başdan bir damğa, ya da etiket vururmuş kimi kafir deməklə həyata keçirmək doğru seçim deyil. Belə olan təqdirdə qarşıdakı şəxslə bəri başdan əlaqələr qoparılmış və bir cəbhə mövqeyinə keçmiş oluruq ki, bu zaman normal danışıq və dialoqdan söhbət gedə bilməz.
Həzrət Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Kim zimmi bir şəxsə (yəni müəyyən şərtlər çərçivəsində İslam torpaqlarında yaşayan qeyri-müsəlman əhaliyə) əziyyət verərsə, onun düşməni olaram” (Əl-Münavi, Feyzul-Qadir, VI/19, hədis no: 8270). Beləcə də Allah Rəsulu (s.ə.s) İslamın insanlara əziyyət verən, insanları təhqir edən bir din olaraq göndərilmədiyini qeyd edir. Dinimiz zimmi, yəni qeyri-müsəlman vətəndaşa əziyyət verməyi, incitməyi yasaqladığı halda, dinin əsaslarından hər hansı birini inkar etməyən bir müsəlmana kafir demək söz sahibi möminin axirət dünyasını təhlükəyə atacaq qədər qorxunc ifadədir. Hətta kafir adlandırılan müsəlman bir şəxs günahkar olsa belə onu bu ifadə ilə damğalamaq doğru deyil.
Bir ayədə belə buyurulmuşdur: “Ey iman gətirənlər! Allaha səmimi qəlblə (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün” (Təhrim, 66/8). Cənab Allah (c.c) bu ayədə günah işləyən bəndələrinə tövsiyyə və nəsihət etdikdə: “Ey iman gətirənlər!” deyə müraciət edir. Bu halda bir mömin necə ola bilər ki, hələ günah işlədiyinə şahid olmadığı bir mömin qardaşına “kafir”, ya da bu mənaya gələn sözlərlə onu itttiham eləsin?!
İslam alimləri insanı küfrə aparan ifadələrlə bağlı bir çox əsər qələmə almışlar. Bu kitablarda insanı küfrə aparan, ancaq o qədər də əhəmiyyət vermədiyimiz elə ifadələr var ki, insan bunları bildikdə sanki minalanmış ərazidə gəzirmiş kimi diqqətli olmanın vacibliyini anlayır. Əks halda, ağızdan çıxan bir söz axirət dünyasında çox ağır nəticələr verə bilər. İslam alimləri bir şəxsin müsəlman qardaşı haqqında birbaşa olmasa da dolayısı ilə küfrə dəlalət edən, küfr qoxan sözlərini belə kafirliklə ittiham kimi qəbul etmişlər. Bu zaman aydın olur ki, mömin bir şəxsi birbaşa və açıq ifadələrlə kafir olmaqla ittiham etmək nə qədər təhlükəli bir davranışdır.

Qeyd: Yazının ardını buradan oxuya bilərsiniz...

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top